Hicablı qızlara qayıb verildiyi deyilir

Hicablı qızlara qayıb verildiyi deyilir

"Mənim üç qızım məktəblidir. Kənd orta məktəbində təhsil alırlar. Hicab taxırlar. Mən onlara deməmişəm ki, hicab taxın. Özləri belə qərara gəliblər. Mən də buna təbii baxıram. Kəndə kimsə hicab taxır, kimsə taxmır,bu heç kimi narahat etmir. Hər bir vətəndaş bu məsələdə azaddır. Lakin, hicaba görə, məktəbdə uşaqlarıma narahtçılıq yaradırlar.”

Bunu Astara rayonun Rüdəkənar kənd sakni Ülvi Quliyev deyir. Onun bildirməsinə görə, qızları məktəbdə hicaba görə, təzyiqlə üzləşiblər:

"Qızlarım onlara deyib ki, hicabı könüllü taxırıq”

"İki nəfər girib sinifə hicaba görə, qızlarıma suallar veriblər.Nə üçün taxırsız? Məktəbli forması var, olmaz. Mənim adımı soruşublar. Narahatçılıq yaradıblar. Qızlarım onlara deyib ki, hicabı könüllü taxırıq. Atamız da desə çıxardın, çıxartmarıq”.

Ü. Quliyevin bildirməsinə görə, iqtisadi vəziyyəti yaxşı deyil.Heç yerdə iş tapa billmir.Bahaçılıqdır.Qazın,işığın pulunu güclə çatdırıdı,onu da bahalaşdırıblar:

 Ülvi Quliyev

"Hicabla maraqlanırlar, qazla, işıqla yox…”

"Hicabla maraqlanırlar, amma bu problemlərlə maraqlanmırlar. Mən bilsəm ki, bunlar bizə görə narahtdırlar, qəbul etmək olar. Amma elə deyil. Məktəb direktorunun yanında oldum. Mənə deyir ki, onların kim olduğunu bilmir. Güya direktor deyib ki, məktəbdə hicabı qadağan edən qanun varsa assınlar qapıda, hamı görsün.”

Ülvi Quliyev rayon təhsil şöbəsində də olub. Orda da bu məsələyə aydınlıq gətirməyiblər:

"Ölkədə islam oyunları keçiriləcək, burdan hicabı qoymurlar. Nədən ehtiyat edirəm? Hicabla məktəbə buraxmazlar, uşaqlar dərsdən qalar. İndiyə kimi bu barədə heç bir narahatçılıq yox idi. Ölkədə islam oyunları keçiriləcək, burdan hicabı qoymurlar.”

Astara, hicablı məktəblilər

Ölkə saytlarında Astara Pedaqoji Kollecində də hicabla bağlı yoxlamaların keçirildiyi barədə məlumatlar yer alıb. Məlumatlarda bildirilir ki, dərsdə hicabla əyləşən qızlara qayıb yazılıb. Bu yolla onlara təsir göstərmək istəyirlər.

Astara Pedaqoji Kollecindən bu məsələ ilə bağlı suallarımıza cavab vermədilər.

Astara Rayon Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədova isə şikayətlərlə bağlı bunları söylədi:

Şöbə müdiri: "Bizdə din dövlətdən ayrıdır ”

"Şagirdlərin vahid geyim formaları var. Məktəbə gələrkən hamı bu geyimdə olmaldır. Qayda belədir. Bu qayda kiminsə istəyi ilə deyil. Bizdə din dövlətdən ayrıdır. Məktəblərdə bu səpkidə söhbətlər gedir. Hicabla parta arxasında əyləşən məktəbliləri başa salırıq. Burda məcburiyyət yoxdur. Lakin qanun var, hamı ona hörmət etməlidir.”

Mədəniyyət işçisi Vaqif Əhmədoğlu deyir ki, rayonlarda hicab örtən qadınların sayı elə də çox deyil. Hicablı məktəbliləri isə barmaqla saymaq olar:

"Kütləvi hal yoxdur. Bakı şəhərində hicablılar daha çoxdur. Hicaba qadağa da insan hüquqlarını pozmaq deməkdir. Deyirlər vahid məktəbli forması var, başa düşüləndir. Ancaq insanları da başa düşmək lazımdır. Bu məsələni qadağalarla yox, təbliğatla həll etmək lazımdır.”

Azərbaycanda vahid məktəbli forması
 
"Vahid məktəbli forması var”

Lənkəran Müəllimlər Cəmiyyətin sədri Rahim Nuriyev də deyir ki, bu məsələyə həssaslıqla yanaşmaq lazımdır:

"Bunun hüquqi və mənəvi tərəfi var. Hüquqi tərəfi odur ki, vahid məktəbli forması var. Tutaq ki, kimsə əsgərliyə gedir və orduda qəbul olunmuş formanı geyinir. Burda da belə olmalıdır. Qaldı məsələnin ikinci tərəfinə, dinlə bağlılığı var, bunu nəzərə almaq lazımdır. İşlədiyim Lənkəran şəhər orta məktəbində belə söhbətlər yoxdur. Bizdə şagirdlərdən də, müəllimlərdən də hicab taxanlar var. Diqqəti çəkmir. Hicab taxanlar azdır.”/azadliq.org/

Miq.Az 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az