Kasıbların başı üzərində AZƏRBAYCAN BAYRAĞI olur

Kasıbların başı üzərində AZƏRBAYCAN BAYRAĞI olur
 
Elgün Gəncimsoy
 
 
Möhümatın (bir balaca da xürafat demək olar) polad kimi möhkəm olduğu bölgədə böyüyüb tərbiyə olunmuşam. Bizim buralarda seyidə, mollaya xüsusi hörmət və ehtiram olunur. Palaza burun,  elnən sürün  misalı - mən də dədələrimin qoyduğu ənənəyə sadiq qalıram. Təbii ki görüntü xatirinə bəzən, bəzilərinə ləyaqət və şərəfinin çəkisindən artıq hörmət göstərirəm. Ermənistan hərbi paradda başqasının silahını  bizə göstərən kimi... 

Xülasə... 

Bir dəfə seyid nəslindən olan, amma, çox ziyalı və hazırcavab, həm də əxlaqlı olan bir dostun idarə elədiyi yas mərasimində iştirak edirdim. Bir nəfər seyidə sual verdi: 

- Seyid, bu nə olan işdir, seyid övladları nadinc olur, amma bizim uşaqlarımız laldinməz? 

Seyid heç gözləmədən məclis iştirakçısının sualına cavab verdi: 

- Siz qara yollarla yığdığınız puldan bizə nəzir gətirirsiniz. Biz də əvəzində sizə zəhmətlə qazandığımız halal puldan "kisədivi" veririk. Sizin uşaqlar o halal pulla qidalanır, bizimkilər isə sizin verdiyiniz haram pulla...

 Yaşlı adam mərasimi olduğu üçün hamı şaqqanaq çəkib gülüşdü. Əslində dini prizmadan yanaşanda seyid haqlıdır... Çünki sual sahibi məmur idi.

Misal çəkməkdə məqsədim sizə yaxın günlərdə polisin otelin hovuzunda tutduğu imkanlı şəxslərin övladları olayından sonra Briliyant Dadaşovanın oğlunun "Instagram" sosial şəbəkəsində xalqı - xüsusi ilə də kasıb təbəqəni "işveren" adlandırmasıdır. Xüsusi ilə də kasıbları otelə dəvət edənin olmaması ilə lağa qoyur. Əcəb edir, - deyək... Amma və lakin yuxarıda çəkilən misal "mamanın gül balasına" cavab oldu. Mənə bir balaca əlavə etmək qalır: 

"Cəngavər", KASIBIN balalarının oteldə nə azzarı var axı? Onlar oteldə istirahət etməyi uşaqlıqdan görməyiblər. Ailələrində uşağı qoyub oteldə istirahətə gedənləri olmayıb ki, onlar da otel həvəsi ilə böyüsünlər... KASIB balaları ataları kimi günəmuzd işdən qayıdıb halal zəhməti ilə qurduğu daxmasında səhərin sübhünə qədər yatmaqla istirahət edir. Oğurlanan milyonluq saatların əqrəbinin göstərdiyi hər saata görə cəmi üç-dörd manat qazanır. Daha saatı filan qiymətə getmir... 

Kasıbların qapısında qaraj, bahalı maşın, sensorlu darvaza, bir evdə bir neçə xüsusi səlahiyyətli qonaq olmur. Onların hamısından üstün və müqəddəs olan AZƏRBAYCAN BAYRAĞI olur. O bayraq ki, onu qapıda dalğalandırmaq üçün KASIB öz balasın verir. Əgər işverən olsaydı, o bayrağı asmaq əvəzinə götürüb sizin qapıya gəlib səndən soruşardı ki, bu bayraqdan, bayrağa bükülü qutudan sizə niyə gətirmirlər?! Kasıb işverən yox, ömür boyu işə götürülən olur. Hansı ki, o işlə gələcəyin şəhidini böyüdür. 

Bir daha mollanın cavabını xatırlatmaq istəyirəm və bildirirəm: suyu dəhnədən bulananı daş da təmizləyə bilmir. Hər şey başdan başlayır. Qohum evi olmayanda parklarda, vağzallarda gecələyən KASIBlara sənin kimilərin iyrənc əməllərlə məşğul olduğu otellərə gedib oranı şərəfləndirməyi rəva görmürəm. Çünki onların dədə-babası, ən əsası nənə-anası otel görməyib... 

Mən ağlım kəsəndən - ta Hacı Məmmədov olayları baş verəndən üzü bəri dövrü mətbuatı yaxından izləyirəm, hələ bir KASIBA işverən ayamasının yapışdığını görməmişəm. Çün... Ki... Onlar mərd olurlar, yaşadıqları çətinliklər onları dəmirçı kürəsində bişən polad kimi edir. Sərt tərkibli, əyilməyən və kimsəni satmayan... 

İndi bir düşün, gör özün özünə haqq qazandırırsanmı?..

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az