İlham Əliyevin İsveçrə səfəri: Kostinlə görüş

İlham Əliyevin İsveçrə səfəri: Kostinlə görüş

Yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb.

Miq.Az xəbər verir ki, Prezident İlham Əliyev yanvarın 20-də Davosda "VTB Bank”ın prezidenti-idarə heyətinin sədri Andrey Kostinlə görüşüb.

Görüşdə "VTB Bank”ın Azərbaycanda uzun müddət uğurlu fəaliyyət göstərdiyi qeyd olundu. Bildirildi ki, Azərbaycan Dövlət Neft Fondu ilə "VTB Bank” arasında səmərəli əməkdaşlıq davam edir. Prezident İlham Əliyev "VTB Bank”ın Azərbaycan iqtisadiyyatının real sektoruna kredit qoyuluşunun artırılmasını təklif etdi.

Andrey Kostin təklifə müsbət yanaşdığını bildirdi və dövlətimizin başçısını əmin etdi ki, "VTB Bank” bu istiqamətdə fəaliyyətini daha da genişləndirəcək.

Söhbət zamanı Azərbaycanla Rusiya arasında bütün sahələrdə olduğu kimi, iqtisadi-ticari sahədə də əlaqələrin uğurla inkişaf etdiyi bildirildi. Ticarət dövriyyəsinin artan istiqamətdə davam etməsinin və daha da sürətləndirilməsinin vacibliyi qeyd olundu.

Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

***

Yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda "Carlyle Group” şirkətinin həmtəsisçisi Devid Rubenşteynlə görüşü olub.

Görüşdə "Carlyle Group” şirkətinin həmtəsisçisi Devid Rubenşteyn rəhbərlik etdiyi qurumla Azərbaycan Dövlət Neft Fondu arasında əməkdaşlığı yüksək qiymətləndirdi və bu əməkdaşlığın gələcək istiqamətləri barədə dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini, ötən il ölkəmizdə qeyri-neft sənayesinin 14 faiz, kənd təsərrüfatının isə 7 faiz artdığını bildirdi.

Söhbət zamanı Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığı qeyd edildi. Ölkəmizlə vəsaitlərin idarə olunması sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan "Carlyle Group” arasında əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulandı.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az