Flora xanım Kərimovanın ÖZÜ, SÖZÜ və bişirdiyi mürəbbələr

Flora xanım Kərimovanın ÖZÜ, SÖZÜ və bişirdiyi mürəbbələr

Tanınmış jurnalist Əlisəfdər Hüseynov özünün şəxsi feysbuk səhifəsində Flora Kərimova ilə bağlı maraqlı status yazıb. Statusun maraqlı olduğunu nəzərə alıb, Miq.az-ın oxucularına təqdim edirik:

"Gözəl müğənnimiz Flora xanım Kərimovanın qızğın vətənpərvərliyi, millətsevərliyi hamıya məlumdur. Bəlkə elə bu xüsusiyyətlərinə görə 1993- cü ilin qışında - cəbhədə qızğın döyüşlər getdiyi bir vaxtda işlədiyim "Azərbaycan ordusu" qəzeti üçün Flora xanımdan müsahibə almaq, onu əsgərlərimizlə qiyabi də olsa görüşdürmək fikrinə düşdüm. Flora xanıma telefon açdım, dərhal razılıq verdi və ertəsi gün onun mənzilində görüşdük. Çox geniş və səmimi söhbət etdik, Fllora xanım maraqlı fikirlər söylədi və bir az irəli gedib deyim ki,  yazı qəzetdə dərc olunduqdan az sonra Müdafiə nazirinin tərbiyə işləri üzrə müavini redaksiyaya gəlib bu müsahibəyə görə mənə təşəkkür elan etdi.
     
Mən Flora xanımın bu qədər səmimi, sadə, mehriban qadın olduğunu, düzü,  təsəvvür etmirdim. Söhbət vaxtı onun daxildən gələn aristokratlığı, yüksək mədəniyyəti, səmimiyyəti və intellektual səviyyəsi, nə gizlədim, az da olsa məni şoka salmışdı. Söhbəti bitirib sağollaşmaq istəyəndə Flora xanım dedi:
   
- Bilirəm ki, işiniz çoxdur, redaksiyaya tələsirsən. Səhərdən söhbət etməkdən ikimizin də boğazı quruyub. Gəlin bir stəkan çay içək, sonra get  və  reaksiyamı gözləmədən məni sol tərəfdəki otağa dəvət etdi.
     
Flora xanımın dəvətindən imtina eləmək ədəbsizlik olardı. Ona görə də etiraz etmədim. Otağa keçdik, üstünə ağ süfrə salınmış masanın arxasında əyləşdik. Az sonra azərbaycanlıların çox sevdikləri çay dəstgahına nümunəvi görkəm verəcək nə varsa hamısı süfrənin üstünə düzüldü.  Möhkəm mürəbbə həvəskarı olduğumdan bullur qablara tökülmüş löyün- löyün mürəbbələr  isə diqqətimi dərhal çəkdi.
     
Flora xanımın mehribanlığı, köhnə tanışlar kimi ərkyana davranışı sankii məni ovsunlamışdı. Bir az sıxılırdım.  Bəlkə bunu duyduğuna görə o, ordan- burdan söz salıb məni bu naqolay vəziyyətdən çıxarmağa çalışırdı. 
    
 Mən bayaq verməyi unutduğum sualı xatırlayıb, qəfildən soruşdum ki, Flora xanım, cəbhə bölgəsinə gedib əsgərlər qarşısında konsert verərsinizmi? İndi onlların incəsənət ustalarının dəstəyinə böyük ehtiyacları var. Flora xanım dərhal dedi ki, bu, nə sözdür, onlara mənim canım qurban. Danışın, günü sabah gedək. Sonra bir anlığa fikrə gedib bir az tənəli səslə əlavə etdi: " Amma gərək elə edəsiniz ki, mən də əsir düşməyim, Bilirsiniz ki, ermənilər ağılsız olduqları qədər də əxlaqsızdılar....
    
 Nəhayət süfrəyə çay gəldi. Mürəbbəbaz olsam da, əlimi o qablara uzada bilmirdim - sanki nə isə mane olurdu. Flora xanım bunu dərhal duydu və həmin o mehriban, yumşaq səslə soruşdu:
  
 - Bura bax, niyə mənim bişirdiyim mürəbbələrin dadına baxmırsan?
   
 Vəziyyətdən çıxmaq üçün yalan danışmalı oldum, dedim ki, mənim mürəbbə ilə aram yoxdur. Ona görə də narahat olmayın, Flora xanım.
   
- Bu, sənin öz işindir. Amma mürəbbələrdən dadmamış burdan getdi yoxdur.
    
Flora xanımın səsində bizim xanım- xatın  nənələrimizin danışığına xas olan amiranəliklə mehribanlığın, doğmalığın qovuşuğundan yaranmış bir sehir vardı və bu sehir məni əməllicə çaşdırmışdı. Donub qaldığımı görən Flora xanım isə heç yatsam da yuxuma girməyən bir jest etdi  - kiçik çay qaşığı ilə ən çox xoşladığım (!) ərik mürəbbəsindən sanballı bir ərik götürdü, üzünü mənə çevirib həmin o sehirli səslə dedi:
   
- Əmr edirəm ki, ağzını açasan !..
   
Qıpqırmızı qızarmışdım. Ardınca isə qəfildən mənə qəribə bir gülüş gəldi və dodaqlarımın qaçmasından istifadə edən Flora xanım bir ana, bacı ərki ilə qaşığı dodaqlarıma yaxınlaşdırıb əriyi ağzıma ötürdü:
     
- İndi çayını götür iç. Sən hərbçisən. Elə hesab elə ki, mən də sənin komandirinəm. Əmrdən çıxmaq olmaz axı...
    .
..Sağollaşıb ayrılanda Flora xanım dedi ki, nə vaxt lazım olsa mənə bir bacın, dostun kini zəng edə bilərsən və bu sözlər onu mənə daha da doğmalaşdırdı.
   
Sonralar bir- iki dəfə Flora xanıma zəng vurdum, dərdləşdik.  Təəssüf ki, müəyyən obyektiv bə subyektiv səbəblər üzündən əıaqələrimiz davamlı olmadı.
     
Amma indiyə kimi hər dəfə onun xoş simasını televiziya ekranlarında görəndə, həmin o məxmər səsi eşidəndə ərik mürəbbəsinin  tanış, unudulmaz dadını da dərhal hiss edirəm...
       
Allah canınızı həmişə sağ eləsin, Flora xanım!
   
P.S. Çox istərdim ki, Flora xanım mənim bu qeydlərimi oxuyardı. Buna necə nail olum - bilmirəm. Mənə kömək edən tapılsa, hədsiz minnətdar olaram."

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az