Əsirlikdə olan Dilqəm Əsgərovun ailəsinə dövlətin ayırdığı bir milyon beş yüz min manat niyə verilmir? -MÜRACİƏT

Əsirlikdə olan Dilqəm Əsgərovun ailəsinə dövlətin ayırdığı bir milyon beş yüz min manat niyə verilmir? -MÜRACİƏT

Erməni əsirliyində olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov ailəsinə qarşı edilən haqsızlıqla bağlı ölkə prezidenti İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya və Azərbaycan xalqına müraciət edib. 

Miq.az saytına açıqlamasında  Kürdoğlu Əsgərov bildirdi ki, düşməni özümüzə güldürməmək üçün heç zaman bu problemi ictimailəşdirməmişəm. 

Kürdoğlu Əsgərov redaksiyamıza açıqlamasında onu da bildirdi ki, vəkili Əziz Qənbərovun vasitəsi ilə VƏKİL TV youtube kanalında da bu mövzuda müraciət edib. 

Miq.Az sözügedən müraciəti olduğu kimi təqdim edir:

"Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım, hörmətli məni dinləyən Azərbaycan xalqı!

Mən Kürdoğlu Dilqəm oğlu Əsgərov Sizlərə müraciət etmək istəyirəm. İlk öncə qeyd edim ki, mən atamın hazırkı vəziyyətindən çox narahatam. Çoxdandır ki, atamdan xəbər ala bilmirəm. Cənab prezidentimiz, Mehriban xanım və xalqımız atamın tezliklə azad olunması üçün mən bilirəm ki, əllərindən gələni edirlər. Lakin erməni xisləti xalqımıza qarşı hər zaman düşmən mövqeyində olmuşdur. Bizim imkanımız daxilində olmayan məsələ olduğundan əminəm.

Ancaq məni narahat edən məqam ondan ibarət olmuşdur ki, bizim ailəmizin və qohumların Azərbaycanda da hüquqları bəzi məmurlar tərəfindən ciddi şəkildə pozulmaqdadır. Belə ki, atam 2001-2002-ci illərdə ailəmizin dolanışığı üçün Şəmkir və Daşkəsən rayon ərazisində Bələdiyyə mülkiyyətində olan 35 hektara yaxın bağ sahəsini uzun müddətə (15 illik) icarəyə götürmüşdür. İcarə müqaviləsi hal hazırda mənim əlimdədir. 

Şəmkir rayon ərazisində tikilən Seyfəli dəryaçası adlanan su anbarı bizim istifadəmizdə olan bağ sahəsinin ərazisinə də düşmüşdür. Həmin sahədə 70 ədəd Qoz ağacı, 692 ədəd isə digər meyvə ağacları suyun altında qalmışdır. Mütəxəssislərin hesablamalarına görə bizə dəyən zərərin miqdarı 1549860 (Bir milyon beş yüz qırx doqquz min səkkiz yüz altmış) manatdır. Lakin bu məbləğ dövlət büdcəsindən ayrılsa da, həmin vəsait bizə ödənilməmişdir. Atam əsir düşməzdən əvvəl bu məsələlər həll edilmə mərhələsində idi. Atama söz vermişdirlər ki, tezliklə sənin pulunu ödəyəcəyik. Lakin atam əsir düşəndən sonra başımız o işlərə qarışdı ki, atamı əsirlikdən azad edək. Lakin atam özü də dəfələrlə mənə yazdığı məktubda torpaq məsələsinin nə yerdə olduğunu və bununla bağlı aidiyyəti qrumlara müraciət etməyimi tövsiyyə etmişdir. 

Lakin mən bu məsələni ictimailəşdirmək istəmirdim ki, düşmənimiz olan erməni bundan istifadə etməsin. Ancaq dövlət başçımız, cənab İlham Əliyev son müşavirəsində çıxış edərək bildirdi ki, dövət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə istifadə etməməsi ilə bağlı Su Təsərüffatına da ciddi iradlar bildirdi. Və cənab Prezident də hər zaman bu cür məsələlərin ictimailəşdirilməsini xalqdan tələb etmişdir. Mən də ona görə bu müraciətlə cənab Prezidentə, 1-ci Vitse prezidentimizə müraciət edirəm ki, erməni dəyirmanına su tökən məmurlar bizim haqqımızı yemişdirlər. Xahiş edirəm ki, ciddi tədbir görərərək bizim ailəyə ayrılmış kompensasiyanı mənimsəmiş məmurlardan həmin vəsaiti alaraq bizim ailəmizə verilməsinə köməklik göstərəsiniz.

Əvvəlcədən minnətdarlığımı bildirirəm."
 
Bir daha xatırladırıq ki,  2014 cü ilin iyun ayının 11 də  Dilqəm Əsgərov, Şahbaz Quliyev və  Həsən Həsənov yaxınlarının məzarını ziyarət etmək üçün Azərbaycanın işğal altında olan Kəlbəcər rayonuna gediblər. Həmin gün Şaplar kəndində Ermənistan silahlı qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyev girov götürülüb. Həsən Həsənov isə güllələnərək öldürülüb.
 
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az