Güllə gilizində həkk olunmuş müstəqillik tariximiz-20 yanvar

Güllə gilizində həkk olunmuş müstəqillik tariximiz-20 yanvar

Arzu Qazıyeva

"Tetçer Reyqana demişdi ki, "Ronald, o, bizim axtardığımız adamdır” 

Azərbaycan Respublikasının birinci MTN rəhbəri olmuş mərhum İlhüseyn Hüseynov söhbətlərinin birində xatırlayırdı ki, o vaxt Mixail Qorbaçovun İngiltərənin baş naziri Marqaret Tetçerlə ilk görüşündən sonra sovet kəşfiyyatı sonuncunun ABŞ prezidenti Ronald Reyqanla görüşlə bağlı telefon danışığını dinləyə bilmişdi. Tetçer Reyqana demişdi ki, "Ronald, o, bizim axtardığımız adamdır”. 

"Belə çıxır ki, dolayısı ilə partiya böyük imperiyanın çökməsinə göz yumub?” sualıma general-mayor başını etiraz əlaməti olaraq sakitcə yelləmişdi. Ona "sadəcə bacarmadılar” etirafını etmək çətin gəlmişdi. 

Təhlilçilər deyirlər ki, sistem çat vermişdi, quruluş özünü doğrultmadı, çünki iqtisadi və siyasi səbəblər vardı və s. və i.a. Məncə bunlar hamısı başdansovdu cavablardır. Məncə Stalindən sonra gələnlər ondan daha bacarıqsız, daha zəif liderlər idilər. Bu bir tərəfdən yaxşı idi, xalqlar həbsxanasının süqutuna gedən yolun təməli qoyulmuşdu, lakin digər tərəfdən pis idi. Pisliyi onda oldu ki, onların bacarmamaqları süquta gedən yolu qanlı-qadalı etdi. Nə üçün M.Qorbaçovdan danışıram? Çünki qan-qada məhz onun gəlişindən sonra başlamışdı. 

M.Qorbaçov sonralar Nobel mükafatı aldı. Ona bu mükafatı təkcə iki Almaniyanın birləşməsi üçün getdiyi jestinə, Varşava müqaviləsini ləğv edib Şərqi Avropaya azadlıq verdiyinə, sovet qoşunlarını Əfqanıstandan çıxardığına, rəqib kapitalist cinahı ilə dialoqa başladığına görə yox, deyəsən elə SSRİ-ni "dağıtdığı” üçün də vermişdilər. 

Lakin SSRİ-nin sonuncu prezidenti tarixə heç də sülhsevər şəxsiyyət kimi düşmədi. Ruslar özləri də onu öz ölkəsində insanlara müharibə və qan gətirməkdə günahlandırırdılar, baxmayaraq ki, Qorbaçov ölkənin rəhbərliyinə mütərəqqi şüarlarla gəlmişdi: yenidənqurma, aşkarlıq, demokratiya, iqtisadi liberallıq və s. Lakin həmin ideyaları həyata necə keçirməli yollarını bilmədi. Heç əvvəldən də bilmirdi, ona görə də o ideyalar siyasi demaqogiyadan uzağa getmədi. 

Qorbaçov ən əsas və həssas məsələ olan milli məsələləri bilmirdi. Bu da SSRİ-də dərin milli problemlərə gətirdi. 1987-ci ildən Ermənistanın açıq şəkildə Azərbaycana başladığı torpaq ədavəti nəinki ədalətlə, ümumiyyətlə həll olunmurdu. İnsanlar isə ümidlə gözləyirdilər, 70 illik "böyük qardaşdan” hərəkət gözləyirdilər. Dağlıq Qarabağla başlanan xalq hərəkatı məcrasını dəyişərək, siyasi istiqamətə yönələndə SSRİ rəhbərliyi də fəaliyyətə keçdi. Bizsə birgə yaşamağı daha istəmirdik, biz müstəqillik, azadlıq istəyirdik. Bizim müstəqillik tələbimiz qanlı yanvara gedən yol oldu. 

İmperiyanı elə milli məsələlər də çökdürdü. Amma heç bir respublika Azərbaycan qədər qəddarcasına cəzalandırılmadı, alçaldılmadı. Bizim müstəqilliyimiz bizə çox baha başa gəldi. Torpağımızın bir hissəsini itirdik, insanlar öz yurdunda qaçqına çevrildilər, itkin düşdülər, əzab-əziyyət, işgəncə, ölüm onların nəsibi oldu. Təqvimdə o qədər günlər qara rənglə boyandı ki... 

SSRİ dağılandan sonra isə Rusiya özünü onun varisi elan etdi. Bütün suçlar sovet sisteminin üzərinə qoyuldu, yəni nə baş vermişdisə, sovet rəhbərliyinin səriştəsizliyi ucbatından baş vermişdi. Guya indi nəsə dəyişib? Rusiyanın siyasəti SSRİ-nin siyasətindən nə ilə fərqlənir ki? Əslində heç nə dəyişməyib. Rusiya elə indi də bütün parametrlərdə həmin SSRİ-nin varisidir. İndi daha açıq şəkildə Ermənistanın arxasında dayanan, bizi istədiyi səmtə fırlatmaq üçün torpağımızla şantaj edən, həyasızcasına "Azərbaycanın daxili işi deyil” deyən ədalətsiz qonşumuz olmaqdan o yana keçmir. Müstəqil olub eyni zamanda əli-qolu bağlı qalmaq daha pis vəziyyətdir. 

Bizim yaşadığımız ünvan qanlı yanvar qırğınının törədildiyi səhnədən uzaqda idi. Lakin o məşum gecənin səhəri gün eyvanımızın altında güllə gilizi tapmışdım. Onu 27 ildir ki, saxlayıram. Uşaqlar hər dəfə məndən soruşanda onlara 27 ilin tarixini danışıram, güllə gilizində həkk olunmuş müstəqillik tariximizdən...

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az