İsrail parlamenti də özünü buraxdı: Yeni seçki təyin edildi

İsrail parlamenti də özünü buraxdı: Yeni seçki təyin edildi

İsrail Parlamenti (Knesset) özünü buraxıb.

"Miq.Az" "Reuters”ə istinadla xəbər verir ki, yeni parlament seçkisinin 2 mart 2020-ci ildə keçirilməsinə qərar verilib. Bu, son bir ildə üçüncü seçki olacaq.

Qeyd edildiyi kimi, parlament baş nazir Benyamin Netanyahu və onun əsas rəqibi Beni Qansın yeni koalisiya hökumətini yarada bilməməsindən sonra bu qərara gəlib.

Knessetdə iştirak edən 94 deputatın hamısı qanunun lehinə səs verib.

Xatırladaq ki, İsrail fələstinlilərini təmsil edən partiyalardan təşkil olunmuş Birgə Ərəb Siyahısı Bloku seçkidən sonra "Mavi-Ağ Alyans”ın lideri Benni Qansın koalisiya hökumətinə baş nazir seçilməsini təklif etmişdi.

Birgə Ərəb Siyahısında Cəbhə (Hadash), Ərəb Dəyişikliyi Hərəkatı (Ta'al), Birləşmiş Ərəb Siyahısı (İslam Hərəkatı) partiyaları məsələylə bağlı fikirlərini bölüşmək üçün İsrail Prezidenti Ruven Rivlin ilə görüşə nümayəndələrini göndərsə də, Birgə Ərəb Siyahısının başqa bir partiyası Balad (Tecemmu) Qansın dəstəklənməsinə qarşı çıxaraq görüşə nümayəndə göndərməmişdi.

"Bizim üçün ən vacib şey Benyamin Netanyahunun baş nazir vəzifəsindən getməsidir. Buna görə də növbəti koalisiya hökumətinin baş nazirinin Qans olmasını təklif edirik”, - Birgə Ərəb Siyahısı Blokunun lideri Eymen Avde Prezident Rivlinə demişdi.

Bu görüşdən əvvəl, İsrail prezidenti Qansın partiyası "Mavi-Ağ”ın və Baş nazir Benyamin Netanyahunun partiyası "Likud”un heyətini qəbul etmişdi.
Qeyd edək ki, sentyabrın 17-də İsraildə keçirilən erkən seçkilərin nəticələrinə görə, heç bir partiya 120 yerlik Məclisdə tək başına hakimiyyətə gəlmək üçün tələb olunan 61 yeri qazana bilməyib.

Netanyahunun lideri olduğu "Likud”un başçılıq etdiyi sağçı partiyalar 55, "Mavi-Ağ” və ona dəstək verən solçu partiyalar isə 44 millət vəkili kreslosu qazanıb. 

İsrail fələstinlilərini təmsil edən Birgə Ərəb Siyahısı Bloku seçkilərdə üçüncülük qazanaraq 13 deputatını parlamentə göndərə bilib.

Keçmiş müdafiə naziri Libermanın partiyası "İsrail Evimiz” isə 8 kreslo ilə dördüncü olub.

Miq.Az

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az