İlham Əliyev Şeyxdən danışdı: Həqiqətləri danışıb...

İlham Əliyev Şeyxdən danışdı: Həqiqətləri danışıb...

Hər il olduğu kimi, biz bu il də mübarək Ramazan ayında iftar məclisində görüşürük. Bu gözəl ənənə yaşayır və yaşamalıdır. Bu, Azərbaycanda dövlət-din əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir.

Miq.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev ötən gün keçirilən iftar mərasimində çıxışı zamanı deyib.

"Dövlət-din münasibətlərinin formalaşmasının təşəbbüskarı ulu öndər Heydər Əliyev olmuşdur. Bütün sahələrdə olduğu kimi, Ulu Öndər Azərbaycanın inkişaf konsepsiyasının müəllifidir. İnkişaf istiqamətlərini müəyyən edərkən o, çox böyük uzaqgörənlik göstərmişdir. Bu gün Azərbaycanın uğurlu inkişafı məhz bu konsepsiyanın icrası nəticəsində mümkün olmuşdur. O cümlədən dövlət-din münasibətlərinin qurulması, yaradılması işində Heydər Əliyevin böyük xidmətləri olmuşdur. O, hakimiyyətə gələnə qədər Azərbaycanda bu münasibətlər tənzimlənmirdi və böyük boşluq yaranmışdı. Biz keçən ay Ulu Öndərin anadan olmasının 95-ci ildönümünü qeyd edərkən, əziz xatirəsinə hörmətimizi ifadə edərkən onun xalq qarşısında gördüyü böyük xidmətlər haqqında danışmışıq, onun fəaliyyətini yada salmışıq. Bu gün də şeyx həzrətlərinin təşkil etdiyi iftar məclisində Ulu Öndərin dövlət-din münasibətlərinin tənzimlənməsində gördüyü işlər və oynadığı rol haqqında danışırıq və bu, təbiidir.

Şeyx həzrətlərinin bu məsələlərin uğurla həlli işində fəaliyyətini mən çox yüksək qiymətləndirirəm. Dövlət-din münasibətlərinin inkişafı şeyx həzrətlərinin böyük əməyi sayəsində mümkün olmuşdur və bu gün bu əlaqələr nümunəvidir. Şeyx həzrətləri nəinki Azərbaycanda, eyni zamanda, Qafqazda, postsovet məkanında, Avropada, ümumiyyətlə, dünyada çox böyük hörmətə malik olan bir din xadimidir. Şeyx həzrətlərinin uğurlu fəaliyyəti Azərbaycanı dünyada öz milli dəyərlərinə sadiq, eyni zamanda, çox açıq, çox tolerant, müasir dövlət kimi təqdim edir. Azərbaycanda dövlət-din münasibətlərinin bu yüksək səviyyədə olmasında şeyx həzrətlərinin çox böyük xidməti var. Mən bilirəm ki, keçən il Azərbaycanda "İslam Həmrəyliyi İli” qeyd olunan zaman şeyx həzrətləri bir çox ölkələrdə Azərbaycan həqiqətləri haqqında danışmış, çıxış etmiş, beynəlxalq konfranslarda iştirak etmiş və ölkəmizin reallıqlarını dünya ictimaiyyətinə çatdırmışdır", - İlham Əliyev söyləyib.

Azərbaycanda bütün dinlərin nümayəndələrinin bir ailə kimi yaşadığını deyən İ. Əliyev bunları qeyd edib: "Bugünkü iftar məclisimizdə səslənən fikirlər, ənənəvi dinlərin rəhbərlərinin çıxışları bir daha bunu göstərir. Azərbaycanda həm dövlət-din əlaqələri, həm dinlərarası əlaqələr nümunəvi xarakter daşıyır. Bilirəm ki, bu məsələlərlə bağlı Azərbaycan modeli bu gün artıq dünyada bir çox yerlərdə öyrənilir. Bu, bizim uğurlu inkişafımız üçün lazımdır. Bu, dövlət siyasətimizin təzahürüdür. Eyni zamanda, bu, cəmiyyətimizin vəziyyətini, cəmiyyətdə mövcud olan ab-havanı əks etdirir.

Azərbaycanda dinlərarası məsələlərlə bağlı çox ciddi düşünülmüş dövlət siyasəti aparılır və bu siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir. Azərbaycanda bu münasibətlərin tənzimlənməsi ölkəmizin uğurlu inkişafını təmin edir. Azərbaycanda mövcud olan milli həmrəylik, vətəndaş birliyi, sabitlik məhz bu münasibətlərin əsasında qurulubdur. Azərbaycan xalqı öz milli dəyərlərinə sadiqdir və Azərbaycan dövləti milli dəyərlər üzərində qurulubdur. Eyni zamanda, Azərbaycan dünya miqyasında dinlərarası, millətlərarası münasibətlərin qurulmasında artıq nümunəvi ölkə kimi tanınır. Biz həm dünyaya Azərbaycandan çox ciddi və müsbət siqnal göndəririk, həm də ölkəmizin uğurlu inkişafı üçün bu münasibətlərin yüksək səviyyədə olması çox önəmlidir. Bizim amalımız birdir, bizim niyyətimiz birdir. Biz istəyirik ki, ölkəmiz daha da güclənsin, daha da sürətlə inkişaf etsin. İstəyirik ki, Azərbaycan xalqı daha yaxşı yaşasın, rifah, sülh, əmin-amanlıq şəraitində yaşasın. Nəinki bunu istəyirik, öz praktiki addımlarımızla bunu təmin edirik".

Miq.Az
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az