İlham Əliyev kənd təsərrüfatında yeni sistemin ANONSUNU VERDİ: "Yeni texnologiyaların tətbiqi"

İlham Əliyev kənd təsərrüfatında yeni sistemin ANONSUNU VERDİ:
 
Kənd təsərrüfatı qarşısında duran əsas vəzifə bu sahəni yüksək texnoloji sahəyə çevirməkdir. Bəzilərində belə təsəvvür var ki, kənd təsərrüfatı, necə deyərlər, elə ənənəvi qayda ilə inkişaf edə bilər. Bu, qətiyyən belə deyil. Bu gün dünyada elə texnologiyalar var ki, məhsuldarlığı bir neçə dəfə artırır. Biz həm aqrotexniki tədbirlərlə bağlı texnologiyaları, həm də su ilə təminat texnologiyalarını Azərbaycana gətirməliyik. Elə müasir suvarma sistemləri var ki, hər bir qarış torpaqdan maksimum səmərə ilə istifadə olunur. Bu texnologiyaları biz Azərbaycana gətirməliyik və elektron kənd təsərrüfatı sistemini nəhayət ki, tətbiq etməliyik.

Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

"Baxmayaraq ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz tapşırıqlarımı vermişdim, elektron kənd təsərrüfatı sistemi Azərbaycanda istədiyimiz formada, lazım olan formada mövcud deyil. Problemlər də məhz bundan qaynaqlanır. Ona görə, ən müasir texnologiyalar tətbiq edilməlidir. Xarici mütəxəssislər cəlb edilməlidir. Bu istiqamətdə artıq işlər görülür. Biz hər bir qarış torpaqdan səmərəli istifadə etməliyik. Mən dəfələrlə demişəm, kənd təsərrüfatı Azərbaycanda müəyyən dövrdən sonra ancaq intensiv yollarla inkişaf edə bilər. Biz hazırda böyük meliorasiya tədbirlərini görürük ki, suvarılmayan daha böyük torpaqlara su gətirək. Biz buna nail olacağıq. Ancaq bizim torpaq, yəni, ərazi imkanlarımız o qədər də geniş deyil. Ona görə, ancaq səmərəli kənd təsərrüfatının inkişafı və yeni texnologiyaların tətbiqi nəticəsində biz istədiyimizə nail ola bilərik”, - deyə dövlətimizin başçısı qeyd edib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az