"Komandir, ayaqlarınızdan qan axır, yaralanmısınız, döyüş meydanından çıxın, lütfən!"

 
Bu müharibədə Qarabağ və… Qəhrəmanlarımız

… Yaralı zabiti müalicədən sonra evlərinə aparanda zorla yeriyirdi. 9 yaşlı uşağı atasını qarşıladı: bu müharibədə ataların oğullarını, oğulların atalarını bir gözdə yaş qarşılaması bir ayrı zülm. Həqiqətən, "çox təsirli idi” ifadəsi dişsiz açıqlamadır! Qohumlardan kimsə də yaralı zabitin qarşılanma səhnəsini videoya çəkmişdi. "Paylaşmayın!",- dedi yaralı zabit!
- Gözü yolda qalan, oğlu ağır yaralı, şəhid, itkin düşən valideynlər var!
"İndi necəsən, qurban sənə”, - soruşanda acı və təəssüf, nigarançılıq dolu cavab o demək idi ki, hələ bu yara uzun müddət sağalmayacaq!
- Döyüşlərdə itirdiyim əsgər və zabitlərimizi yatanda belə unuda bilmirəm. Yuxum da qaçıb, sutka ərzində 2 saat yata bilirəm, onda da itirdiyim hərbçilərlə döyüş meydanında düşmənlə döyüşürəm!!!

Döyüşdə, həmişə irəlidə gedən komandirlərdən biridir yaralı zabitimiz. Leytenantdan polkovnikəcən bütün rütbələrini səngərdə qazanıb, bütün xidməti dövründə döyüş mövqeyində, ön xəttdə olub.
 
"Səngər aslanları”nın komandiri - polkovnik Xanıyev Lerik rayonu, Züvüç kəndində anadan olub. N saylı hərbi hissənin komandiridir. 

Hücumun ilk günlərindən torpaqlarımızın işğaldan azad edilərək Xocavənd uğrunda əməliyyatlara qədər irəliləyib: gedən son döyüşlərdə ağır yaralanıb.

Yaralı komandir Miq.Az-a qısaca bu Vətən Müharibəsinin icmalını verir:
 
"Bütün xalqın, hər bir vətəndaşın öz şərəf və namusunu qorumaq üçün aparılan müharibəydi! Təkcə əsgər və zabitlərimiz deyil, xalq olaraq qələbə cücərdən, qəhrəmanlar yetişdirən bir torpağın əsirlikdə qalmaması üçün lazım olan bütün imkanlardan istifadə edildi. Ən qanlı döyüşlərə atıldıq, heç kimin ağlına gəlməyən əməliyyatlar qurduq, şükür Allaha ki, Qələbəni qazandıq", -deyir polkovnik Xaniyev. 

"Azərbaycan Ordusunun zabit və əsgərlərinin qələbə qazanacağına həmişə inanmışdım və ordumuzun vətənpərvərlik ruhunun yüksək olması məndə həmişə o inamı yaratmışdı ki, ordumuz Zəfər yürüşündə yüksək nailiyyətlər əldə edəcək. Uzun müddət ön xətdə qazandığım, səngər təcrübəmdən bilirdim ki, xalqın müdafiəsi üçün dayanmış əsgər və zabitlərimizin məqsədi, vəzifəsi birdir: Azərbaycan xalqının qələbəsini təmin etmək, şəhidlərimizin qanını yerdə qoymamaq, ana-bacılarımızın qisasını almaq və ən əsası, üçrəngli bayrağımızı Şuşada dalğalandırmaq! Şükürlər olsun ki, buna da nail olduq!", - deyə davam edir.

"Bu müharibədə qələbəmizi təmin edən ən əsas məsələ Prezident, Xalq və Ordu birliyinin mükəmməl olması idi. Bu Prezident-Xalq-Ordu birliyi səviyyəsi o qədər möhtəşəm idi ki, maksimum ruh yüksəkliyi yaranırdı. Ordumuza, əsgər və zabitlərimizə Cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən həmişə kifayət qədər qayğının göstərilməsi Qələbəmizi daha da sürətləndirdi.  Hər qarış torpağı düşmən tapdağından azad edəndə bu qənaətdə idim ki, ordumuzun qələbə əhvalına köklənmiş ruhundan vətən torpaqları da məmnundu", -deyə bildirir.

Düşmən məğlubiyyəti ilə barışmaq istəməyib. Hətta bir neçə dəfə əks-hücüma da keçiblər:

"Düşmən ordusu hər gün cox ağır itkilər verirdi, amma bu məğlubiyyətlə barışmaq istəmirdi., hətta bir neçə dəfə əks-hücum da təşkil elədilər. Bir dəfə düşmən bizim mövqelərimizi ən ağır dağıdıcı silahlardan - D-20, D-30 toplarından, T-72 tanklarından, "Qrad"lardan atəşə tutdular. Məqsədləri o idi ki, mövqelərimizi dağıdıb hücuma keçsinlər. Qəfil bizimlə üzbəüz mövqelərindən təxminən 70 nəfərlik dəstə ilə hücuma keçdilər. Bir saatlıq döyüşdə düşmənin 48-nin leşi elə döyüş meydanında qaldı. Qalanlarını yaralı halda döyüş meydanından qaçmağa məcbur etdik"

