“Hakimiyyəti zəbt edən antimilli qüvvələr ölkəmizi dağıdırdılar”...

“Hakimiyyəti zəbt edən antimilli qüvvələr ölkəmizi dağıdırdılar”...


"1991-ci ildə Azərbaycan müstəqilliyə qovuşanda digər müttəfiq respublikalar da müstəqillik əldə etmişdi. İlk iki il xalqımız, dövlətimiz üçün çox ağır, faciəvi olub. O vaxt hakimiyyəti zəbt edən antimilli qüvvələr ölkəmizi faktiki olaraq dağıdırdılar və Azərbaycan xalqı böyük əziyyət içində, narahatlıq içində yaşayırdı”.

Sentyabrın 27-də Sumqayıt şəhərində olan prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin açılışındakı çıxışında belə deyib. Bu haqda ölkə başçısının rəsmi internet saytı xəbər verir.

Ölkə başçısı bildirib ki, Azərbaycan xalqı AXC-Müsavat cütlüyünün hakimiyyətinə cəmi bir il dözüb.

Mənfur ünsürlər...

"Azərbaycan xalqı AXC-Müsavat cütlüyünün hakimiyyətinə cəmi bir il dözərək bu mənfur ünsürləri tarixin arxivinə göndərdi. Bu gün Azərbaycanda gedən proseslər, ölkəmizin inkişafı və dünən keçirilmiş referendum bir daha xalqımızın iradəsini göstərdi. Bir daha göstərdi ki, Azərbaycan xalqı aparılan siyasətə öz dəstəyini verir”, deyən ölkə başçısı vurğulayıb ki, referendum ölkədə yürüdülən siyasətə xalqın böyük etimadının göstəricisidir.

"Bizim siyasətimiz milli maraqlar üzərində qurulub. Bizim siyasətimizin təməlində Azərbaycan xalqının maraqları, milli dəyərlər durur. Bu gün istənilən beynəlxalq forumda Azərbaycan öz sözünü deyir, öz yolu ilə gedir. Müstəqillik, ləyaqət yolu ilə gedir, heç kimin qarşısında gözükölgəli deyil, heç kimin diktəsi ilə oturub-duran deyil”.

Referendum...

İ.Əliyev qeyd edib ki, referendum ölkənin gələcək inkişafını müəyyən edir.

"Mən son 13 il ərzində çalışmışam ki, bu yüksək etimadı öz işimlə, fəaliyyətimlə doğruldum. Şadam ki, bu gün Azərbaycan doğrudan da dünyada seçilən ölkələrdəndir. Təhlükəsizlik təmin edilir, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır, beynəlxalq nüfuz artır, ordu quruculuğu uğurla gedir”.

Prezident dünyada böhranın olduğunu, Azərbaycanın isə iqtisadi sahədə inamla inkişaf etdiyini vurğulayıb.

"Heç vaxt tarixdə Azərbaycan indiki qədər güclü, indiki qədər azad və müstəqil olmamışdır. Biz tarixi yaxşı bilirik, müxtəlif dövrlərdə Azərbaycan ərazisində dövlətlər, müxtəlif ictimai idarəetmə formaları olub. Ancaq bugünkü dövr əsl müstəqillik dövrüdür. Heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir, inamla irəliyə gedirik və perspektivlər də çox açıqdır, aydındır. Biz bilirik nə istəyirik. Cəmiyyətdə Azərbaycanın inkişafı ilə bağlı fikir ayrılığı yoxdur və dünənki referendum bunu bir daha təsdiq etdi”, İ.Əliyev əlavə edib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az