İlham Əliyev nekroloq imzaladı

İlham Əliyev nekroloq imzaladı
Azərbaycan prezidenti İlham Əliyev görkəmli bəstəkar, Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq Artisti, professor Xəyyam Hadi oğlu Mirzəzadənin ölümü ilə bağlı nekroloq imzalayıb.

Miq.az
xəbər verir ki, nekroloq ölkə başçısı, vitse-prezident, Baş nazir və digər rəsmi şəxslər tərəfindən imzalanıb:
"Xəyyam Mirzəzadə 1935-ci il oktyabr ayının 5-də Bakı şəhərində anadan olub. O, 1952-ci ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdində 10 illik musiqi məktəbini bitirdikdən sonra həmin il Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş, 1957-ci ildə ali təhsilini dahi bəstəkar Qara Qarayevin sinfində bəstəkarlıq ixtisası üzrə başa vurub.
Əmək fəaliyyətinə 1957-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim kimi başlayan Xəyyam Mirzəzadə burada baş müəllim, dosent və professor vəzifələrində çalışmış, 1971–1983-cü illərdə isə bəstəkarlıq kafedrasının müdiri olub. O, 1983-cü ildən 2005-ci ilədək həmin təhsil müəssisəsinin professoru olaraq gənc musiqiçilər nəslinin yetişdirilməsində və yüksək ixtisaslı peşəkar musiqiçi kadrların hazırlanmasında xüsusi xidmətlər göstərib.
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Xəyyam Mirzəzadə musiqi mədəniyyətimizin inkişafında əhəmiyyətli rol oynamış sənətkarlardandır. Onun milli musiqi ilə müasir bəstəkarlıq texnikasının üzvi əlaqəsinə əsaslanan və özünəməxsusluğu, ifadəliliyi, dinamizmi ilə səciyyələnən geniş diapazonlu yaradıcılığı Azərbaycanın zəngin musiqi sənəti salnaməsinin parlaq səhifələrindən birini təşkil edir.
Qara Qarayev məktəbinin istedadlı yetirməsi və davamçılarından olan Xəyyam Mirzəzadə dünya musiqi irsinin nailiyyətlərindən uğurla bəhrələnərək müxtəlif janrlarda qiymətli əsərlər meydana gətirib. Ayrı-ayrı illərdə bəstələdiyi instrumental, vokal, simfonik, xor və kamera əsərləri sənətkara şöhrət qazandırıb. Azərbaycan kinematoqrafiyasının qızıl fondunu təşkil edən bir sıra filmlərə, eləcə də çox sayda dram tamaşalarına onun yazdığı musiqilər öz ifadə vasitələrinin rəngarəngliyi və məzmun dolğunluğu ilə dinləyicilərin zövqünün formalaşdırılmasına xidmət etmiş, musiqi mədəniyyətimizin təqdirəlayiq nümunələri olaraq yüksək dəyərləndirilib. Ölkənin musiqi ictimaiyyəti Xəyyam Mirzəzadəni eyni zamanda gözəl nəğmələrin müəllifi kimi tanıyırdı. Onun bəstələdiyi mahnılar uzun illər Azərbaycanın görkəmli ifaçılarının repertuarını zənginləşdirib.
Xəyyam Mirzəzadənin respublikamızın hüdudlarından uzaqlarda və dünyanın mötəbər salonlarında, böyük orkestrlərdə və musiqi festivallarında müvəffəqiyyətlə səslənən əsərləri Azərbaycan musiqisinin təbliği işinə mühüm töhfə olub.
Bəstəkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsindəki uzunmüddətli səmərəli fəaliyyəti lazımınca qiymətləndirilmişdir. O, bir çox fəxri adlara layiq görülmüş, Azərbaycan Respublikasının ali mükafatlarından olan "Şöhrət” və "Şərəf” ordenləri və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
Görkəmli bəstəkar, mahir pedaqoq və səmimi insan Xəyyam Hadi oğlu Mirzəzadənin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq”.
Allah rəhmət eləsin!
İlham Əliyev
Mehriban Əliyeva
Novruz Məmmədov
Oqtay Əsədov
Ramiz Mehdiyev
Əli Əhmədov
Fərəh Əliyeva
Əbülfəs Qarayev
Ceyhun Bayramov
Firəngiz Əlizadə
Fərhad Bədəlbəyli
Arif Məlikov
Fidan Qasımova
Tofiq Bakıxanov
Rauf Abdullayev
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az