Generalın keçmiş qaynına bəraət verildi - “Bandotdel”in müstəntiqi pozuntuya yol verib

Generalın keçmiş qaynına bəraət verildi - “Bandotdel”in müstəntiqi pozuntuya yol verib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general-mayor Emin Şəkinskinin keçmiş qaynı Fərid Yusubun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.  

Oxu.Az xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, F.Yusubun barəsində bəraət hökmü çıxarılıb.
Həmçinin, prosessual pozuntuya yol verdiyinə görə, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi barəsində xüsusi qərardad çıxarılıb. 
Qeyd edək ki, Gülnarə Şəkinskaya keçmiş həyat yoldaşı E.Şəkinskinin evindən 60 min manat pul oğurlamaqda ittiham olunur. G.Şəkinskaya, eləcə də, onun övladları - Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskayalar dövlət sərhədini qanunsuz keçiblər.
Pənah Dadaşov, Namiq Camalov, Raqub İsbəndiyarov, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Saçlı Həsənova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov və Ənnab İsgəndərov isə onlara yardım etməkdə günahlandırılırlar.
Həmin şəxslərin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Cinayət işində adları hallanan G.Şəkinskaya, onun qardaşı F.Yusub axtarış elan olunub. "İnterpol” xətti ilə beynəlxalq axtarışda olan F.Yusub xarici ölkədə saxlanılıb və Azərbaycana təhvil verilib.
F.Yusub ölkəyə gətirildikdən sonra barəsində həbs qətimkan tədbiri seçilib, müddət başa çatdıqda isə məhkəmə prokurorluğun müddətin uzadılması ilə bağlı təqdimatı təmin etməyib. F.Yusub barəsində heç bir qətimkan tədbiri seçilməyib və o, azadlıqda qalıb.
O, Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur. 
İş üzrə zərərçəkmiş şəxs qismində E.Şəkinski tanınıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az