Fəhlə: “6-cı mərtəbə” şirkəti maaşımızı ödəmir, bizi xəbərsiz işdən çıxarıb

Fəhlə: “6-cı mərtəbə” şirkəti maaşımızı ödəmir, bizi xəbərsiz işdən çıxarıb
"Bizə 18 manata imza atdırıb, 40-50 manatlıq iş gördürürdülər”

"6-cı mərtəbə” şirkətinin 10-a yaxın əməkdaşı karantin dövründə işdən çıxarıldığını deyir.

Meydan TV-yə danışan həmin şikayətçilərin sözlərinə görə, şirkət "Şərq bazarı”nda təmirlə məşğul olub.

"Mən oktyabr ayında şirkətdə fəhlə kimi işə düzəlmişəm. Bizimlə müqavilə bağlandı, fəhlə kimi gündəlik 18-20 manat ödəniləcəyi bildirildi. Bizə demişdilər ki, 540-550 manat maaş ödəniləcək. Amma heç 350 manat vermədilər. Ağır şəraitdə işlədiyimizdən pulun artırılmasını tələb etdik, buna görə də 3 aydan sonra xəbərdarlıqsız işdən çıxarıldıq”,-şikayətçilərdən biri deyib.

Şikayətçilər hələlik adlarının açıqlanmasını istəmirlər. Çünki iş tapmaqda çətinlik çəkirlər, deyirlər ki, işlədikləri şirkətdə haqsızlığa etiraz edənləri digər qurumlar fəhlə kimi də olsa, işə götürmək istəmirlər: "Biz işdən çıxandan sonra dedilər ki, şirkətlə müqavilənin bir nüsxəsi də sizə verilməli idi. Fəhlələr, ustalar müqaviləni oxumurlar, əslində, oxusaq da, nə yazıldığını çox da bilmirik. Bizə 18 manata imza atdırıb, 40-50 manatlıq iş gördürürdülər. Sonradan dedilər ki, müqavilənin vaxtı bitib. Bizə əvvəlcədən xəbərdarlıq etmədilər ki, vaxtında özümüzə iş axtaraq. Heç neçə aylıq müqavilə bağlanıldığını da bilmədik. Bizim tələbimiz işlədiyimizin müqabilində pulumuzun ödənilməsidir. Maaşlarımız da qalıb, ödənilməyib. Beton tökülüb, biz dağıtmışıq, yük daşımışıq, mala işləri eləmişik. İndi bizi qəbul edib dərdimizi dinləmirlər, mühafizəçilər yaxına buraxmırlar”.

Şikayətçilərin sözlərinə görə, onlar müdir kimi Atəş adlı şəxsi tanıyıblar.

İşçilər məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyinə müraciət ediblər.

"6-cı mərtəbə” şirkətinin rəsmi səhifəsində şirkətin 1994-cü ildə yaradıldığı, Bakı və Sumqayıtda bir çox layihənin reallaşmasında iştirak etdiyi qeyd edilib. Şirkət memarlıq və tikinti layihələndirilməsi, interyer və eksteryerlərin dizaynı və layihələndirilməsi, tikinti, bərpa, rekonstruksiya, təmir işləri həyata keçirir. Şirkətə məxsus istehsalat sahələri- daş və dəmir sexləri, mebel fabriki var. Şirkətin tabeliyinə xaricdən gətirilən eksklüziv oboy, keramika və santexnika materiallarının satışını təşkil edən salonlar, qapı və pəncərə sexi də var. Şirkət həmçinin beton istehsalı ilə də məşğul olur. O bir neçə dövlət müəssisəsində, o cümlədən 2014-cü ildə Dövlət Təhlükəsizlik Xidmətində təmir-tikinti işləri aparıb.

Meydan TV "6-cı mərtəbə” şirkəti ilə əlaqə saxlayıb. Operator əvvəlcə jurnalisti şirkətin Elvin adlı əməkdaşına yönləndirib. Sualları dinləyən həmin şəxs deyib:

"Mən təchizatçıyam, bu işlərə girişmirəm, amma bilirəm ki, o fəhlələr ədalətsizlik edirlər. Yəqin bilirsiz o "Şərq bazarı”nı kimlər tikir? Bilmirsizsə deyim, elə adamlardır ki, necə lazımdır bu söhbəti bağlayar, üstünə də daş qoyarlar. Şikayət edəndə də bilsinlər hardan edirlər. Belə şikayət edən şərəfsiz adamlar gəlib müqavilə bağlayırlar. İstəyirlər ki, "kaska”sından tutmuş tumanlarına qədər verək. Sonra da 2-3 gün işləyib gedirlər başqa yerdə burunlarının suyunu axıtmağa. Biz də məcburuq işə gəlməyən həmin adamları işdən çıxaraq. Qanun var də, adam işə gəlmədisə, çıxarmaq lazımdır. O fəhlələrin adını çəkdiyi Atəş müəllim bizim prezidentimizdir. Fəhlələr onu görüb ki, şikayət də edirlər?”

Dövlət Əmək Müfəttişliyi
Mənbə: Azərtac

Elvin adlı şəxs sonradan bu məsələyə münasibət bildirmək səlahiyyətində olmadığını deyib və rəhbərliyin Meydan TV əməkdaşı ilə əlaqə saxlayacağını vəd edərək dəstəyi asıb.

Nərimanov Rayon İcra Hakimiyyətindən isə deyiblər ki, "Şərq” bazarında təmir aparan şirkətdə baş verənlərlə, o cümlədən göstərilən iddialarla bağlı münasibət bildirə bilməzlər. Bazarda təmir-bərpa aparan şirkətlərin seçimi, tender və istifadəyə verilməsi ilə bağlı sualların isə cavablandırılması üçün rəhbərlikdən icazənin lazım olduğunu bildiriblər.

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov hələ 2018-ci ildə yerli mətbuata açıqlamasında bazarın yerləşdiyi tikilinin tarixi əhəmiyyətə malik olduğunu və tam sökülməyəcəyini bildirib: "Bazarın içərisindəki konsuriksiyalar bərbad vəziyyətə salınıb. Bazarın içərisində hərə bir arakəsmə, taxta ilə özünə bir obyekt düzəltmişdi. İndi həmin artıq şeylərin hamısı söküləcək. Ora gözəl bir tarixi memarlıq əsəri kimi başqa bir təyinatla istifadə olunacaq".

RİH başçısının birinci müavini əlavə edib ki, hazırda "Şərq bazırı"nın daxilində təmir işləri aparılır: "Binanın əhatəsi bağlanıb və təxminən 6 aydan sonra "Şərq bazarı"nda işlər yekunlaşacaq. Təmir bitəndən sonra ətrafı gül-çiçəkli olan memarlıq abidəsi görünəcək”.

Həmin ərəfədə bazarın əl dəyişdiyi də qeyd edilirdi.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən Meydan TV-yə deyilib ki, şikayət qurumun Bakı Şəhər İdarəsi tərəfindən araşdırılır: "Hazırda proses davam edir. Yekunlaşanda vətəndaşa müvafiq qaydada cavab göndəriləcək”.
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az