Çinarə Ömrayın "Arzu"su...

Çinarə Ömrayın
Çinarə Ömray
 
 
 
                                          ARZU 

                                        (Hekayə)
 
Biz iki bacıyıq, qardaşımız yoxdu...Atamgil beş qardaş, bir bacı, anamgil isə iki bacı, iki qardaş idilər.
Əmim rəhmətə gedəndə biz uşaq idik...Bibimin necə yana -yana ağlamağı hələ də gözümdədi. Elə içdən qardaş- deyib qışqırırdı ki, adamın ruhu bədənindən qaçmaq istəyirdi səsdəki əzabdan, ağrıdan.
Bir də dayım...Xəstə yatağında idi. Həkim ömrünün sonuna sayılı günlərin qaldığını demişdi.
Bacım məndən üç yaş balacadı. Onda mən dördüncü, bacım isə birinci sinifdə oxuyurdu.
Bir gün dayımın yanında idik...Birdən anam soruşdu ki;
 
- Ramil nə olsa yeyərsən? Bax, ürəyinnən nə keçir de. Mən tapacam sənə.
 
Dayım düşünmədən dedi ki;
 
- Acıqıcı- bu bitkiyə bəzi yerlərdə də "su otu" da deyirlər. Əsasən aprel, may aylərı bitir və suyun içində olur.
 
Olsa yeyərəm- dedi.
 
Anam bizi də götürüb evə gəldi. Tam yadımda deyil kimsə dedi ki, bəs zavodların yanında elə bir yer var turba deşilib şorlar suyu ora tökülür və həmin bitkini ordan tapmaq olar. Anam həmin qadını da götürüb dediyi yerə getdi. Hansı ki, evdən bazara belə heç vaxt getmirdi.Bizim hər problemimizə atam qaçdığı üçün, anamın evdən çıxmasına gərək qalmırdı. Ona görə də çox yeri tanımırdı.
...Anam evə gələndə bütün suyun içində idi. Dizlərinə qədər suya girmişdi o bitkini yığa bilmək üçün.
Bacım anama baxıb dedi:
 
- Kaş mənim də qardaşım olardı, belə xəstə olardı, məndən də o otu istəyərdi, mən də belə həvəslə gedib onu yığardım.
 
Onda bacım birinci sinifdə oxuyurdu. Niyə belə dediyini bilmədim. Amma anamın bu addımına elə həyəcanla baxırdıq ki, sonra da heç nə olmamış kimi paltarını dəyişib tez dayımgilə getdi.
Üç gündən sonra dayım rəhmətə getdi...
Hərdən düşünürəm yaxşı ki, qardaşım yoxdu.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az