General uniformalı dövlət strukturlarımız haqqında YAZDI : Uniformologiya

General uniformalı dövlət strukturlarımız haqqında YAZDI : Uniformologiya

Qabil Məmmədov,
general-mayor

Uniformologiya – xidməti (xüsusi) və əsasən də hərbi geyim formalarının yaranma tarixi və inkişafından, onların özünəməxsus xüsusiyyətlərindən bəhs edən köməkçi elmi-tarixi fəndir. Uniformologiya bu gün digər elmi fənlərlə (heraldika, veksillologiya, faleristika, emblematika) sıx əlaqədə formalaşan və aktiv şəkildə inkişaf edən yeni elm sahələrindən biridir.

Uniforma (forma, mundir) – korporativ struktur üzvlərini fərqləndirici vahid görkəmə salmaq məqsədilə tiklişinə, stilinə, parçasına və rənginə görə seçilən xüsusi (xidməti) geyim deməkdir.

Qədim zamanlarda bir-birilə vuruşan qəbilə və tayfalar öz düşmən və müttəfiqlərini üzdən tanıyırdılar. Amma əsrlər keçdikcə aparılan miqyaslı savaşlar zamanı öz qoşununu düşməndən ayırd edə bilmək ehtiyacı (problemi) üzə çıxdığından uniforma həyati tələbata çevrildi və bu günlərə kimi də öz aktuallığını və texniki inkişafını artırmaqda davam edir. Və bu baxımdan hər bir dövlətdə uniformoloji tələbatı təmin etmək məqsədilə müvafiq orqan (qurum, xidmət) yaradılır, həmin orqan öz fəaliyyətini normativ sənədlər əsasında həyata keçirərək qəbul olunacaq unformaların standartlaşma göstəricilərini aidiyyəti vəzifəli şəxslərin əmr və sərəncamları vasitəsilə icra edir.

Əfsuslar olsun ki, fəaliyyəti zəruri olan bu orqanın yoxluğu ucubatından Azərbaycanda uniformadan istifadə edən dövlət qurumlarında məntiqi yanaşma və identifikasiya yoxdur, elmi əsaslandırma aparılmadan yanlış standartlar təyin edilir və demək olar ki, artıq bu sahə üzrə çox gülünc bir mənzərə yaranıb. Utancverici haldır ki, bizim bəzi strukturların rəhbərləri dövlətin imicini belə düşünmədən qadir olduqları şit fantaziyaları (şöhrətpərəstliyə və düşüncəsizliyə söykənən) öz qurumları üçün yaratdıqları unformalarında əks etdirirlər. Və maraqlı olan budur ki, hələlik Prezident Administrasiyasında və ya Nazirlər Kabinetində bu barədə nə düşünən, nə də soruşan var.

Mən bu gün burada sadəcə olaraq bir sualı cavablandırmaq və cavabı da əsaslandırmaq istərdim: dövlət strukturlarında uniformadan istifadə – vərdişdir və ya tələbat?

Biz hərbi qulluqçu (əsgər, çavuş, gizir, zabit, ali zabit) və hərbi rütbə dedikdə istər-istəməz hansısa hərbi hissə və bölmələri, general dedikdə isə tabeçiliyində on minlərlə şəxsi heyəti olan bir qoşun komandanını gözlərimiz qarşısında canlandırmağa alışmışıq. Amma Azərbaycanda bu sahəyə cavabdeh olanların şablonçuluğu və konservatorluğı səbəbindən "hərbi xidmət” anlayışına uyğun gəlməyən bir sıra dövlət qurumlarının heyətini dəyəri milyonlarla manata ölçülən hərbi və xüsusi rütbəli uniformalarla təmin etməkdə davam edirlər (pionerinin də uniforması olan SSRİ-dən və daha öncə çar Rusiyasından qalma vərdiş).

İndisə gəlin uniforma istifadəçisi olan qurumlara bir nəzər salaq. Onları sadalayıram:

– Dövlət Gömrük Komitəsi
– Baş Prokurorluq
– Dəmir Yolları
– Bakı Metropoliteni
– Dövlət Vergi Xidməti
– Dövlət Miqrasiya Xidməti
– Dövlət Təhlükəsizliyi Xidməti
– Xarici Kəşfiyyat Xidməti
– Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidməti
– Fövqəladə Hallar Nazirliyi
– Daxili İşlər Nazirliyi
– Dövlət Avtomobil Nəqliyyatı Xidməti
– Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi
– Dövlət Mülki Aviasiya Agentliyi
– Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti və digər kiçik strukturlar.

Bu strukturların heyət üzvlərinin uniforma geyinməsinə ehtiyac varmı, yoxsa bu sadəcə olaraq keçmişdən yaşatdığımız bir vərdişdir? Əgər varsa, o zaman bu kimlərə və necə şamil oluna bilər? Məsələ ilə bağlı öz düşüncələrimi diqqətinizə çatdırmaq istəyirəm.

