Gəncə sakini: Elmar Vəliyev torpağımı 6 adama satıb

Gəncə sakini: Elmar Vəliyev torpağımı 6 adama satıb

"Keçmiş icra başçısının adamları mənə hədə-qorxu gəldilər”

"Keçmiş icra başçısı mənim torpağım üzərində sərəncam verib. Ərazilərimi 6 adama satıb. Həmin adamlar mənim torpağımda ev tikiblər. İllərdir məhkəmələrdəyik. Demək olar, bütün instansiyalarda qalib gəlmişəm. Ancaq qərar icra edilmir. Həmin şəxslər mənə aid torpaqları nə boşaldır, nə də həqiqi dəyəri olan pulu ödəmək istəyirlər”.

Gəncəli sahibkar Elşad Məmmədov Meydan TV-yə belə deyib. Bildirib ki, torpağı Göygölün Quşqara kəndi (hazırkı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, əriklik bağı) ərazisindədir. Nə az, nə çox, düz 21 sotdur. Gələcəyə yatırım məqsədilə 2007-ci ildə alıb. Ancaq bir də ayılıb ki, Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev həmin torpaqları başqalarına satıb:

"2012-ci il idi. İşlərimlə bağlı Türkiyədə idim. Anam zəng etdi ki, bala, sənin mərkəzdəki ərazində nəsə tikirlər. Tələsik qayıtdım. Ev tikintilərinə başlanmışdı. Tikinti aparanlar mənə icra başçısının sərəncamını göstərdilər. Sərəncam ev tikməklə bağlı verilmişdi. Ancaq həmin evin harada tikilməsi göstərilmirdi. İzah etdim ki, etdikləri qanunsuzdur. Ancaq veclərinə almadılar. Dedilər, sotuna 4,5-5 min ödəməklə alıblar. İndi də ev tikirlər”.

"İcra başçısı mənim torpağımı başqalarına pay verib”

Şikayətçi deyir ki, düzdür, sonradan məhkəmədə çoxu torpağı pulla aldığını inkar edib. Görünür, onlara tapşırıq belə verilib. İcra Hakimiyyətinin torpaqları Ulu Öndərin ad günündə onlara pay verdiyini söyləyiblər:


"Təkcə bir nəfər sonacan torpağı pulla aldığını dedi. Lap deyək, satılmayıb, hədiyyədir. İcra başçısı kiməsə yaxşılıq etmək istəyirsə, bunu mənim torpağımla niyə edir?”

"Deyirlər ki, guya mən məhkəmələri pulla satın alıram”

Elşad Məmmədov bundan sonra məcbur olub, məhkəməyə üz tutub. İşə Gəncə Şəhər Məhkəməsində baxılıb. Hakim həmin torpaqların sənədlə Elşad Məmmədova aid olması ilə bağlı qərar qəbul edib:

"İş bütün məhkəmə instansiyalarını keçdi. Uddum. Sonra icra edilmədi. Sonra iş Ali Məhkəmədən yenidən qaytarıldı Apelyasiya Məhkəməsinə. Görünür, Elmar Vəliyevin vəzifədəki yaxınları belə istədi. Burada yenidən ötən ay məhkəmənin birini udmuşam. İşi sadəcə yubadırlar. Bir tərəfdən də ev tikənlər dayanmadan Prezidentə, Birinci vitse-prezidentə və s. şikayət məktubları yazırlar. Yazırlar ki, guya mən məhkəmələri pulla satın alıram”.
alıram”.

Elşad Məmmədov
Mənbə: Foto: Meydan tv

"Hələ haqq-ədalət yerini tapmayıb”

Vətəndaş deyir ki, ev tikənlərin əlindəki torpağın sənədi deyil. Onlarda qanuni heç bir sənəd yoxdur. Amma torpağın qanuni çıxarışı ondadır:

"Özü də birbaşa tikinti üçün olan torpaqdır. Keçmiş başçı və onun əlaltıları Gəncədə çox insanın başına belə oyun açıblar. Törətdikləri pis işlərin ucu-bucağı yoxdur. Pis əməllərindən birinin də ucu mənə toxunub. Budur, düz 6 il yarımdır ki, mən məhkəmələrdə sürünürəm. Hələ haqq-ədalət yerini tapmayıb”.

"Torpağı alanlara başqasına aid olduğu deyilməyib”

Elşad Məmmədov torpağında ev tikənləri də qınamır. Deyir, o adamlar da bilməyiblər ki, həmin torpaq başqasına aiddir:

"Ancaq bünövrə qazanda biz onlara dedik. Məhəl qoymadılar. Gərək araşdırardılar. İndi bu qədər çətin durumda olmazdıq. Onlar heç nəyə məhəl qoymadan tikintiyə davam etdilər. Vəkillərlə getmişdik, izah etdik. Dedilər: "Gedin əlinizdən gələni edin. Bizə bu torpaqları icra hakimiyyəti satıb, siz heç nə edə bilməzsiniz”. Beləcə tikintini dayandırmadılar”.

