“Laçında xalq oyunları və meydan tamaşaları” layihəsi başa çatıb

“Laçında xalq oyunları və meydan tamaşaları” layihəsi başa çatıb

Azərbaycan Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin qaliblərindən olan "Laçında xalq oyunları və meydan tamaşaları” layihəsi çərçivəsində nəşr edilən eyniadlı kitabda hazırda Ermənistan silahlı birləşmələrinin işğalı altında olan Laçın rayonunda xalqımızın adət-ənənələrini, etnoqrafiyasını özündə yaşadan xalq oyun və meydan tamaşaları haqqında məlumatlar əks olunub. 

Layihə Ağcabədidə Taxtakörpü ərazisində laçınlı məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə yerləşən  Laçın rayon 37 saylı orta məktəbində və Abşeronda yerləşən Laçın rayon 6 saylı tam orta məktəbində   keçirilib. Müəllim və şagirdlərinin iştirak etdiyi mərasimlərdə layihənin rəhbəri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtetinin tələbəsi Vüsalə  Musazadə Azərbaycan Gənclər fonduna dəstəyə görə təşəkkür edərək kitab haqqında geniş məlumat verib. 

Bildirilib ki,  layihənin əsas məqsədi indi Erməni Ordusunun işğalında olan Laçın bölgəsində oynanılmış xalq oyunları və meydan tamaşaları haqqında məlumatları ictimaiyyətə, xüsusilə də uşaq və gənclərə çatdırmaqdır. 

"Əsas məqsəd xalq oyunları və ənənələri mövzusunda müzakirələr aparmaq və bu oyunların gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini vurğulamaqdır. Mədəniyyətimizin ən vacib qollarından birini də xalq oyunları və meydan tamaşaları təşkil edir. Bu oyunların, tamaşaların arxaik köklərinə getmək, onun müasir durumunu öyrənmək, bərpa etmək, özümüzə və dünyaya çatdırmaq bizim ən vacib vəzifələrimizdən biridir. Bunun üçün  araşdırmalar aparmaq, milli kimliyimizi tanımaq və  tanıtmaq görüləsi işlərimizdəndir. Çox sevinirəm ki, bu sahədə Gənclər Fondunun dəstəyi ilə nəşr olunan kitabın hazırlanmasında iştirak etmişəm” – deyə Vüsalə Musazadə bildirib.

Çıxşlarda Qarabağda xalq oyunları və meydan tamaşalarının folklor mühitində mühüm  yer tutmasından danışılıb. Bu oyunların əksər hissəsi uşaqlara aid olsa da, təəssüf ki, bu gün məktəblilərin çoxunun onlardan xəbəri yoxdur. Bu baxımdan belə kitabların əhəmiyyəti böyükdür. 

Çıxış edənlər diqqətə çatdırıblar ki, bu istiqamətdə bağlı müəyyən təqdqiqatlar olsa da, azlıq təşkil edir. Odur ki, bu sahədə tədqiqatın davam etdirilməsi və gənclərə çatdırılması həm  tariximizin öyrənilməsi, həm də uşaq və gənclərin asudə vaxtlarının səmərli təşkili baxımından çox vacibdir. 

Tədbirin sonunda kitabla bağlı  fikir mübadiləsi aparılıb, iştirakçılara "Laçında xalq oyunları və meydan tamaşaları” kitabı və eyniadlı biklet təqdim olunub. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az