Polkovnik Xanıyevin əhvalı düzəlir, bir az daha şövqlə danışmağa davam edir, "əsgər kimi döyüşmək asandır, yoxsa komandir kimi” sualımıza belə cavab verir:

- Müharibə və döyüş meydanı bizim üçün çox adiləşmişdi. Dünən eyni döyüşə girdiyin silah yoldaşın bu gün sənin yanında yaralanır, səngərdə son tikəni yarıya qədər böldüyün əsgər və zabit döyüş meydanında "Vətən sağ olsun",- deyib şəhid olur. Əsgər və zabitini, silah yoldaşlarını, can qardaşlarını döyüşdə itirmək ağırdı. Amma hər birimiz bu Vətən üçün canımızı verməyə hazır idik, bunu əməlimizlə sübut etdik. O ki qaldı verilən suala... hər ikisi məsuliyyətdi. Amma komandirin məsuliyyəti çox ağırdı, həm döyüşürsən, həm qərar qəbul edirsən və bütün diqqətin tabeçiliyində olanların yanında olur. Məni yaralı halda döyüş meydanından bir əsgər çıxarıb, amma təvazökarlıqdan uzaq olsun, məni tanıyanlar, mənimlə döyüşdə olanlar bilir ki, yaralandığım vaxt da ən öndə mən getmişəm. Əgər əsgər görürsə ki, komandiri, polkovnik ondan qabaqda döyüşür, ondan bir addım təhlükə ilə üzbəüzdü, o zaman o əsgərdə heç zaman qorxu hissi olmaz. Əksinə, daha da şücaətli döyüşür. Bizdə hətta generallar, polkovniklər əllərində silah əsgərlə çiyin-çiyinə döyüşürdülər.

44 günlük müharibənin 43 gününü döyüş meydanında olan polkovnik bu zaman ərzində  üç dəfə yaralanıb. Hətta birində top mərmisindən kontuziya da alıb:

- İki dəfə yanıma mərmi düşdü. Hətta qulaqlarımdan qan açıldı, yanıma düşən top mərmisinin təsir dalğasından. Amma həkim baxdı və dərman yazdı, vəssalam. Birbaşa döyüşə qayıtdım, heç xəstəxanaya belə getmədim. Düzdür, bunu qəhrəmanlıq kimi vurğulamıram, ancaq döyüşün ortasında komandirin vurulması, şəhid olması, yaralanması nə qədər əsgər üçün qürürvericidirsə, bir o qədər də əsgər psixoloji zərbəyə məruz qalır. Əsgərə elə gəlir ki,  komandir əgər onun yanındadırsa, ona nəinki güllə, heç top mərmisi də heç nə edə bilməz. Bayaq da qeyd elədim, yaralanandan 30 dəq sonraya qədər döyüşdə oldum. Əsgərlər "komandir, ayaqlarınızdan qan axır, yaralanmısınız, döyüş meydanından çıxın, lütfən!",- deyirdilər. Amma bütün ağırılara sifətimdəki təbəssümlə sinə gərərək, əsgəri ruhdan salmaq istəmirdim. Müvazinətim zəifləyənə qədər döyüşdüm. O zamana kimi ki, başım hərləndi, dünya başıma dolandı. Ancaq nə olursa olsun, aldığımız yüksəkliyi vermədik. İlk yaralananda yaram isti idi deyə hiss etmədim, baxmayaraq ki, sonradan bilindiyi kimi, 27 qəlpə var idi ayağımda. 

Polkovnik Xanıyevi yaralarıyla birgə evində uşaqlarıyla, ailəsiylə, qohumlarıyla baş-başa buraxıb ayrılıram. Tanıdığım uzun illər ərzində ilk dəfəydi Komandiri arxayın görürdüm heç vaxt rahat qala bilmədiyi ocaqda: Vətən torpaqları düşməndən azad olunmuşdu! Polkovnik Xanıyev müzəffər və rəşadətli Azərbaycan Ordusunun zabiti olaraq tarixin və taleyin sınağından şərəflə çıxmışdı! Yaraları ağır olsa da, öz canını çətin nəfəs alsa da, Vətən və Dövlət, torpaq adına rahat nəfəs alırdı… hələ işğaldan azad olunmağı təsdiqlənməyən torpaqlar üçün isə…cəmi iki saat yatdığı yuxusunda da döyüşüə davam edirdi: həm diri qalan əsgər və zabit yoldaşlarıyla birgə,həm də şəhid olan əsgər və zabirtlərin ruhlarıyla!!!
Vətən polkovnik Xanıyev kimi zabitlərdən boldur!
Cənab Ali Baş Komandanın dediyi kimi: torpaqların işğaldan azad olunması hərbi müstəvidən siyasi müstəviyə keçib. Və hərbi müstəvidə 5 alan zabitlərimizdən biri də Xaniyevdir… Ordumuzla birgə!

Qarabağ Azərbaycandır!
Azərbaycan qalibdir!
Gerisi təfərrüat…

Aqil Alişov
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az