"Dedilər, "səni aradan götürdərik””

Şikayətçi deyir ki, məhkəməyə müraciət etdiyinə görə keçmişdə çox hədələr alıb. Ancaq haqqını sonacan tələb etməkdən əlini üzməyib:

"Elmar Vəliyevin əlaltıları mənə hədə-qorxu gəldilər. Dedilər, "səni aradan götürdərik”. Ancaq mən məhkəmələrdən əl çəkmədim, geri durmadım. İndi işə Şəki Məhkəməsi baxır. Əllərindən gəldiyi qədər qərarı yubatmağa çalışırlar”.
<iframe width="877" height="200" frameborder="0" marginwidth="0" marginheight="0" vspace="0" hspace="0" allowtransparency="true" scrolling="no" allowfullscreen="true" id="aswift_4" name="aswift_4" style="box-sizing: border-box; left: 0px; position: absolute; top: 0px; border-width: 0px; border-style: initial; width: 877px; height: 200px;"></iframe>

"Xahiş edirəm, torpağımın qaytarılmasına göstəriş verin”

Elşad Məmmədova torpaqlarını itirməkdən dəyən zərər bu gün 210 min manatdır. Deyir, hələ alanda həmin torpağa 55 min dollar ödəyib. Yaxşı yerdədir, günü-gündən qiyməti qalxır:

"Məhkəmələrə cavabdeh qismində Elmar Vəliyev gəlmir. Onun adı belə çəkilmir. Mənim isə tələbim işin ədalətli araşdırılmasıdır. Zəhmət çəkib torpağımı özümə qaytarsınlar. Buna görə mən də Prezident İlham Əliyevə, Birinci vitse- prezident Mehriban Əliyevaya müraciət edirəm. Demək istəyirəm ki, sizin idarə etdiyiniz ölkədir. Xahiş edirəm, torpağımın mənə qaytarılmasına göstəriş verəsiniz”.

"Sonra iş Ali Məhkəmədən yenidən qaytarıldı Apelyasiya Məhkəməsinə".
Mənbə: Foto: Meydan tv

"Vətəndaş Avropa Məhkəməsinə müraciət edə bilər”

Hüquqşünas Yalçın İmanov deyir ki, vətəndaş belə durumda Avropa İnsan Haqları Məhkəməsinə müraciət edə bilər:

"6-cı maddənin və 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu ilə məhkəməyə üz tuta bilər. Faktiki bu işdə onun mülkiyyət hüququ pozulub”.
<iframe width="877" height="200" frameborder="0" marginwidth="0" marginheight="0" vspace="0" hspace="0" allowtransparency="true" scrolling="no" allowfullscreen="true" id="aswift_5" name="aswift_5" style="box-sizing: border-box; left: 0px; position: absolute; top: 0px; border-width: 0px; border-style: initial; width: 877px; height: 200px;"></iframe>

Gəncə Şəhər İcra Hakimiyyətindən işə məhkəmədə baxıldığı söylənib. "Kim haqlıdır, məhkəmədə bilinəcək”, - deyilib:

"Bu məsələ əvvəlki başçının dövründə olub. Odur ki, bizim nəsə deməyimiz doğru olmaz. Bu barədə danışmaq səlahiyyətimiz də yoxdur. İşə məhkəmə baxır”.

Elşad Məmmədova aid torpaqda özünə ev tikən Nicat İsmayılov, Səadət Qocayeva, Rəsmiyyə Babayeva, Əli Quliyev və Qətibə İsgəndərovanın məhkəmə iddiasında deyilir ki, həmin ərazi Elşad Məmmədova aid deyil. Onun torpağı tamamilə başqa yerdədir. Torpaq sahəsinin plan və ölçüsü sənədi düzgün hazırlanmayıb. Onlar Əmlak Komitəsinin Dövlət Reyestr Xidmətinə qarşı məhkəmədə iddia qaldıraraq Elşad Məmmədovun adına aparılmış reyestr qeydiyyatının ləğv olunmasını da tələb ediblər. Ancaq iddiaları təmin olunmayıb.

XATIRLATMA

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Yunis Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edirlər. Məhkəməsi başlanmayan Yunis Səfərov bu iddialara münasibətini hələ ictimaiyyətə açıqlamayıb.

Bu hadisədən sonra Prezident İlham Əliyev avqustun 28-də Niyazi Bayramovu Gəncəyə yeni icra başçısı təyin edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az