Fazil Mustafanın Azərbaycanda məzhəb savaşı yaratmaq PLANI

Fazil Mustafanın Azərbaycanda məzhəb savaşı yaratmaq PLANI

Müqəddəs Ramazan ayında Milli Məclisin üzvü, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Azərbaycan əhalisinin mütləq əksəriyyətinin dini inancını aşağılayan fikirlərlə yenidən gündəmə gəldi. F.Mustafa indiyə qədər bu səpkili fikirləri ilə zaman-zaman gündəmə gəldiyi üçün iddiaları çox da təəccüblü deyil.

Fazil Mustafa öz ixtisası olan hüquq üzrə kifayət qədər savadlı şəxslərdəndir. Belə olmasaydı, vaxtilə Əbülfəz Elçibəy Prezident Aparatında (indi Prezident Administrasiyası) hüquq sektorunda yüksək vəzifəni ona həvalə etməzdi. Bura qədər məlumdur və heç kim Fazil Mustafanın savadına şübhə etmir. Lakin onun hansısa sahə üzrə savadlı olması, yaxud deputat kürsüsündə əyləşməsi xalqın dini inancını təhqir etmək haqqı vermir.

Azərbaycanda əhalinin 90 faizdən çoxu Əhli-Beyt əhli sayılır. Yerdə qalan kəsim sünni, yaxud digər məzhəblərə bağlıdır. Lakin ölkədə bütün məzhəblər arasında dini vəhdət mövcuddur. Azərbaycan müsəlman coğrafiyasında çox az ölkələrdəndir ki, sünni və şiələr birlikdə vəhdət namazı qılırlar.

Bütün bunlar dünyada Azərbaycanın tolerant ölkə nümunəsi olaraq tanınması ilə nəticələnib. Prezident İlham Əliyev də dəfələrlə inanclı şəxslərlə görüşündə Azərbaycandakı tolerant mühitdən bəhs edib. Dövlət başçısı ölkədə məzhəb qarşıdurması ehtimalının sıfıra bərabər olduğunu, dini azadlığın dövlət tərəfindən müdafiə edildiyini vurğulayıb. Bu gün Qafqaz Müsəlmanları İdarəsi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini maarifləndirmə ilə bağlı mühüm layihələr həyata keçirir.

Bütün bunların fonunda Fazil Mustafanın xalqın əksər kəsiminin inancını təhqir etməsi, insanların inanclarına görə mühakimə etməsi və xurafatçı damğası vurması nə onun təmsil olunduğu qanunverici orqanın missiyasına, nə də Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət tərəfindən aparılan tolerantlıq siyasətinə uyğun gəlmir.

Prezident İlham Əliyev deyir: "Biz müqəddəs dinimizə – İslam dinimizə sadiq olan xalqıq. Biz İslam dəyərlərini dünyada təbliğ etməliyik. Bu məqsədlə Azərbaycan çox böyük işlər görür – həm Azərbaycan dindarları, həm Azərbaycan dövləti. Biz öz dinimizi həm təbliğ etməliyik, həm də əsassız hücumlardan qorumalıyıq”.

Fazil Mustafa isə Azərbaycan xalqının dini inancını aşağılayır.

Azərbaycan dövləti İslamı məzhəb səviyyəsinə endirmir, əksinə bütün dünyaya siyasiləşməmiş İslam həmrəyliyi mesajını verir. Azərbaycan yeni müstəqil olanda ölkədə cəmi 17 məscid fəaliyyət göstərirdi, amma bu gün onların sayı 1800-dən çoxdur. İslam dininin iki əsas bayramı – Qurban və Ramazan bayramları dövlət səviyyəsində qeyd olunur. Hər iki bayramda Prezident şəxsən müsəlmanları təbrik edir. Bu, dövlətin din siyasəti və xalqın inancına sayğısından qaynaqlanır.

Azərbaycanda dövlət başçısının sərəncamı ilə 2016-cı il "Multikulturalizm İli”, 2017-ci il isə "İslam Həmrəyliyi İli” elan edilib. Bütün bunlar ölkəmizdəki sağlam dini mühitin nümunəsidir.