Dövlət Gömrük Xidməti

Gömrük postlarında növbədə olan heyətlər döş nişanları, müəyyən xüsusi kombinezon və ya jiletlərlə təmin oluna bilərlər (ancaq növbədə olduqları zaman). Buna ehtiyac var. Misal üçün götürək mətbəxdə çalışan aşbazın (sanitar, ofisiant, müxtəlif ustalar və s.) qiyafəsini və yaxud iş başında olan tibb personalının geyimini (xalatları). Onlar evə döndükləri zaman iş paltarını soyunaraq öz mülki geyimlərini geyinib gedirlər. Məgər prezident, vitse-prezident, deputatlar, Prezident Administrasiyasının işçiləri, nazirlər və digərləri hansısa rütbə və ya xüsusi uniformaya malikdirlərmi? Buna heç lüzum da yoxdur. Dövlət Gömrük Komitəsinin heyəti heç bir rütbə və uniformaya malik olmamalıdır. Sadəcə olaraq anlaşılan deyil – hansı zəruri səbəblər əsasında gömrük işçiləri bütünlüklə uniforma geyərək xüsusi rütbə daşıyırlar?!

Baş Prokurorluq

Nəyə görə prokurorluq işçiləri uniforma geyərək zabit paqonları daşımalıdırlar? Onlar uniformasız öz funksiyalarını yerinə yetirə bilmirlərmi? Prokurorluq işçilərinə döş nişanları və ya vəsiqələri tam kifayət edə bilər. Müstəntiq və digərləri cinayəti araşdırdıqları və ya vətəndaşlardan izahat aldıqları zaman niyə uniforma geyməlidirlər? Absurd deyilmi? Prokurorluqdakı zabit və generallar hansı "qoşunları” idarə edirlər?

Azərbaycan Dəmir Yolları

Bu sahədə də vəziyyət çox gülüncdür. Əlbəttə, qatar heyəti (qatar rəisi, bələdçi, maşinistlər, texniklər və s.) reysə çıxdıqları zaman xüsusi geyimlə (aşbaz və tibb işçiləri kimi) təmin olunmalıdırlar. Amma anlaşılan deyil ki, bu strukturda çalışan məmurlar hansı zəruri səbəblərdən xüsusi rütbəli uniforma ilə təmin olunublar? Bəlkə onlar da texniklər və maşinistlər kimi mazuta bulaşa bilərlər? Bunun səbəbini anlada biləcək adam tapılarmı?

Bakı Metropoliteni

Məncə, burada heç dayanmağa dəyməz. Vəziyyət Dəmir Yolları ilə eyni tipdə olduğundan təkrarlamaq istəmirəm.

Dövlət Vergi Xidməti

Yenə eyni sual: hansı səbəbdən vergi müfəttişləri uniforma və xüsusi rütbə ilə təmin olunmalıdırlar? Hər hansı bir şirkətə və ya quruma yoxlama məqsədilə gəlmiş müfəttiş hətta əynində unforma olsa da öz xidməti vəsiqəsi və göndərişini təqdim etməsə, heç kim onun şirkətə daxil olmasına izn verməz. Belə olan təqdirdə uniformanın müfəttiş üçün yeri və rolu nədir? Bu onun professional və ya texniki imkanlarınımı artırır? Vergi əməkdaşlarının uniforma ilə təminatına heç bir əsas, ehtiyac və zərurət yoxdur. Sahib olduqları xidməti vəsiqə, yoxlama göndərişləri onlar üçün tam yetərlidir. Bəlkə belə deyil?

Dövlət Miqrasiya Xidməti

Bu xidmətdə çalışanların xüsusi rütbəli uniforma geyinməsinə səbəb nədir? Həmin uniforma vətəndaşı qeydə alan və ya qeydiyyatdan çıxaran məmurun hansı ehtiyaclarını və nə şəkildə təmin edir? Miqrasiya Xidmətinin xüsusi rütbəli uniforma ilə təchiz olunmasına əsla ehtiyac yoxdur.

Dövlət Təhlükəsizliyi Xidməti

Adından bəlli olduğu kimi bu mühüm xidmətin heyəti gözəgörünməz olmalıdır. Onların uniforma geyinmələrinə, hərbi rütbə daşımalarına ehtiyac yoxdur. Rütbə ilə ranq anlayışlarını qarışdırmamalıyıq. Bu qurumun tərkibindəki müvafiq güc hissə və bölmələrinin şəxsi heyəti hərbi qulluqçu statusunda unifoma və hərbi rütbələrlə təmin edilməlidir. Digərlərindən isə hərbi qulluqçu və hərbi rütbə anlayışı götürülməli, onlar ancaq ranqlara mənsub olmalıdırlar.

Xarici Kəşfiyyat Xidməti

Adından bəlli olduğu kimi bu xidmətin də heyəti zatən hərbi rütbələrə ehtiyac duymur və apardıqları fəaliyyət qoşun kəşfiyyatından fərqli olaraq daha incə bir sahəyə aiddir. Onların uniforma geyinmələrinə, rütbə daşımalarına ehtiyac yoxdur. Bu qurumda da ancaq müvafiq güc hissə və bölmələrin şəxsi heyəti hərbi qulluqçu statusunda unifoma və hərbi rütbələrlə təmin edilməlidir. Digərlərindən hərbi qulluqçu və hərbi rütbə anlayışı götürülməli, onlar ancaq ranqlara mənsub olmalıdırlar.

Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidməti

Çağırışdan başqa fəaliyyəti olmayan (bu hətta nəzəri cəhətdən də mümkün deyil, çünki səfərbərliklə müstəqil şəkildə məşğul olmaq imkanları yoxdur) bu xidmət əslində müstəqil bir qurum kimi ləğv edilməli, onun funksiyaları bölüşdürülərək Silahlı Qüvvələrin Baş Qərargahına və rayonlardakı pasport-qeydiyyat şöbələrinə (Daxili İşlər Nazirliyi) həvalə edilməlidir.

Fövqəladə Hallar Nazirliyi

Bu qurumun general və digər zabitləri də hərbi qulluqçu statusuna malikdirlər. Və bu hal ordu ilə müqayisədə çox böyük bir ədalətsizlikdir. Bu böyüklükdə şişirdilmiş nazirlik əvəzinə müqavilə əsaslı mülki ixtisas sahiblərindən seçilərək komplektləşdirilmiş (hərbi qulluqçu statusuna malik olmayan), xüsusi texnika və avadanlıqla təchiz edilmiş 5 regional bölük (Müdafiə Nazirliyi nəzdində və ya tərkibində) Azərbaycanın tələbatını tam ödəyə bilər. Kimə, nəyə lazımdır bu şişirdilmiş general, polkovnik ştatları? Nazirliyin digər funksiyaları isə birləşdirilərək aidiyyəti üzrə uyğun strukturlara həvalə edilməlidir.

Daxili İşlər Nazirliyi

Bu nazirlikdə – Post Patrul və Yol Patrul xidmətləri (bu iki xidmət əslində birləşdirilməlidir), şəxsi heyəti olan digər hissə və bölmələr (məsələn, Çevik Polis Alayı, Xüsusi Təyinatlı Qüvvələr və s.) xüsusi rütbə daşıyaraq uniforma ilə təchiz olunmalıdır. Əhalinin içində işləməli olan digər struktur bölmələrin şəxsi heyəti üçün uniforma və xüsusi rütbələrə ehtiyac yoxdur.

Dövlət Avtomobil Nəqliyyatı Xidməti

Bu xidmət növündə də uniforma və xüsusi rütbələrə heç bir ehtiyac yoxdur. Yollarda xidmət aparan növbətçi heyət və onların xidməti avtomobilləri fərqləndirici xüsusi görkəmə malik olmalıdır.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi

Üzən gəmi heyəti və ekipajlar, texniki personal uniforma və xüsusi geyimlə təmin edilməli, digər ofis heyətlərinin xüsusi rütbə və geyimləri isə ləğv edilməli, onlar adi mülki geyimdə çalışmalıdırlar.

Dövlət Mülki Aviasiya Agentliyi

Uçuş heyəti və ekipajlar, texniki personal uniforma və xüsusi geyimlə təmin edilməli, digər ofis heyətlərinin xüsusi rütbə və geyimləri ləğv edilməli, adi mülki geyimdə çalışmalıdırlar.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (və digər kiçik strukturlar)

Baytarlıq (meşəçilik) kimi xidmətlər üçün mən ümumən söz tapa bilmirəm. Əgər insanlara xidmət göstərən Səhiyyə Nazirliyinin işçiləri uniformada deyilsə, o zaman hansı səbəbdən heyvanlara xidmət göstərən bu qurumun işçilərinə xüsusi rütbə verərək onları uniforma ilə təmin etmişik? Gülünc deyilmi?

Təklif

Hesab edirəm ki, Nazirlər Kabineti konservatizm əsaslı şablon qərarlarına yenidən nəzər salaraq bu anlaşılmaz vəziyyət üzərində düşünməli, dövlət büdcəsindən səmərəsiz olaraq sərf edilən milyonlarla manatın axınının qarşısını almaq, milli unformalogiya anlayışına aydınlıq gətirmək məqsədilə təkliflər paketi hazırlayıb dövlət rəhbərinə təqdim etməlidir.

Dövlətimizin çətin və sıxıntılı günlərində külli miqdarda vəsaiti məmurların mənasız bəzək-düzəyinə sərf etməkdənsə səmərli şəkildə, ehtiyac duyulan sahələrə yönəltmək daha məntiqli və anlayışlı olar.

Müəllif haqqında qısa arayış: Qabil Məmmədov 1965-ci ildə Lənkəranda doğulub. Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, Kiyevdə Ali Ümumqoşun Komandanlıq Məktəbini, Moskvada Hərbi Akademiyanı bitirib. 1995-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edib. Bərdə hərbi birləşməsinin komandanı, Müdafiə Nazirliyinin Hərbi-Elmi Mərkəzinin şöbə rəisi, Azərbaycanın Qazaxıstandakı səfirliyində hərbi attaşe olub. 2002-ci ilin yanvarında general-mayor rütbəsi alıb. 2009-cu ildə öz ərizəsi ilə ehtiyata buraxılıb. "Azərbaycan Bayrağı” ordeni kavaleridir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az