Hərbi ekspertdən koronavirus XƏBƏRDARLIĞI- "SABAH artıq gec olacaq"

Hərbi ekspertdən koronavirus XƏBƏRDARLIĞI-

Əziz dostlar! Hörmətli həmkarlar!

Yazacağım qeydlər ola bilsin ki, tibb sahəsinin peşəkarları üçün bir qədər qeyri-peşəkar görünsün. Amma, daxilimdə olan çox böyük narahatçılıq məni məcbur edir ki, bu haqda bir daha həyacan təbili çalım.

Bu koronavirus ilə bağlı vəziyyət gördüyünüz kimi, get-gedə qəlizləşir və dərinləşir. Mütəxəssilərin təxmini hesablamalarına görə, bu zəhrimarın Azərbaycan üçün ən təhlükəli və çətin dövrü APREL ayında olacaq. Dünyada baş verən hadisələri azca incələyəndə, biz hər gün həm ölkələrin sayının artdığını, həm də bu ümumbəlaya yoluxanların sayının da çoxaldığının şahidi oluruq. Bu gün İtaliyada, İranda gün ərzində dünyasını dəyişənlərin sayının artıq 3 rəqəmli olduğunu nəzərə alsanız, deməli, vəziyyət get-gedə tündləşir. Bizim səhiyyə orqanları isə vəziyyətin ciddiliyini hələ də tam anlamayıblar. Bir neçə gün bundan əvvəl, yenə mətbuat üçün brifinq və görüşlər keçirilirdi, indi isə, sanki işlərini başa çatmış kimi özlərini aparırlar.
 

Səlahiyyət sahibləri isə toy və ya yas mərasiminin sahiblərinə və obyektlərin yiyələrinə SADƏCƏ MÜRACİƏT edirlər ki, "baxın da, toy və yas mərasimlərinizi imkan daxilində (?!) azaldın. Ay-hay!!! Ay yoldaş cənablar! Axı, bu son dərəcə ciddi bir vəziyyətdir. Arxayınçılıq və səhlənkarlıq, məsuliyyətsizlik acı nəticələrə və Allah uzaq eləsin, ciddi fəsadlara aparır. SABAH artıq gec olacaq. Vallah, gec olacaq!!!


Çox təəssüflər olsun ki, insan kütləsinin ən çox cəmləşdiyi güc strukturlarında, cəzaçəkmə müəsissələrində real vəziyyətlə bağlı da müfəssəl məlumat yoxdur. 3 generalımızın profilaktika məqsədiylə karantinə yerləşdirilməsi hələ o demək deyil ki, bu sahədə hər şey ciddi nəzarət altındadır. Çalışmaq lazımdır ki, dövlətin və hökumətin bütün müvafiq qurumları formal deyil, real işlər aparsınlar. Bu həm maarifləndirmə işləri, həm də lazımı profilaktik işlərinin aparılmasıdır. İncimək lazım deyil. Toyları da, imkan daxilində yas mərasimlərini də çalışmaq lazımdır, bir qədər az sayda insanların iştirakı ilə keçirək. Vallah, bu sözlərimi oxuyub nə əsəbləşmək lazım deyil, nə də coşub-daşmağa ehtiyac yoxdur. Söylədiklərimi də səmimi və hər birimizi, bütövlükdə ölkəmizi, dövlətimizi, sözün böyük mənasında Azərbaycanın təhlükəsizliyi ilə bağlı məsələ olduğu narahatçılıq kimi qəbul etmənizi xahiş edirəm. Taleyimizə, xalqımızın və millətimizin, Dövlətimizin gələcəyinə dırnaqarası yanaşmayaq. Təki hər şey yaxşı olsun. Buna sevinənlərdən biri mən olaram. Amma, Oqtay Şirəliyev kimi çox məsuliyyətsiz və bivec səhiyyə nazirinə və onun varlığı ilə yoxluğu bilinmədiyinə görə, mən bizə tərəf gələn böyük təhlükəni həm hiss edirəm, həm də görürəm.

Tanrı Azərbaycanı və dünyamızı qorusun!

 
Üzeyir Cəfərov
Hərbi ekspert,
Ehtiyatda olan polkovnik -leytenant
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az