“Ermənilər Şuşa yolundakı Ağa körpüsünü rus hərbçilərin gözü önündə partlatdı...”

“Ermənilər Şuşa yolundakı Ağa körpüsünü  rus hərbçilərin gözü önündə partlatdı...”
 
"Postdakı  rus zabitlərdən birinə pul veriblər ki, azərbaycanlının "KamAZ”-ını  yoxlayanda altına partlayıcı qoy...”

"O zaman guya Qarabağda əmin-amanlığı təmin etməli sovet-rus hərbi komandanlığı isə bu hadisələrdən heç biri ilə maraqlanmadı da..."

"44 günlük savaşdakı şanlı uğurumuzdan bəri, deyirik ki, Qarabağda, Laçın "dəhlizi”ndə, yəni Azərbaycan torpaqlarında yerləşmiş Rusiya hərbçilərinin statuslarından kənar davranışlarına, separatçı , terrorçu ermənilərlə qol-boyun olmalarına, onların öz xuntalarını qoruyub-saxlamalarına dəstək vermələrinə səbirli, təmkinli yanaşaq. Amma inanın ki, alınmır. Xüsusən biz, keçmiş döyüşçülər, qazilər üçün bu, daha çətindir. Çünki... Atalar deyir, ilan vuran ala çatıdan da qorxar. Biz 1988-1992-ci illərdə, sovet-rus hərbçilərindən gördüyümüzü görmüşük.  Bir dəfə də saytınıza açıqlamamda demişəm, bu rus hərbçilər belədir ki, bunlara yarım litr tut arağı ver, maşınına da bir erməni axçiyi qoy, min boynuna, gəz, hara sürsən, gedəcəklər. Onların 1-ci Qarabağ müharibəsinin hələ bilavasitə silahlı qarşıdurmaya  keçməmiş ilkin mərhələsində Azərbaycana qarşı terror aktları törədən ermənilərə dəstək olmalarının biz canlı şahidi olmuşuq...”
 

Moderator.az-a açıqlamasında bu fikirləri dilə gətirən tanınmış Qarabağ qazisi, istefada olan polkovnik Azay Kərimov 1-ci Qarabağ müharibəsi illərində şahidi olduğu bir neçə terror  aktından da bəhs edib.
"Səhv etmirəmsə, 1989-cu ildə Xankəndi yaxınlığından keçən Ağdam-Xocalı-Şuşa yolundakı Ağa körpüsü düz rus hərbçilərin gözünün qarşısında ermənilər tərəfindən partladıldı. Sual olunur ki, ermənilər  düz həmin körpünün üstündə postları olan rus hərbçilərin gözündən yayınıb partlayıcını oraya necə qoyub... Deməli,  bu olay ya əyyaşlığın nəticəsi olan səhlənkarlıq, ya da ermənilərin etdiklərinə göz yummaq, onlara şərait yaratmaq nəticəsində baş verib...  

Belə misalların sayı-hesabı yoxdur. Bilmirsən, hansını deyəsən. Məsələn, təxminən 1990-cı ildə...  "KamAZ” sürücüsü vardı, adı yadımdan çıxıb - şuşalılar yaxşı tanıyar. O, maşınıyla gəlib Ağa körüpüsündən keçəndə sovet hərbçiləri qaydaya görə avtomobilinin altını-üstünü  yoxlayıb.  Körpüdən Şuşa istiqamətində təxminən 5 km getdikdən sonra həmin "KamAZ” partlamışdı. O boyda maşın parça-parça olmuş, şuşalı sürücünün də tikəsi də ələ gəlməmişdi... Sonradan məlum oldu ki, ermənilər Ağa körpüsündə dayanan rus hərbçi zabitlərdən birinə pul veriblər ki, azərbaycanlıların yük maşınlarını yoxlayanda altına partlayıcı qoy. Həmin şərəfsiz hərbçi də o rəhmətlik şuşalının "KamAZ”-ına saat mexanizmli partlayıcı yerləşdirib...  
O zaman guya Qarabağda əmin-amanlığı təmin etməli  sovet-rus hərbi komandanlığı isə bu hadisələrdən heç biri ilə maraqlanmadı da. Bizimkilər müvafiq cinayət işi qaldırsalar da, heç bir nəticə olmadı... 

Bütün bunları görəndə ataların "İtlə dost ol, amma çomağı əlindən  yerə qoyma” məsəli yada düşür...” –deyə keçmiş döyüşçü polkovnik fikrini tamamlayıb.

Qısa xatırlatma:
Ağa körpüsü Xocalı rayonu ərazisində, Xankəndi şəhə­rindən 1 km cənubda, Xocalı-Şuşa avtomobil yolu üstündə, Qarqar çayı üzərində tikilmişdir. Körpü Ağa adlı şəxsin adı ilə əlaqədardır. Azğınlaşmış ermənilər Şuşa ilə əlaqə yaradan bu körpünü dəfələrlə partlatmış və dağıtmışdılar. Yerli məlumata görə, Ağa körpüsü Qarabağın varlı adamlarından olmuş, böyük mülk sahibi Məhəmməd ağanın adı ilə bağlıdır...

("Müqəddəs yurd: Xocalı” adlı kitabdan)


Sultan Laçın



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az