Gözümüzə AĞ DAMır... Ağdam!

Gözümüzə AĞ DAMır... Ağdam!

Aydın Can, Ağdamdan məxsusi Miq.az saytı üçün

Gözümüzün AĞıydı haçansa... Ağdam! İndi qarğış, qaxınc kimi damır qürurumuza!

Boyunu yerə soxasan belə mətbuatın! Deyim də niyə? Ölkənin Ağdam kimi şəhəri, rayonu ola və ölkə... o boyda şəhəri, rayonu itirməyi ancaq işğal günüylə ana, amma Ağdam və ağdamlılar nə çəkir, bunu ölkə hiss etməyə! İstisna qrup yoldaşım Vahid Qazinin "Ruhlar şəhəri”dir, Aqil Abbasın müsahibələrində dediyi, yazdığı qorabişirən fikirləridir!

Məni həmişə bu ölkənin vətəndaşlarının öz ölkələrini tanımaması narahat edib. Ona görə 1993-cü ildə "Azadlıq” qəzetində yazmışdım: "Bu ölkənin prezidenti olmaq istəyəni gərək bu ölkəni qarış-qarış gəzdirəsən, bilsin və görsün ki, hansı torpağın, hansı adamların rəhbəri olacaq!”

Preizdent heç, sadə, öləri vətəndaşlar da bilmir, görmür və eləcə də hər şey adiləşir. Torpaq adamlar üçün elə torpaq olaraq da qalır təfəkkürdə, vətən olmur!
 
Etibar Etibarlı ona görə yanıb-tökülüb deyirdi: "Torpaq sənin üçün torpaqdır, mənim üçün... Vətən!”.

Dünyanın düz vaxtlarında və sonuncu dəfə Ağdamdan keçib Şuşaya getmişdik! "Dünyanın haqq yolu” yazısını yazmışdım ondakı "Həyat”, indiki "Azərbaycan” qəzetində. Xankəndidən Şuşa dolaylarını doyunca olmasa da, güllə hədəfində ola-ola seyr etmişdim. Qayıdanda qrup yoldaşımız Elçin Namazovgilə dönmüşdük. Mən Ağdamdan Bakıya uzanan o asfalt yolun əzəmətini hələ də gözlərimdə yaşadıram. Çünki onda Ağdama Ağdamın qapısından girib gəlmişdim. Bu dəfə "pəncərə”dən! Və dünyanın elə həmin o düz vaxtında mən Quzanlını tanıyırdım: əsgər yoldaşım Ənvər Apariya oğlu Əmrahova görə. Onda ən ucqar kənd və günün günortaçağı bəlkə də traktorla güclə gedilən kənd idi Quzanlı. İndi Ağdamın paytaxtıdır! Onda Ağdamın təhlükədə olmasından tez-tez rəhmətlik Adil Qaçayoğlunun ("Ülfət” qəzetində Kötəl batalyonu haqqında və digər yazıları), Bəxtiyar Sadıqovun "Sirdaş”da, "Həyat”da həyəcan hayqıran yazılarını oxuyurdum: indi Adil Qaçayoğlu Ağdam dərdiylə dünyasını dəyişib, Bəxtiyar Sadıqov isə Ağdam dərdini Milli Məclis kreslosunda susmağa dəyişib, Ağdamda tikinti aparmaqdansa, Bakıda şərikinə evlər tikir ki... içində ermənilər yaşasın! Halbuki Heydər Əliyevdən tələb eləməliydi: pencəyini vur qoltuğuna, al Ağdamı, belə demişdin, ancaq Heydər Əliyevin pencəyindən kitab yazdı, deputat oldu, baş redaktor oldu, o gün bu gün day onu Ağdamda görən yoxdur! Onda yazırdı elə, elə hey yazırdı! Bir vaxtlar bu vətəni qoruyan oğlanlardan yazan bu adam indi durub elə həmin o oğlanların xəyanətindən yazır...

Bir vaxtlar biz Təbrizə getmək üçün Moskvaya uçub ordan gəlirdik. İndi mən Ağdamı əvəz edən Quzanlıya... Bakıdan Tərtərə gəlib ordan daxil oldum.
Mənim gözlərim bu həyatda çox şeyi görməyi haqq edir, mən o gözəllikləri, əzəməti görməliyəm! Ancaq bir orası da var ki, mənim gözlərim çox şeyləri görməmək üçün kor olmalıdır, olmalıydı ki görməyim. Amma... o gözəllikləri görməyəcən kor olmayası gözlərim bu zülümləri də görür!
Görür və cızdağım çıxır! Görür və AĞ DAMır GÖZLƏRİMƏ! Qarğış kimi, tənə kimi, qaxınc kimi!

