Gərgin dönəmlərin həlim adamı - İlham İsmayıl

Gərgin dönəmlərin həlim adamı - İlham İsmayıl

və yaxud

Şərəfli Zabitlə İstedadlı Jurnalistin sintezi: "Qarabağ Adam"

İlham İsmayıl adını, kimliyini təxminən 20 il olar yaddaşım saxlancına yazıb!
Müsavatdan adı pərvazlanan İlham bəyi dostlar vətən qarşısındakı xidmətləri və töhfələri ilə yox, bizə tamam ayrı məqamda və ayrı kimsəyə görə təqdim ediblər. Dostlarsız da bildiyim o olub ki, istefada olan MTN zabitidi.
Mən MTN tərəfə və MTN-dəkilərə tərəf qətiyyən hərlənməmişəm, amma ikicə dəfə üz-üzə gəldiyim olub: ikisində də rəğbət yaranıb!
Birinci dəfə yazılarıma görə məni tapıb təriflədiyinə görə oxucum kimi dostlaşdığım, əslində isə cənub bölgəsində şəbəkə kuratorlarından biri olan zabitin sayəsində və onun məsləhəti ilə başlamışam... "vurmağa".
Oxucu "dostum" söhbət əsnasında çox ehtiyatla şirnikləndirici təklif edəndə heyrət içində idim: "sadəcə, olduğun tədbirlərdə, eləcə də məclislərdə dövlətçiliyin möhkəmlənməsi baxımından bizə maraqlı informasiyaları çatdırırsan, heç bir öhdəliyin də olmur, yenə də öz müxalif mövqeyində qalırsan. Üstəlik də maddi təminat olacaq".
Ümumiyyətlə, mən heç kimə xarizma nümayişində olmamışam, harada və nə işində işləməyimdən asılı olmayaraq. Subordinasiya prinsipləri mənim üçün önəm daşımayıb. Yəni ki, ay mən bölgə müxbiri, şöbə redaktoru, nə bilim, baş redaktor, mətbəə rəisi, lap axırda... möhtərəm və möhtəşəm Canıyev olmaqlığı, loru dillə desək, urvatsız eləmişəm, yekəxanalıq, özünü dartma, təkəbbür mənlik olmayıb. Nə ağlı, nə savadı, nə vəzifəsi, nə intellekti mənə uyğun olmayanın da biriylə çox səmimi çay süfrəsinə də oturmuşam, yemək masasına da, toyunda-vayında da olmuşam. Heç kimdə özümə qarşı kompleks yaşatmamışam. Xalqın içində xalqla qaynayıb-qarışmaq lüksünü özümdən əsirgəməmişəm - hərçənd bunun bəlalarını çox çəkmişəm, ancaq yenə də... ən böyük dahiliyin, alimənsəbliyin... sadəlikdən keçdiyini özümə təlqin etmişəm! Elə buna görə də oxucu "dostum" cox az vaxtda həyatıma simsar, doğma, dost kimi daxil ola bilmişdi. Hətta toyum ərəfəsində borc olaraq, əməlli yardım da etmişdi: indiki pulla desək, 100 dollar həcmində. Niyyətinin söhbətinə başlayanda... cəmi 15 gün qabaq olmuş toyumda həyat yoldaşım üçün valideynlərimin aldığı üzük-sırğa komplektini aparıb satdım, pulu qaytardım və bildirdim: özünə "işverən" tap.
Düzdü, oxucu "dostum" ciddi cəhddə bulunmadı təkrarən, ancaq yenə də "ürəyiyanımlıq" etdi:
- Mənim qarşımda olan tapşırıq idi səni şəbəkəyə cəlb etmək, yeganə yolun "vətənə xidmət edən əsgər"liyə yararsızlığını sübut etməkdi ki, mən də, mənə tapşırıq verənlər də bu istəkdən əl çəkək. İlk növbədə, "alkaş" obrazını yarada bilərsən ki, tez olsun.
Zatən də təəssübkeşi olduğum AXC-Müsavat hakimiyyətinin qısa müddətdə devrilməsindən sonra mənim nəinki Lənkəranda, heç ölkədə hansısa görəvə iddiam yox idi, yeni hakimiyyətin mahiyyətini isə mən elə o vaxtlar bilirdim, ən kəskin yazılarımı da elə o illərdə yazmışam!
Çox tez, kosmik sürətlə "alkaş" obrazımı yarada bildim. Pərviz Cəbrayıl bir dəfə bunu gözəl izah elədi: Adamlar var Aydının bir ilə içdiyini bir günə içir, adları hallanmır, amma Aydın bir dəfə içir ildə, bir il danışırlar!
İkinci dəfə... iş yoldaşım deputatlığa namizədliyini vermişdi, mən də təsadüfən axşam bunun çıxışına baxmışdım. Dəli olmuşdum. Səhər redaksiyada iş otağımıza yığışanda qayıtdım ki:
- Allah sənə kömək olsun, axşam elə danışırdın Arif Hacılının, İsa Qəmbərin əleyhinə, elə bil səni bura işə gətirən, ailə qurmana yardımçı olan elə o İsanın, Arifin dostu olmayıb!
Mən nə bilim adam "vətənə xidmət edən əsgərlər"dən imiş ailəlikcə!
Həmin ərəfələrdə də atam xəstə olduğundan rayona tez-tez gedirdim. Bir də gördüm kənd icra nümayəndəsini göndəriblər evimizə ki, bəs MTN-in rayon şöbəsinin sədri Hüseynağa müəllim Aydını çağırır, haçan gəlsə, deyin getsin yanına.
Atam da qorxaq oğlu qorxaqdı, polis adı gələndə əsir, məhkəmə adı gələndə ayağı altından yer qaçır, o ki qala MTN ola. Durub desən Aydına deynən belə eləməsin, deyəcək ümumiyyətlə onu oğulluqdan çıxarmışam, o dəqiqə də imtina ərizəsini yazacaq. Evə gələndə gördüm yazıq kişi o dünyanın bir addımlığındadı. Elə atamın yanında icra nümayəndəsinə zəng elədim, telefonu aldım və Hüseynağa müəllimlə əlaqə saxladım.
- Ay oğul, narahat olma, nazirlikdə filankəs səni axtarır, atanı da arxayın sal ki, təhlükəli bir şey olsaydı, xəbər eləməzdik, elə birbaşa götürərdik, nəsə anlaşılmazlıq olub, fikrini soruşacaqlar, məsələ ilə bağlı rəyimi soruşublar, mən də demişəm!
