“Həbs olunan narkotik satanlar pul verərək azad olunurlar” – Aslan İsmayılov

“Həbs olunan narkotik satanlar pul verərək azad olunurlar” – Aslan İsmayılov

" Sizləri narkotiklərlə mübarizəyə səsləyəndə, səmimi deyim, bu bəlanın bu miqyasda olduğunu bilmirdim. Hər gün həbs olunanlar barədə məlumat aldıqca dəhşətə gəlirəm. Sən demə, Azərbaycanda neft sektorundan sonra ən böyük dövriyyəsi olan qeyri-neft sektoru məhz narkotik alveri imiş. Sizi bir daha Vətən Müharibəsində olduğu kimi, bu bəlaya qarşı birləşib sona qədər mübarizə aparmağa çağırıram”.

Miq.Az-ın xəbərinə görə, bunu çağırışla hüquqşünas Aslan İsmayılov çıxış edib.

A.İsmayılov bildirib ki, bu mübarizədə ən böyük problem bu günə qədər də yalnız sıravi narkotik satıcılarının həbs edilməsidir: "Bu şəbəkəni idarə edənlərdən, onların cinayətlərini gizlədənlərdən, onun belə geniş yayılmasına şərait yaradanlardan bir nəfər də həbs edilməyib. Bu günlərdə çoxlu sayda məktublar alıram ki, həbs olunanlardan azad olunanlar var, bir çoxları isə pulunu verib, az sonra prokurorluq və məhkəmələr vasitəsilə azad olunacaqlar. Bu reallıqdır. Az əvvəl yazmışdım ki, Xətai rayonunda bir narkotik alverçisi prokurorluq və məhkəmə tərəfindən azad olunub və həmin narkotaciri həbs etmiş polis işçilərinə qarşı cinayət işi açılıb. Ona görə də hamınızdan xahiş edirəm ki, həbs olunub sonra prokurorluq və məhkəmə tərəfindən azad olunmuşlar barədə məlumatları ictimailəşdirin, yaxud səhifələrimə yazın (anonimlik qorunur). Bilin ki, bu dəfə biz sona qədər mübarizə aparmasaq, onlar bizim balalarımızın, gələcəyimizin sonuna çıxacaqlar. Bu günə qədər bu mübarizədə öndə olmalı Prokurorluq orqanlarının susması da təsadüfi deyil. Səhiyyəyə cavabdeh olan şəxslərdən tələb olunmalıdır ki, təcili narkotikə aludə olmuş şəxslərin müalicəsi üçün yeni reabilitasiya mərkəzləri açsınlar. Ancaq birlikdə və israrlı olsaq, sosial şəbəkələr üzərindən güclü ictimai nəzarət yarada bilsək bu bəladan qurtula bilərik”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az