"Pəncərə”dən Ağdama girirəm. Fəqət yolumun üstündə gördüyüm mənzərə Sözün bitdiyi yer olmasa da, Vətənin bitdiyi yer olduğu şapalağıyla üzümü qıpqırmızı qızardır – halbuki bu boyda üz(ümüzün)qaralığında qızarası təkcə qanımız olmalıdır!
Bu şəkildə gördüyünüz coğrafi nöqtə... Xankəndinə gedən dəmir yolunun kəsildiyi koordinatdır! Day qatarlar Xankəndinə getmir!

 
Day azərbaycanlılar da Xankəndinə getmir!

Day azərbaycanlılar Avropaya gedir, Amerikaya gedir, Çinü-maçinə, Yaponiyaya gedir, amma və lakin... nə Ağdama, nə də Xankəndinə getmir, Şuşa daha heç də! Kəlbəcər də həmçinin! Laçın heç gözləmir də gəlsinlər! Cəbrayıl, Zəngilan, Qubadlı Füzuliyəcən gələnlərdən azərbaycanlı iyini alır! 
Getmək istəyən də Şahbaz, Dilqəm kimi geri qayıdammır, Azərbaycan dövləti vətəndaşını geri ala bilmir,amma Azərbaycan dövləti vətəndaşının nəyi var alır! Gülən olmasa, arvad-uşağını da əlindən alar... Ki, özünə qulluqçu etsin, dövlət və özəl sektorda işləyib adam kimi pul, çörək qazanmasın!
Mən Ağdamı sevsəm də, Ağdam adlanan əraziyə sevgiylə girə bilmədim!

Ayıb bildim Xankəndinə gedən dəmir yolu xətlərinin bitməsindən, şikəstliyindən, əlilliyindən-zəliliyyindən sonra bir ərkyana deyim ki, vətən, mən gəlmişəm!
O vətən dediyimin bağrından ucugüləbətinli onikitaxta tuman söyüşlər durub anamı ağ yuyub qara sərə bilərdi!
Mən Ağdama - Quzanlıya girəndə Ənvər yatmışdı!
Deyirəm, ay Ənvər, mən Quzanlıdayam e, dur gəl "Oba”-marketin qabağına, inanmır!
Niyə də inansın ki!?
Buranın deputatının bura gəlməyinə inanmır Ənvər, indi mənim jurnalist kimi Quzanlıya gəlməyimə niyə inansın ki?
Koronavirusla bağlı işləri də dayanıb Ənvərin! Çayxanalar da bağlıdı, yeməkxanalar da – saat 3-dən sonra gəlib çıxmışam! Ənvər bilir ki, mən evə getmirəm! Yanımda da dostlarım var, üstəlik.
Birtəhər-bircür bir çəmənlikdə süfrə açırıq. Ənvərə deyirəm ki, ay Ənvər, bax, mən Fəxrigilə Şəmkirə tək getmişəm, Zaqatalaya Fərhadgilə tək getmişəm, amma sizə Elgünlə gəlmişəm. Bilirsənmi niyə? Baxma biz qocalmışıq, day silah tutan əllərimiz, barmaqlarımız kəsilib, əsir, amma gördüyün bu Elgün var ha, ona görə onnan gəldim ki, biləsən: rahat ölə bilərik. Səni, məni, Fəxrini, Fərhadı əvəz edə biləcək qədər cəsur oğlandı - əmisi şəhiddi, atası qazi, əlil.
Bunu Ənvərə deyirəm. O Ənvərə ki, 1987-ci ildə Fərhadlı, Fəxrili, Elçinli, Aydınlı, bir yerdə ermənini gürcüyə qoşub Ermənistandakı hərbi hissədən didərgin salmışdı!
İndi erməni Ağdamda oturub, gürcü Azərbaycan əsgərinin əlindən silah alır!
Onda biz dəliydik, ağıllımız Ənvər, Fəxri, Aydın, Elçin, Fərhad, indi bizim ağıllımız Zakir Həsənovdu, Nəcməddin Sadıqovudu, Lazımı gözləyirlər, koronavirusun qorxusundan da evdən çölə çıxmırlar!
 
O yanda Bərdədir, bu yanda Quzanlı... abidəsi. Çökəklikdəki "Dolu” restoranı boşdur. Az qala bağırmaq istəyirsən: bu ölkənin DOLU olan heç nəyi yoxdur, hər yan bomboşdur, təkcə şəhidimiz, əsirimiz, itkinimizlə doluyuq! Bir də hap-gopla! Halbuki...
Mən dünya boyda olan Ağdamdan qalan əl boyda Quzanlıda nələrdənsə danışmağa, yazmağa utandım. Əbülfəzl Abbasın qələm qollarına and olsun ki, qələm... qollarımda (barmaqlarım klaviaturada) od tutub yanardı!
 
Mən Ağdama yaraşan yazı yazmalıyam, borcumdur, doğal haqqımdır, mən o yazını  yazmalıyam, nə deyib yazmalıyam ki o boyda Ağdamdan?
Hansı Ağdamdan?

