General İran-Azərbaycan sərhədində: yaralı əsgərə medal verdi – FOTOLAR

General İran-Azərbaycan sərhədində: yaralı əsgərə medal verdi – FOTOLAR
Dövlət Sərhəd Xidməti (DSX) Cəlilabad rayonu ərazisində İranla sərhəddə baş vermiş insident barədə məlumat yayıb.

DSX-nın Mətbuat Mərkəzindən verilən məlumatda bildirilir ki, 2018-ci ilin 21 iyun tarixində saat 02:45 radələrində DSX Sərhəd Qoşunlarının Göytəpə sərhəd dəstəsinin Cəlilabad rayonunun Bayxanlı kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasına cəhd edilib.
Sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində silahlı şəxslərin hərəkəti aşkar olunub və qarşısı alınıb.
Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsində olan sərhəd naryadının qanuni tələbinə və xəbərdarlıq atəşinə tabe olmayan sərhəd pozucuları tərəfindən sərhəd naryadına qarşı silah tətbiq edilib.
Baş vermiş hadisə zamanı sərhəd naryadının başçısı, Balakən rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Kurupov Ramazan Məmməd oğlu döş qəfəsi, əl və ayaq nahiyələrindən güllə yaraları alıb. Dövlət sərhədini pozmağa müvəffəq ola bilməyən sərhəd pozucuları geri qaçıblar.
Əsgər R. Kurupov digər sərhəd naryadı tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra təcili olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib. Xəstəxananın və DSX hərbi hospitalının hadisə ilə əlaqədar Cəlilabad rayonuna ezam olunmuş həkimləri tərəfindən əsgər təcili əməliyyat olunub.
Hadisədən dərhal sonra DSX rəisi, general-pol­kov­nik Elçin Quliyev və digər rəhbər vəzifəli şəxslər əraziyə gəlib, hadisə yerinə baxış keçirib, əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsinə dair zəruri tapşırıqlar verib.
DSX-nınn rəhbər heyəti, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında əsgər R. Kurupova baş çəkib, vəziyyəti ilə maraqlanıblar.
Elçin Quliyev sərhədçi əsgəri təcili əməliyyat edərək onun həyatını xilas etmiş tibb heyətinə, həmçinin əsgərin əməliyyatı üçün qan vermiş Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirib.
DSX rəisinin əmri ilə əsgər Kurupov Ramazan Məmməd oğlu xidməti vəzifələrinin icrasında göstərdiyi şücaətə görə "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.
Hadisə ilə əlaqədar zəruri tədbirlər həyata keçirilir.
Fakt üzrə Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılıb.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az