Ermənilər cəbhədəki mövqelərinə radarlar yerləşdirirlər

Ermənilər cəbhədəki mövqelərinə radarlar yerləşdirirlər

Ermənistan Ordusu işğal altında saxladığı Azərbaycan ərazilərindəki ön xətt mövqelərinin mühafizəsini portativ yerüstü nəzarət radarlarının və həssas müşahidə sensorlarının hesabına gücləndirir.

"AzeriDefence”nin ermənilərə məxsus sosial şəbəkələrdə yer alan məlumatlar və görüntülər əsasında apardığı araşdırmalara görə, Ermənistan Ordusu cəbhənin daha çox təhlükə ehtimalı olan ərazilərində yerli və Rusiya istehsalı olan radarlar yerləşdirib. Bu radarlar optik qurğuların pis işlədiyi hava şəraitlərində ərazinin fasiləsiz mühafizəsini təmin etməyə imkan verir. Radarlar iriçaplı atıcı silahlarla inteqrasiya olunub.

Estoniyanın "Defendec” şirkətinin istehsalı olan həssas nəzarət sensoru. Ermənistan Müdafiə Nazirliyi ilə "Defendec” şirkəti arasında satınalma müqaviləsi 2019-cu ilin yanvar ayında imzalanıb

Ermənistan həmçinin, 2019-cu ildə mövqelərin və dövlət sərhədindəki keçid ehtimalı olan ərazilərin mühafizəsinin gücləndirilməsi məqsədi ilə Estoniyanın "Defendec” şirkətindən həssas nəzarət sensorları satın alıb.

"Azeri Defence”nin məlumatına görə, Ermənistan 2015-2017-ci illərdə Rusiyadan açıqlanmayan sayda "Fara-PV” portativ radar stansiyalar alıb. Bu radarların nümunələri bir neçə il əvvəl Xankəndində separatçı silahlı rejimin istifadəsində görüntülənib.

"Fara-PV” radarları avtonəqliyyat vasitələrini 6 km, insanı isə 3 km məsafədən aşkarlamağa imkan verir.

Ermənistan Milli Elmlər Akademiyasının Radiofizika və Elektronika İnstitutu tərəfindən hazırlanmış və ilk nümunəsi 2010-cu ildə təqdim edilmiş PDRLS-1M doppler radarı isə kataloq məlumatlarına əsasən insanı 2 km, nəqliyyat vasitələrini isə 3 km məsafədən aşkarlamağı bacarır.

"Ku” dalğa diapazonunda çalışan PDRLS-1M radarının ilk partiyasının 2013-cü ildə silahlanmaya verildiyinə dair məlumatlar mövcuddur.

Qeyd edək ki, 2016-cı ilin aprel ayında cəbhədəki uğursuzluqdan sonra Ermənistan Ordusu cəbhə xəttinə müşahidə kameraları da yerləşdirib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az