Deyirəm: sovet dövrünü də yaşamış uşaqlarıq! Onda rayonları DAHA ÇOX katiblərinə görə tanıyırdılar!
İsa Məmmədov Lənkərandan böyük idi, baxmayaraq ki, Həzi Aslanovu vardı heç olmasa, Hadı Rəcəbli Şəki demək idi, baxmayaraq ki, Çələbi xanı olmuşdu, Əhmədiyyə Cəbrayılovu vardı, Gəncə Həsən Həsənovla ad çıxarırdı, baxmayaraq ki, Cavad xanı olmuşdu, sovet höküməti o boyda böyüklüyü bu adamların kölgəsində gizlədirdi, amma heç bir halda Ağdamı kiçildəmmədi!
Xudu Məmmədovdan daha böyük kim ola bilərdi ki? Famil Mehdi sağ idi, Akif Rüstəmovdan utanardı Hadını, Həsəni, İsanı böyük təqdim edən "jurnalyuqa”lar!
Qədir Rüstəmov, Rəmiş, Arif Babayev, Səxavət Məmmədov, Sara Qədimova, Aqil Abbas, Şahmar Əkbərzadə, ha say adlarını, tükənməz ki... Ağdamın raykomdan böyük kişiləri, böyük adları, böyük adamları!
Hələ ən balacası Qulu Ağsəsdi, bir cümləsi Ağdamda katib olanların hamısından böyükdü!
Hələ ən cüssəsizi Vahid Qazidi, milyon dəfə Hadı Rəcəblidən ağır gələr, day orasını demirəm ki, adlarını qoşa çəkmək belə günahdır!
Heç tanınmayanı Milord Lorddu fb-də, istənilən raykom katibindən artıq sevilir ölkədə.
Rəşad Məcid dünənin uşağıdı, səkkiz yerdə ağsaqqaldı – Mətbuatda, Mətbuat Şurasında, Əfv Komissiyasında, Yazıçılar Birliyində, Jurnalistlər Birliyində, 525-ci əzetdə, televiziyalarda, bir dənə Milli Məclis qalıb, o da koronavirus bitsin, orda da olacaq!
Bax, o Ağdamı deyirəm, o Ağdamdan deyirəm... yazmağı.
Və elə o Ağdamı tanımadığımıza görə... deyirəm: gözümüzə AĞ DAMır Ağdamın yoxluğundan!
Ağdam, eləcə də ölkənin heç bir bölgəsi mənim üçün yeyib-içmək anlamında cazibədar olmayıb!
Azərbaycan Rusiyanın bir əyalətindən (məsələn, Yakutiyadan, Krasnoyarskdan) dəfələrlə balaca olsa da, dünyada mənim üçün dünyanın özündən böyükdür!
Başqa ölkələrin bu başından o başına qatarla gedilib çatılan müddətə Azərbaycanı eninə-uzununa iki dəfə PİYADA dövrə vurmaq olar!
Fərq bilirsiniz nədədir?
O ölkələr ona görə elə nəhəngdir ki, o olkələrin torpaqlarını o adamlar vətən kimi sevir, biz əlçim boyda vətəni məhəllə və payıbəlli torpaq kimi!
Onlar qoruyur sevərək, biz qorumuruq... sevməyi bacarmadığımızdan. Çünki biz yatağımızacan gəlib çıxıb bəkarətini bizə namusuyla təmsil edən qadını belə sevməyi bacarmırıq, handa ola torpaq!
Bəlkə də ona görə torpağı vətən kimi sevə bilmirik ki... tam əksəriyyətinin fikrində, düşüncəsində, təfəkküründə torpaq onlar üçün qəbirdən başqa bir anlamda deyil. Sənə son verəcək torpağı vətən kimi sevmək üçün gərək çox böyük olasan, böyüyəsən.
Bizdə böyük olmaq, böyümək deputat olmağı sayırlar!
... Day bundan artıq hirslənməyə canımda tabım qalmadı.
Səhər tezdən Quzanlıdakı idman kompleksindəki odamda oyanıb Elgünə zəng edirəm:
- "Şeyx Əhməd”, dur, tərpənək burdan. Bir azdan bu şəhərin ruhları bizə ana-bacı saxlamayacaq! Qoruya bilmədiyimiz torpaqda nə adla yeyib-içək ki? Haydı...
Ənvərlə abidənin önündə sağollaşıram:

- Döyüş olsa, lazım gəlməsə də, çağır məni, bilirsən ki, harda olsam, gələrəm. Düşmənə atəş açmağa əlim əsməz, baxma e, səni qucaqlayanda əllərim əsir!
- Bilirəm, görmüşəm erməniylə davanı!
... Sənə qapından qonaq gələk, Ağdam, - deyib "pəncərə”dən çıxıram!
SÖZARDI: Mən bircə onu bilmədim: Ağdamın olan torpaqlarında gəzəndə o torpaqlar mənim göz yaşımı səmimi qəbul etdimi? Qınamağa üzüm də gəlmədi: o qədər yalançı vətənpərvərlər gördü ki, bu 27 ildə...

MİQ.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az