İlkin Şakiroğlu: "Qırx ilimin yoldaşıdır darıxmaq..."

İlkin Şakiroğlu:

İlkin Şakiroğlu

Darıxdım

Qırx ilimin yoldaşıdır darıxmaq,
Günlərimi nəyə bükdüm, darıxdım?!
Hisslərinin həsrətini rəngbərəng
Gözlərimlə nə cür çəkdim, darıxdım.

Harayladım keçmişimi, dinmədi,
Uçan bəxtə əl salladım, enmədi,
Üzüdönən bir yol mənə dönmədi,
Ətəyimdən daşı tökdüm, darıxdım.

Dərviş oldum, mürşidimi tapmadım,
Sevincimi yad əllərdən qapmadım. 
Ayaq azdı, könül yoldan  sapmadı,
Zirvəmdən içimə çökdüm, darıxdım...


***

(Atamın ölümünə)

Canlı ocaq idin dünənə qədər,
Pir idin gözümün qabağında sən.
Bir ovuc qar kimi sıxdım üzümə,
Əridin gözümün qabağında sən.

Hər axşam gəlirsən yuxuma, ata,
Çox az danışırsan, çox az qalırsan.
Hər səhər dururam azan səsinə,
Elə bilirəm ki, namaz qılırsan.

İnanmaq çətindir bu həqiqətə...
Xəyal yuxusundan qopa bilmirəm.
Bütün otaqları gəzirəm, amma,
Səni evimizdə tapa bilmirəm.

Evçün darıxardın uşaqlar kimi,
O boyda ömürün, yaşın altında,
Bəs, indi nə təhər qalırsan, ata,
Torpağın altında, daşın altında?

Səssizcə gedişin bıçaqdan betər,
İşləyir adamın ürəyinəcən.
Sənin toxunduğun hər yer müqəddəs,
Öpürəm qapının dəstəyinəcən.

Bəlkə əlli dəfə söz verdim sənə,
Amma bir sözümün üstə durmadım.
Niyə sarılmadım hər səhər sənə,
Hər axşam kefini niyə sormadım?

Mən indi bilirəm böyüklüyünü,
Hikmət tökülürmüş dodaqlarından.
Kaş ki, bircə dəfə geri dönəydin,
Əyilib öpəydim ayaqlarından.


***

Hiss edirəm əllərin
Əllərimə yadlaşıb.
Bu günkü görüşümüz
Ayrılığa kodlaşıb. 

Ayrılığın adına
Sən nifrət de, mən ölüm. 
Daha səni qaytarmaz
Mənim bircə "sənöl" üm. 

İstəyirsən öl elə
Vecimə də deyil heç. 
Qollarım kəfənindi 
Məzar kimi məni seç. 

Seçməsən də razıyam
Bədənimi bezdirmə. 
Qaytar əllərimi də
Saçlarında gəzdirmə... 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az