Fazil Mustafa təhlükəsi: Təxribatçı deputatın mandatı hansı məqsədə xidmət edir?

Fazil Mustafa təhlükəsi: Təxribatçı deputatın mandatı hansı məqsədə xidmət edir?

"Axmaqlıq ehtiyac içində olmaqdan daha betərdir”.


Milli Məclisin deputatı Fazil Mustafanın şiələrə qarşı sərt çıxışları fonunda Həzrət Əlinin bu kəlamı yada düşür. Fazil Mustafa qanunverici orqanın üzvüdür və məlumdur ki, onun maddi ehtiyacı yoxdur. Lakin deputatın səsləndirdiyi fikirlər, tutduğu mövqe onun yumşaq desək bir qədər düşünməyə ehtiyacı var.

Fazil Mustafa düşünməlidir ki, əhalisinin əksəriyyəti şiə inancına mənsub olan Azərbaycan dünya üçün nümunəvi olan tolerant ölkədir, bu məmləkətdə bütün dinlərə, inanclara hörmət göstərilir, o cümlədən haqqında danışılan deputatın da inancına. Lakin qanunverici orqanda təmsil olunmaq və deputatlıq toxunulmazlığını cibində daşımaq Fazil Mustafaya ölkənin əksər kəsiminin inancına dil uzatmağa icazə vermir.

Fazil Mustafa düşünməlidir ki, onun işi siyasətdir və hazırki mandatı seçildiyi bölgədə əhalinin daha yaxşı yaşamasını təmin etməyə köməklik göstərmək, problemləri qanunverici orqanda qaldıraraq, həllinə çalışmaqdır. Lakin onun seçildiyi bölgədə vətəndaşların üzləşdiyi problemlər, yaşayış səviyyəsi bu deputatın nə ilə məşğul olduğunu bir daha sübut edir.

Belə demək mümkünsə, bu gün cibində deputat mandatı daşıyan Fazil Mustafanın əsas işi dini zəmində aranı qarışdırmaqdır... Gah başqalarının inancını təftiş edir, gah özünü "din üzrə mütəxəssis” kimi aparır.

Fazil Mustafa niyə belə edir?

Bu sual üzərində düşünəndə indiyə qədər mətbuatda yayılmış bir çox iddialar yada düşür.

1. Fazil Mustafa gündəmdə qalmaq istəyir. Maraqlıdır, Böyük Quruluş adlı partiyaya sədrlik edən Fazil Mustafa gündəmdə qalmaq istəyirsə, bunu siyasətlə etməlidir. Lakin bir özündən, bir neçə köməkçisindən ibarət partiyası ilə heç nə edə bilməyən bu, bu "ideoloq" başqalarının inancına dil uzatmaqla fərqli yol tutub.

2. Vaxtilə çoxlu mütaliələr edən Fazil Mustafa oxuduqlarından sonra nurçuların, başqa iddialara görə isə vəhhabilərin təsir dairəsinə düşüb.

Azərbaycanda əhalinin əksər kəsiminin inancını hədəfə alması da buradan qaynaqlanır. (Təbii ki, bu bizim yox, mətbuatda yayılmış başqalarının iddialarıdır). Vaxtilə deputat mollanın "Azərbaycanda bir məktəb belə açmayan şərəfsizlər heç olmasa nurçunun məktəb açdığını görüb utanmalıdır” deməsi də unudulmayıb.

Lakin cibindəki mandatın funksiyasından kənara çıxan, daha doğrusu, ümumiyyətlə bu mandata uyğun heç nə etməyən Fazil Mustafanın canfəşanlıq etməsi bu iddialar fonunda diqqət çəkir.

Bütün dinlərə, inanclara hörmətlə yanaşan Azərbaycan əhalisi Allaha və onun peyğəmbəri Məhəmmədə (s), o cümlədən, Əhli-Beytə inanır. Və inanclı Azərbaycan əhalisi üçün Həzrəti Əli, İmam Hüseyn kimi adlar toxunulmazdır. Təbii ki, Fazil Mustafanın əhalinin əksər kəsiminin inancına dil uzatması narahatlıq yaradır. Lakin deputatın fəaliyyəti təkcə narahatlıq yaratmaqla yekunlaşmır, o, daha da irəli gedərək, ölkədə məzhəb qarşıdurmasına, dini təfriqəçiliyə səbəb olur.

İnancına görə, başqalarını şərəfsiz adlandırmaq Azərbaycan Milli Məclis deputatına yaraşan hərəkət deyil. Hansı ki, bu gün Fazil Mustafa bunu edir. Əhli-Beyt əhlini "siğədən doğulanlar”, "şərəfsizlər”, "əxlaqsızlar” adlandırır.

Azərbaycan dövləti və xalqı çox humanistdir. Xalqı bu ağır ifadələrlə təhqir edən bir şəxsin qanunverici orqanda milləti təmsil etməsinə göz yumulması da əslində humanistlikdən irəli gəlir. Buna başqa ad tapmaq mümkün deyil. Lakin fikrimizcə, Azərbaycan xalqının inancını aşağılayan, Azərbaycan dövlətinin tarixinə dil uzadan bu şəxsin deputat mandatı daşımağa haqqı yoxdur. Ümid edirik ki, müvafiq orqanlar bütün bunları görür və nəzərə alacaq.

Ərşad Əhədzadə

 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az