"Mən Ermənistanın baş naziri seçildikdə Qarabağ məsələsinin nizamlanması məsələsi üzrə danışıqlar prosesi ilə bağlı bir sənədlə tanış olmaq imkanı qazandım. Burada Dağlıq Qarabağın statusu barədə bir kəlmə də yox idi...”.

Miq.az-ın məlumatına görə, musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxış edərkən deyib. Paşinyan həmin cümləni parlamentin Xarici əlaqələr üzrə komissiyasının sədri Armen Aşotyanın suallarını cavablandırarkən işlədib.

Armen Aşotyan Nikol Paşinyanın avqustun 17-də, İrəvanın mərkəzində keçirdiyi mitinqdə "keçmiş hakimiyyəti Azərbaycana ərazi güzəştləri etmək niyyətində olduğu barədə” ittihamlarını xatırladaraq ondan bununla bağlı sənəd gətirməsini tələb edib.

Baş nazir isə həmin sənəddə "Azərbaycana ərazilərin geri qaytarılmasının zəruri olduğunun” vurğulandığını bildirir. "Mən sizin iqtidarınızın bu variantı imzaladığını və ya qəbul etdiyini demirəm. Sadəcə demək istəyirəm ki, danışıqlar masasının üstünə qoyulan son sənəddə bunlar əks olunub. Mən həmişə bildirmişəm və indi də bəyan edrəm ki, Dağlıq Qarabağın statusu həll olunmayana qədər məsələnin həlli mümkün deyil”, - Paşinyan cavab verib.

Aşotyan isə qəti surətdə bu iddia ilə razılaşmadığını söyləyib. Onun sözlərinə görə, əgər Ermənistan (daha doğrusu, Serj Sərkisyan) danışıqlar prosesində bəhs edilən sənədi imzalamaq və güzəştə getmək niyyətində olsaydı, o zaman Azərbaycan nə üçün heç bir halda bununla razılaşmayıb...

Paşinyan isə lazım bildiyi anda sənədi dərc edəcəyini söyləməklə kifayətlənib. "Mən qorxuram ki, əsl həqiqəti eşitdikdən sonra siz psixoloqun yanına getməli olacaqsınız”, - erməni baş nazir Aşotyana söz atıb.