Həmişə oxunacaq... Jurnalist! Müəllim!

Həmişə oxunacaq... Jurnalist! Müəllim!

Aydın Canıyev

 

Adı: Qulu

Soyadı: Məhərrəmli

Doğum yeri: işğalda - Zəngilan

İş yeri - məşğuliyyəti: efir(dən danışmaq və efirdən yazmaq), teletənqidçi, filologiya elmləri doktoru, BDU-da professor, əməkdar jurnalist

Sərvət deklorasiyası: 14 monoqrafik, 2 elmi-publisistik əsər, 9 dərslik və dərs vəsaiti, 3 lüğət, 19 filmə ssenari, jurnalistika üzrə bütün ali mükafatlar, ailə, ev-eşik, nəvələr, ölkədə və ölkəcə məşhur dostlar, kifayət qədər sanballı tələbələr və... qosqoca 64 il.

Adamın gördüyü işləri, apardığı və müəllifi olduğu verilişləri, yazdığı kitabların adını sadalamaqdan adam yorulur (bu, pisdir) və Adam - Qulu Məhərrəmli yorulmur (amma bu, yaxşıdır).

Qulu Məhərrəmli 10 yaşım olanda jurnalistikanı bitirib, 20 yaşım olanda oxuduğum jurnalistikaya müəllim gəlib, 30 yaşım olanda baş müəllim, elmlər namizədi olub, 40 yaşımda jurnalistika üzrə bütün ali mükafatları alıb, 50 yaşımda - sərvət deklorasiyasına bir də nəzər yetirin. Deməyim o ki, elə adamlar var, onlar ömrümüz boydadı, ömrümüzə bərabərdi və ömrümüzə yaraşıqdı: tutuşdururuq, oxşadırıq, müqayisə edirik, uyğunlaşdırırıq, dəyərləndiririk, hər bir mərhələdə nəzər yetiririk.

Bu gün ad günüdü. Əvvəldən də bilirdim. Amma lap axırda yazdım: Qulu müəllim elə adamdı ki, özünə və sözünə dəyər verən adamları çox yüksək qiymətləndirir, axtarır, tapır, indiyə qoy başı qarışsın, heç bilməsin təbrik eləmişəm.


Hə, ordan davam edək ki, Qulu müəllim jurnalistika üzrə ilk elmlər doktorudu. Ondan da əlavə deyək ki, Qulu müəllimin xoşbəxtliyi həm də odu ki, o, jurnalistlərin müəllimidi. Hakimin, həkimin, mühəndisin müəllimi əhatə dairəsinə məclisdən məclisə gələr, xatırlanar, ancaq jurnalistin müəllimi həmişə. Təvazökarlıqdan nə qədər uzaqlığını özünüz təyin edin, amma, məsələn, Aydın Canıyev kimi (buracan yazını oxuyan digər möhtəşəmlər adlarını əlavə etsələr, etiraz etmərəm) jurnalistin müəllimi olmuş Şirməmməd Hüseynov, Nəsir İmanquliyev, Famil Mehdi, Qulu Xəlilli, Tofiq Rüstəmov, Akif Rüstəmov, Nəsir Əhmədli, Məmmədismayıl Mehdiyev, Fidan Rzayeva həmişə bu və ya digər şəkildə xalqa ən əziz müəllimlər kimi təqdim olunacaq, xatırlanacaq, dəyərləndiriləcək, əzizlənəcək! İndi tay orasın deyə bilmərəm Qulu Məhərrəmlinin tələbələri içində neçə belə Aydın Canıyev (digər möhtəşəmlər də həmçinin) var, olacaq, ancaq bildiyim odu ki, bu jurnalistika fakültəsi nə qədər tələbə qəbul edib məzun edəcəksə, Qulu Məhərrəmlinin adını mütləq və mütləq biləcəklər, yazdığını oxuyacaqlar - xoş o tələbələrin halına ki, həm də Qulu müəllimin yazdıqlarından, danışdıqlarından başqa, özündən də öyrənmək şansları var!

