"Media ilə düzgün iş aparılsaydı, İçərişəhərlə bağlı bu qədər ajiotaj yaranmazdı" — Elçin Şıxlı


"Bakıda gəziləsi tarixi yer ancaq İçərişəhər və onun qala divarlarıdır. Əgər biz bunları da qoruya bilmiriksə, onu dağıdırıqsa, bu, bizə başucalığı gətirməyəcək. İçərişəhər və onun qala divarlarının sökülməsi mənim üçün biabırçılıqdır".

Bu fikirləri Demokrat.Az-a açıqlamasında "Ayna” və "Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bildirib. 

Elçin Şıxlı deyib ki,  İçərişəhər və onun qala divarlarının sökülməsinə yol vermək olmaz:

"Bəzən mən İçərişəhərdə əlimə kamera alıb foto çəkmək istəyəndə, mənə icazə vermirlər. Amma indi divarları sökürlər, heç kəs də buna qarşı çıxmır. Bu nöqteyi-nəzərdən orada doğru-düzgün iş aparılsa belə, bunun ictimaiyyətə düzgün çatdırılması sıfır dərəcəsindədir. Mənim yaxşı yadımdadır. Bir neçə il əvvəl Nəsiminin heykəli olan ərazidə tikinti işləri aparılırdı. Həmin tikintinin başında dayanan adamlardan biri mənim tanışım idi. O adam mənimlə əvvəlcədən məsləhətləşdi. Dedi ki, biz tikinti ilə əlaqədar Nəsiminin heykəlini bir aylıq oradan götürmək istəyirik. Sən nə məsləhət bilirsən? Mən ona bildirdim ki, siz görülən işlərlə bağlı əvvəlcədən mətbuata açıqlama verməlisiniz. Bildirməlisiniz ki, filan layihə əsasında filan işlər görüldüyü üçün tikinti zamanı Nəsiminin heykəlinə xəsarət dəyməsin deyə, biz onu bir aylıq təhlükəsiz yerdə saxlayacağıq. Tikinti başa çatandan sonra yenə də heykəl öz yerinə qaytarılacaq. Onlar belə də etdilər və heç bir səs-küy yaranmadı. Amma indi İçərişəhərdə kimlər və hansı ağılla iş görürlər, bəlli deyil. Onlar İçərişəhərin qala divarlarının içərisini oyublar. Nə ağılla belə ediblər, onu anlaya bilmirəm". 

Baş redaktor qeyd edib ki, bu cür tarixi ərazidlərdə dövlət əhəmiyyətli layihələr həyata keçirilən zaman cəmiyyət media vasitəsilə əvvəlcədən doğrudüzgün məlumatlandırılmalıdır:

"Hesab edirəm ki, İçərişəhərdə hər hansı dövlət əhəmiyyətli iş aparılırsa belə, bu əvvəlcədən ictimaiyyətə normal şəkildə bildirlməli idi. Hətta, telekanallara və mətbuata bu məsələ çıxarılmalı idi ki, indiki kimi bu qədər ajiotaj yaranmasın. Çox təəssüf ki, bunların heç biri əvvəlcədən edilməyib. Ona görə də bu qədər ajiotaj və artıq söhbətlər yaranıb. Mən bir daha söyləyirəm ki, media ilə düzgün iş aparılsaydı, İçərişəhərlə bağlı bu qədər ajiotaj yaranmazdı. Çox təəssüf ki, bu sahədə səlahiyyətli şəxslər media ilə düzgün iş aparmırlar. Nəticədə də belə problemlər ortaya çıxır. Sonra media da bu məsələlər barədə yazanda bunlar elə bilirlər ki, media düşmənçilik edir. Bu vəziyyəti yaradan kimdirsə, onun başı söküntü aparan başlardan heçnə ilə fərqlənmir. Bəlkə də oradakı başlar onun başından ağıllıdır".  

Miq.Az

  



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az