İlham Əliyev: "15 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur"

İlham Əliyev:

Bizim inkişafımızın təməlində həm düşünülmüş siyasət, həm güclü iradə, eyni zamanda, güclü iqtisadiyyat dayanır. Biz güclü iqtisadiyyat qura bilmişik, bu gün heç kimdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik və iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Son 15 ilin göstəriciləri bunu əyani sübut edir. İqtisadi baxımdan 15 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur. Hətta böhranlı illərdə də biz öz iqtisadi gücümüzü qoruya bilmişik. Deyə bilərəm ki, biz böhrandan az itkilərlə çıxa bilmişik.

Miq.Az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Əvvəlki illərdə və bu il aparılan islahatların gözəl nəticələr verdiyini vurğulayan Prezident ilin birinci yarısının inkişaf göstəricilərini diqqətə çatdırıb: "Altı ay ərzində ümumi daxili məhsul 1,3 faiz artıb. Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Ondan daha yaxşı göstərici odur ki, qeyri-neft sektorumuz 2 faiz artıb. Sənaye istehsalı 1 faiz artsa da, bu da məqbul rəqəmdir. Qeyri–neft sənayemiz 8,8 faiz artıb. Bu, onu göstərir ki, qeyri-neft sektoruna qoyulan investisiyalar, sahibkarlara göstərilən dəstək öz bəhrəsini verir.

Kənd təəssüratı 7,6 faiz artıb. Bitkiçilik 14 faizdən çox artıb. 67 min yeni iş yeri yaradılıb. Onlardan 58 mini daimi iş yeridir. Ölkə iqtisadiyyatına 6 milyard dollar sərmayə qoyulub. İnflyasiya cəmi 3 faizdir. Əhalinin pul gəlirləri 9,3 faiz artıb. İnflyasiyanın aşağı səviyyədə olması onu göstərir ki, ölkəmizdə makroiqtisadi sabitlik tam təmin edilir.

Xarici ticarət dövriyyəsi 35 faiz artıb. İxrac 34 faiz, o cümlədən qeyri-neft ixracı 20 faiz artıb. Xarici ticarətin müsbət saldosu 4,2 milyard dollardır, əlbəttə ki, ilin sonuna qədər daha da artacaq. Bu, çox böyük rəqəmdir, bir daha onu göstərir ki, makroiqtisadi sabitlik tam təmin edilir. İlin əvvəlindən valyuta ehtiyatlarımız da artıb və bu gün ölkəmizin valyuta ehtiyatları 44,3 milyard dollar təşkil edir. İlin sonuna qədər bu rəqəm daha da böyüyəcək. Bu, onu göstərir ki, biz çox inamla inkişaf edirik. İqtisadi inkişaf davam etdiriləcək. Sənaye, kənd təsərrüfatı sahələrində bu il böyük işlər görülüb”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az