Fazil Mustafanın səsləndirdiyi fikirlərsə faktiki olaraq, ölkədə məzhəb qarşıdurmasını alovlandırmağa hesablanıb. Kimsə Fazil Mustafanın dini inancına qarşı çıxmır. Hərçənd, onun işi siyasətlə məşğul olmaq, seçildiyi bölgənin problemləri ilə maraqlanmaqdır. Lakin onun əlinə qılınc alıb inanclı kəsimin üzərinə yeriməsi nə dərəcədə doğru və nə dərəcədə təsadüfdür?!

Fazil Mustafanın bu hücumu səbəblər haqqında da düşünməyi vadar edir. Çünki bu şəxs vaxtilə şiə məzhəbinin müdafiəçisi olaraq çıxış edirdi və birdən-birə bu qədər sərt dönüş edərək, əhalinin əksər kəsiminin inancına qarşı çıxması və məzhəb qarşıdurması yaradacaq səviyyədə fikirlər səsləndirməsi suallar yaradır. Fazil Mustafa niyə U dönüşü etdi?

Burada F. Mustafanın nurçular və vəhhabilərin təsirində olması haqda məlumatlar göz önünə gəlir. F. Mustafa uzun müddət Türkiyədə yaşayıb və nurçuların təsirinə də həmin vaxt düşüb. Onun nurçuluqla bağlı kitablar yazması da təsadüfi deyil.

Türkiyədə çevrilişə cəhd edən FETÖ terror təşkilatını müdafiə edən F.Mustafa vaxtilə nurçuları tənqid edənləri "şərəfsiz” adlandırmışdı.

Görünür, F.Mustafa Azərbaycanda məzhəb qarşıdurması yaratmaq sifarişini də məhz FETÖ-dən alıb və prosesin arxasında dövlətimizə qarşı daha təhlükəli plan yatır.

Çünki F. Mustafa bu hücumları ilə ilk növbədə Azərbaycandakı tolerant mühitə, dinlərin vəhdətinə zərbə vurur. Bununla yanaşı, o, əhalinin əksər kəsiminin inancını tapdalamaqla ölkədə məzhəb qarşıdurmasına səbəb ola biləcək toxumlar əkir. Məhz bu amillər Azərbaycan dövlətçiliyinin əleyhinə olan faktorlardır.

Məsələ ilkin baxışda sadə görünə bilər, lakin Yaxın Şərqdəki hadisələrin başlanma nöqtəsinə baxdıqda, Fazil Mustafanın da eyni ssenarini Azərbaycana gətirmək istədiyi görünür. Çünki Suriyada da proseslər məhz məzhəblər üzərində çıxışlar və qarşıdurma ilə başlandı. Azərbaycanda indiyə qədər heç vaxt məzhəb qarşıdurması yaşanmayıb və dövlət məhz belə bir təhlükənin yaranmaması üçün dinlərin vəhdətinin formalaşması üçün əlindən gələni edib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dinlərin və məzhəblərin qardaşlaşması siyasəti davam edir. Bütün bunların fonunda Milli Məclisdə milləti təmsil edən bir deputatın məzhəb qarşıdurması yaradacaq fikirlər səsləndirməsi dövlətin təməllərini sarsıtmaq cəhdidir. Bu, nə Azərbaycan dövlətinin prinsiplərinə, nə də Milli Məclisdə əyləşən bir deputatın missiyasına uyğun deyil. Normal cəmiyyətlərdə Fazil Mustafa kimilər Milli Məclisdə yox, həbsxanada oturmalıdır. Azərbaycan Cinayət Məcəlləsində məzhəb qarşıdurması yaradanların məsuliyyətə cəlb edilməsi ilə bağlı konkret maddə də mövcuddur. Təəssüf ki, F. Mustafa qanun qarşısında cavab vermək əvəzinə hələ də parlamentdə əyləşib. Ümid edirik ki, heç olmasa tarix Fazil Mustafanın cəzasını özü verəcək.


Sabir Əhədli


Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az