Güllə səsinə açılan qapı -Dumanın qucağında gizlənənlər

Güllə səsinə açılan qapı -Dumanın qucağında gizlənənlər

1992-ci ilin Kəlbəcəri və Aydın Canıyevin opdüyü torpağın bir ovucu...

Kəlbəcərin işğalından 25 il ötdü. Amma ömrümüzü qayçılayan bu illər o qədər sürətlə ötdü ki, sanki bu hadisələr dünən baş vermişdi. Kəlbəcərli günlərimin birində yazdığım "YAXŞIKİ QABOY ÇALINMIRDI" yazısı o günlərin mənzərəsini bir daha göz önünə gətirdiyindən onu oxucularımıza təqdim etməyi özümə borc bildim.

(Yazı Tamxil Ziyəddinoğlunun feysbuk statusundan götürülüb)

Didərginin Vətəni həsrətdən başlanır. Elə mənimki də. Bir həsrətin ətəyindən yapışıb Vətən deyə, dağlara yönəldim. O dağlara ki, dörd ildir atılan aramsız güllələrdən qartal qıyyasına, tütək səsinə tamarzıdır.

Murovun başına çiskin ələnirdi. Ətəklərindəki çadırlardan çıxan tək-tək adamlar isə onlara tamaşa edən yolçuları görmürmüş kimi səssiz-səmirsizcə keçib dumanın qucağında gizlənirdilər. Kimsə gileylənmək istəyəndə sürücü Süleyman bunlar laçınlılardır – dedi. Öz od-ocaqlarına qayıtmaq ümidilə dağlara sığınıblar. Başqa yerə getmək istəmirlər. Bu sözləri eşidən qələm dostum, laçınlı Vaqif Məmmədov çantasını açıb didərgin nənəsi üçün dağlardan Bakıya su daşıdığı termosu çıxardı. Bulaq suyundan doldurub Laçın obasının içdiyi sudandır, - dedi. Nənəmin ömrünü uzadacaq. Hamı ixtiyar çağında Vətənindən dərbədər olub bulaq suyuna möhtac qalan qarının taleyinə günahkar kimi bir-birinin üzünə baxır, kimsə dinib-danışmağa cəsarət eləmirdi. Laçın batalyonunun bulaq başına gələn əsgərlərinin hay-küyü üzücü sükutdan canımızı qurtardı.

Qulağımıza gələn zurna səsi bizi Bəzirxanaya çəkdi. Orada bir evdən qanadlanan səadət başqasının qapısını döyürdü...
Qapı güllə səsinə açıldı. Atan düşmənlər yox, təzə bəyin – İlhamın əsgər qardaşı Müslümün silahdaşları idi. Həm sərhədin, həm də toy evinin keşiyini çəkirdilər. Sonbeşiyi cəbhəyə gedəndən bəri qaşqabağı açılmayan Firəngiz ana gəlinini görcək – "bu günümə şükür”- deyib oynamağa başladı. Bakıdan qonaq gəlmiş həmkarım Aydın da ona qoşuldu. Ömrümdə Aydın kimi sevinən görməmişdim. Hamı onun sevincinə sevinirdi. Birdən dəli şıltaqlığı ilə musiqiçiləri dayandırdı:
-Dayanın, dayanın bu torpağı doyunca öpüm. O müqəddəsdir. Və bu müqəddəsliyi əzizləyib qoruyanlar var. Yoxsa, düşmənlə əlbəyaxa, ölümlə üz-üzə toy çaldırmazdılar.
O, öpdüyü torpaqdan bir ovuc götürüb dövrəsindəki igidlərin başına səpərək dedi: - bu sizin qeyrət tacınızdır. Bu yerləri Zəngəzurun, Göycənin, Şuşanın, Laçının həsrətlilərinin ziyarətgahına siz çevirdiniz!