Hüseynağa müəllim niyə səmimi danışırdı mənimlə, onu deyim. Deməli, Əlikram Hümmətov qəsb etdiyi icra hakimiyyətində oturub iclas keçirdir, polis rəisi Əlövsət Əliyev sağdışdı, prokuror Nazim Tağıyev soldış, Hüseynağa müəllim də bunlara tamaşa edir, mən də "Azadlıq"ın bölgə müxbiri kimi sual verirəm:
- Təmsilçisi olduğunuz hökümət bəyanat verib ki, Əlikram Hümmətov qiyam edib, biriniz sağında oturmusunuz, biriniz solunda, biriniz sanksiya verib, biriniz də həbs etməliykən, iclasında iştirak edirsiniz...
Sorğumu bitirməmiş Cəmil Hacıyev şillə atıb diktofonu aldı əlmdən və məni zaldan çıxrtdı. Ayəddin Əliyevin və Ümidvar Kəlbiyevin müdaxiləsindən sonra Əlikram Hümmətov şəxsən diktofonu qaytartdı!
Sən demə, indi məni... "TMR-in mətbuat xidmətinin rəhbəri" kimi MTN-də axtarırlarmış.
İlk söhbət zamanı MTN əməkdaşlarından ikisinin bir neçə sualına cavab verdim. Deyim ki, ən kəskin və ən ağır ittihamlar ehtiva olunan sualları o qədər professional, o qədər mədəni şəkildə verirdilər ki, qətiyyən məndə xof yaranmırdı. Yeganə sübutum o bağlı qapılar arxasında buydu:
- Əzizim, Əlikram Hümmətova, başqa şey demirəm, Lənkəranda salam verənlərin belə nəinki özünü, hətta analarını da ağladıblar! İkincisi də ki, TMR-in mətbuat xidmətinin rəhbəri Cavanşir Qasımov özü öz ayağı ilə gəlib Prezident Aparatına, özünü elə də təqdim edib və tutub qoyublar içəri, 6 aydan sonra buraxıblar! Cəmi iki ay mövcud olmuş qurumda bir vəzifəyə görə daha neçə nəfəri həbs etmək istəyirsiniz ki? Üçüncüsü, əgər mənim bağlılığım olsaydı, ən azından, şəxsən Heydər Əliyevə sədaqətiylə seçilən Dilrüba Camalova məni tutdurardı da: "Xan Lənkəran, xanım Lənkəran" yazısına görə.
Sakitcə dinləyib, izahatımı alıb, lazım gələrsə "vətənə xidmət edən əsgər" kimi bir də çağıra biləcəklərini nəzərimə çatdırıb, "cavan, savadlı, istedadlı uşaqsan, tanımadığın adamların yanında ağzına gələni danışma" deyib buraxdılar.
Növbəti dəfə "vətənə xidmət üçün əsgər getmək"dən məni Milli Məclisə ekspert düzəlməyim xilas etdi!
Məhz bu məqama görə, mən həm MTN-ə və MTN-dəkilərə hörmətlə yanaşdım - polis deyil, prokurorluq deyil ki, kiməsə zəng etdirəsən, rüşvət verəsən (düzdür, Eldar Mahmudov bu imici məhv etdi, çoxları çıxarılandan sonra bilsə də, amma diqqətli vətəndaşların, oxucuların yadından çıxmayıbsa, bir 20-yə qədər keçmiş MTN zabiti Prezidentə müraciət etmişdi ki, ölkənin təhlükəsizliyi təhlükədədi, bu struktur sürətlə anormallaşır), həm də mətbuatdakı bir çox "vətənə xidmət edən əsgər"-imzaları tanıdım! Bəlkə də çoxları bilmir ki, hansı imzalar niyə "oxunur", yazdıqlarına niyə həmən "rəy" bildirilir, dərhal tədbir görülür!
MTN-lə bağlı hörmət və rəğbət bəslədiyim üçüncü imza-şəxs İlham İsmayıldır!
Təsəvvür edin, MTN zabiti ola-ola heç bir halda kompromatla çıxış etmir!
Təsəvvür edin, ən qaynar nöqtələrdə və ən təhlükəli əməliyyatlarda olan İlham İsmayıl siyasi mübarizənin, debatın, diskussiyanın ən gərgin məqamlarında belə, heç bir hədə-qorxuya əl atmır, şantaja meyllənmir, malik olduğu informasiyayla alver eləmir, təhdid altında saxlamır, situasiyanı qısaqapanmayla məcrasından çıxarmır, həmişə də "perezaqruzka" üçün variantı var!
Professional kəşfiyyatçı və təhlükəsizlik zabiti olaraq, dövlətçilik marağını istənilən halda qoruyur, doğru olanı ən tutarlı arqumentlərlə önərir, əldə olan ehtiyatlarla itki vermədən, alınmırsa minimum itki ilə dəstəni-toplumu-cəmiyyəti irəli aparmağın yollarını göstərir və bunu öz şəxsi mənafeyinə zidd olsa belə, edir!
Əslində, biz media adamları məhz bu tip ekspertləri danışdırmalıyıq.
Əslində, biz media nümayəndələri məhz bu tip zabit kadrlarını ruhlandırmalıyıq - onların potensialından yararlanmalıyıq.
İlham İsmayılın ad günü yazısında ayran içib ara açmaq, məğlətə salmaq istəmirəm deyə, konkret adlarla müqayisə aparmayacam. Ancaq təbrik mətnində demək istədiyim odur ki, təxminən bu 20 illik qiyabi tanışlıqda hər zaman kübarlığı, intellekti və doğruculluğu ilə nəzərimdə olub!
Yazımı dostum və qardaşım, 33 illik ruh sirdaşım Vahid Qazinin İlham İsmayılın 60 illiyinə yazdığı yazıdan bir parça ilə davam edirəm:
- İlham İsmayılın "KQB-MTN. Görünən dağın bələdçiliyi” adlı bir kitabı var. Birnəfəsə oxunan kitablardandı. Bir gecəyə oxudum. O, kitabda belə yazır: "Yer kürəsi fırlanıb kölgələri yox etdiyi kimi, zaman da fırlanır və kölgədəki həqiqətlər işıq üzü görür”. Kitabı oxusanız, son 30-40 ilin kölgədə qalan nə qədər həqiqətini görəcəksiniz.
"Deyə bilmədiyim hələ nə qədər həqiqətlər qaldı kölgədə, zamanı gəlməyib”, mənə belə deyir.
 