Qulu müəllimdən çox şey öyrənmək olar, amma öyrənilməli ən birinci "biclik" elə Müəllimliyidi!

İkinci "biclik"... vətəndaş aktivliyidi - ictimai-siyasi proseslərin ən qaynar nöqtələrindən, koordinatlarından özünü əsirgəməz!

Üçüncü "biclik"... ictimai-siyasi və mətbu çevrənin ən avara adamı da gecənin bir yarısı zəng eləsə, evdə, ya bağda olsun, fərq eləməz, durub gələr, adamla həmsöhbət olar və dərdini-dərmanını edər, çarəsini bular, üstündə ittiham saxlamaz.

O biri "biclik"ləri sıralamadan təkcə onu deyim ki, bu gün Qulu Məhərrəmli haqqında düşünəndə bir fakt, bir fikir beynimə gəlib.

Deməli, 1998-ci ildə Moskvada bir "dana" ilə bir məclisə düşəsi oldum. Təbii ki, mən müxalifətçi imicli olduğumdan "dana" qayıtdı ki, "neynirəm sənin Elçibəyini, Etibar Məmmədovunu, İsa Qəmbərini, İlham Əliyevin bir dənə "vizitka"sı mənə 8 milyonluq Azərbaycan xalqından əzizdi".

"Dana"nın hər cür imkanı vardı, mənim heç bir...


Və Qulu müəllimi fikrləşəndə həm də ağlıma bu gəldi: "Dünyada mübarizə aparan bütün xalqlar, siyasi təşkilatlar, vətəndaşlar sonda qalib gəlib, tək bizdən başqa".

Niyə bu fikir və bu fakt ağlıma gəldi, onu deyim: həyatın bütün "biclik"lərindən "5" alan, hətta mükafat sahibi olan Qulu müəllim az qala 10 ildi... Az.TV sədri ilə döyüşür, əsəblərini korlayır, vaxtını itirir, halbuki daha faydalı ola bilərdi cəmiyyət üçün. Səbəbin biri ağlıma gələn fikirdisə, ikincisi də elə 1998-ci ildən "dana"ların özlərinə prioritet saydıqları prinsiplərdi.

Mən Qulu müəllimə arzulamağa bir şey tapmıram: çünki adam Müəllim və Ustad! Həyatı, illah da ki, jurnalist həyatını necə yaşamalı, nə etməli sualına çox gözəl cavab verib bu 64 illik ömründə - Zəngilandan Şuşaya, Şuşadan Bakıya tək canına üz alıb gəldiyi yolu çox böyük uğurla, alnıaçıq, üzüağ, bacardığı qədər də şərəflə və ləyaqətlə addımlayıb! İndi orası ayrıcalıq da təşkil edə bilər ki, namərdə namərdin diliylə cavb verib, əgər veribsə...

Odu ki, onun ad günündə özümə arzulayıram ki, tərcümeyi-halında 65-in, 70-in, 80-ın da özəl faktları olsun, necə ki, mənim 10, 20, 30, 40, 50 yaşım üçün müqayisə etməyə dəyərlər qazanmışdı!

Qulu müəllim əlbəttə ki, yaradıcı adamdı və biz də əlbəttə ki, Yaradıcılığa laqeydləşmiş insanlar ölkəsinə gəlib çıxmışıq və xoşbəxlik ondadı ki, Qulu müəllim həmişə oxunacaq! Bu kütləni idarə etmək üçün adamlar efiri bilməlidi! Efiri öyrənməyə isə Ustad Qulu Məhərrəmli və kitabları var!

Təbrik edirəm, həmişə oxunacaq, baxılacaq efir adam, Müəllim və Ustad!

SAĞLIQ ƏVƏZİ: Qulu müəllim, o məşhur lətifədə deyildiyi kimi, Səni eşitməyənlər, Sənin ardınca getməyənlər... Brejnevin dalınca gedəcəklər! Sizi eşidənlərin, Sizin dalınızca gələnlərin şərəfinə!

 

Miq.az

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az