Fazil Mustafadan SOCAR-ı müdafiə edən AÇIQLAMA-Böyük pullar...

Fazil Mustafadan SOCAR-ı müdafiə edən AÇIQLAMA-Böyük pullar...

"O estakadaları dəyişmək böyük pullar tələb edir”

"Güclü küləyin illərlə fırtınalara tab gətirmiş estakadanı dağıda bilməsi heç kimin ağlına gəlməzdi”.

Bu gün səhər saat 5 radələrində Xəzər dənizində "Azneft” İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsində baş verən qəzada daha 10 nəfər neftçinin taleyinə qaranlıq çökdü. Ötən il baş verən və 30-dan çox neftçinin öldüyü qəzanın bir ilinin tamamından az keçməmiş daha 10 neftçi ailəsinə od düşdü. Və görünür, bu, elə belə də davam edəcək.
 
Bəs, SOCAR-ın tabeliyində olan bütün bu platformalarda baş verən qəzaların məsuliyyətini kimlər daşıyır? Qəzalı olan və ölkədə ən kiçik hava hadisəsindən sonra uçub dağılan bu platformalarda işləyən neftçilərin həyatlarına kim cavabdehdir?

Mətbuat və sosial şəbəkələrin sərt tənqidləri ilə üzləşən SOCAR rəhbərliyi Fazil Mustafanın açıqlamasında müdafiə olunan kimi görünür. 

Miq.Az-ın məlumatına görə, BakiPost.az-a açıqlamasında millət vəkili Fazil Mustafa Xəzərdə bu gün baş verən faciəyə münasibət bildirərkən deyib ki, hadisəyə səbəb təbii şəraitdir: "Çox sərt küləyin nəticəsində estakada sıradan çıxıb. Neçə illərin estakadasıdır. O estakadaları da dəyişmək, yeniləmək özü böyük bir məsrəf tələb edən məsələdir. Çox güman ki, bundan sonrakı mərhələdə modernləşməyə başlanılacaq. Ümid edək ki, indi itkin düşənlərin tapılması tezləşəcək. Bu istiqamətdə müvafiq dövlət qurumları eyni zamanda SOCAR tədbirlər görəcək”.

Deputat bildirib ki, təbii hadisələr zamanı baş verən hadisələrin qarşısını almaq müəyyən problemlər yaradır: "Məsələn, gəmi harasa toxunub nəisə baş verəndə, yaxud texniki təhlükəsizlik səbəbindən hadisə olanda onları başa düşmək olur. Amma bu qədər sərt havada, xüsusilə də küləyin sürətinin bu qədər güclü olması müəyyən dərəcədə proqnozlaşdırılması çətin olan məsələdir. Fırtına zamanı iş şəraitində hadisə baş verəndə bu, tamamilə texniki təhlükəsizliyə əməl etməmək kimi qiymətləndirilə bilərdi. Amma neftçilərin istirahət etdiyi saatlarda hadisənin baş verməsi qəza kimi qiymətləndirilə bilər. Çünki heç kim gözləməzdi ki, güclü külək illərdir güclü fırtınalara dözən estakadanı dağıtsın”.
 
Fazil Mustafanın sözlərinə görə, məsələ ilə bağlı müvafiq tədbirlər görüləcək: "Hadisə dövlət qurumları tərəfindən daha dəqiq araşdırılacaq və qiymət veriləcək. Bundan sonra ümumiyyətlə dənizdə bu cür şəraitdə çalışan neftçilərin həyati təhlükəsizliyi üçün müəyyən addımların atılması istiqamətində tədbirlər görüləcək”.

Miq.Az

loading...