***

"Yazmaq, ən azı, adamı tənha qalmağa qoymur”. İlham kitabında belə deyir.
Tənhalıqlar zəmanəsində Yazı dünyayla barışa bilməyənlərin son sığınacağıdı.
İndi o öz peşəsinə qayıdıb – jurnalistikaya. Yazır. Yazdığı yazıları oxuyun! Qarabağ təbili çalır o yazılar.
Eşidən varmı görən o təbili?
Komada olan adam kimsəni eşitməz. Keyimiş bədən əzaları kimidi zombiləşmiş kütlə".
... Mən 61 yaşını təbrik edirəm bu "Qarabağ Adam"ın. Həm də həmkarımızın!
Əlavə edim ki, Azərbaycan hakimiyyətində jurnalistlərdən cəmi iki nazir olub: Vaqif Hüseynov və Namiq Abbasov! İkisi də... MTN naziri!
Atalar üçdən deyib: qoruyaq İlham İsmayılı - bu dəfə... həqiqətlər nazirini!
Təbriklər!!!
p.s. Səhv etmirəmsə, İlham İsmayıl bir dəfə deputatlığa cəhd edib, onda da Aynur Camalqızına "uduzub", halbuki İlham İsmayılın ən asan qalib gələcəyi bir "rəqib" idi mətbuata patron olaraq gətirdiyi Aynur Camalqızı.
İlham İsmayılı bu kişiliyinə görə də dəyərləndirirəm: adam qadının üstünə yeriməz! İllah da ki... sənə "Qarabağ Adam" kimi baxırlarsa!

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az