Açıq pəncərənin qabağından saz səsi gəldi. Müslüm çalırdı. Elə yanıqlı, elə yanıqlı çalırdı ki, elə bil Kərəmin külü ortada, Əsli saç yolurdu. Bu çalğı təkcə Kərəm yanğısı deyildi. Mizrabın təmasından haray çəkən simlər sanki yaraları şəhid-şəhid qan verən Azərbaycanın dərdinə ağlayır, od-ocağından xəbərsiz didərginlərə dirigözlü yas tuturdu. Bölmə komandiri sazı köynəyə salmadı. Divardan da asmadı. Çarpayısının üstünə uzadıb evdən çıxdı. Qardaşının toyundan özünə düşən sevinc payını götürüb posta getdi. Çox minnət elədik. Bircə gecəliyə kənddə qalmadı. Bax, onda əsgər paltarı geyib "Azərbaycan” nəşriyyatında düşmən başı gətirmiş kimi qalib ədasıyla qabağımdan keçən qələmdaşlarıma qışqırmaq istədim ki, çıxarın bu paltarları, onlar sizə yaraşmır. Onun sahibləri səngərlərdədir.

Zəngulələri bir-birini qovan aşıq Əhlimanla aşıq İslam bəyi ay işığında tərifləyirdilər. Çünki Kəlbəcərdə yeddi aydır işıq yoxdur. Bəzirxana kəndində isə bir evi işıqlandırmaq gücünə malik motoru işlətməyə yanacaq tapılmırdı. Beləcə Ay işığında uzanan bəy tərifi səhərin gözünü açdı. Səhər açılar- açılmaz rusların qondardığı Kəlbəcər-Göyçə sərhədinə, cəbhədəki döyüşçülərimizlə görüşə getdim. Dağların, təbiətin doğmalığı məni duyğulandırdı. Kənddə çəpər qonşumuz olub indi Bakıda yaşayan, erməni faşıstlərinin ucbatından dədə-baba yurduna gedə bilməyən Cəlil Əhmədovun ürək dağlayan sözləri yadıma düşdü: "Payızın bu çağlarında oturasan Çimənyurdun başında (Çimənyurd bizim yaylağın adıdır). Kamil Cəlilov qaboy çala, sən də elləri köçmüş yurd yerlərinə baxıb ağlayasan"... 

...O məqamda özüm qonşumun təsvir elədiyi durumdaydım. Göylərə meydan oxuyan bir dağın başında oturub elləri dağılmış, kimsəsiz Göyçə mahalına, ögey anasının bəxtini bağlatdırdığından xəbərsiz elçi gözləyən məsum qız kimi cilvələnən Göyçə gölünə tamaşa edirdim. Yaxşı ki, qaboy çalınmırdı. Yoxsa dağın ətəyində ot biçən ermənilər türk oğlunun hönkürtüsünə sevinərdi...

Kəlbəcərin Zəylik və Yuxarı Ayrım kəndləri Bakıdan gedəndə axırıncı, Ermənistandan gələndə birinci kəndlərdir. Hərəsinin də öz "zastava”sı. Keyti dağı ilə çiyin-çiyinə verən müzəffər cəngavərlər oradan Azərbaycanımızın keşiyini çəkir, həm də yetim Göyçədən həyan olurlar.

Ayrım "zastava”sının əsgərləri ilə səngərdə görüşdük. Ermənilərin ağır artilleriya atəşlərindən səngərin yan-yörəsi qazıq-qazıq olmuşdur. Dedilər ki, aprel ayından burdayıq. İyulun 20-dən 21-nə keçən gecə üç igidimiz şəhid olub. İsmət, Namiq və Nəsimi. Posta yaxınlaşanda gördük ki, onları avtomatla biçib üst-üstə yığıblar. Sifətlərində zərbə izləri vardı. Səngərə qumbara da atılmışdı. Boşalmış patron daraqlarından və ermənilərin yolu üstünə tökülən qanlı paltarlardan bilinirdi ki, xeyli atışıblar. Düşmən tərəf itkisiz keçinməmişdi. Səhərisi 20 nəfərlik dəstəmizin üzərinə hücum edib bizi geri oturtdular. Milis serjantı Elman Salmanovla Kamal Abbasov ehtiyat qüvvə ilə köməyimizə gəldi. Erməniləri güllələyib, canavar sürüsü kimi yaldan o üzə aşırdıq.
Cavanlar keşikdə, biz isə yolüstəyik. Rayonda yenə toy çalınır. Bu dəfə Sarıdaşda... 

Tamxil Ziyəddinoğlu
"Bərəkət" qəzeti, 24 sentyabr 1992-ci il




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az