Məhz müəllim olmaq üçün dünyaya gəlmişdi

Məhz müəllim olmaq üçün dünyaya gəlmişdi
Yeganə Qəhrəmanova
ADPU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru

Doğru deyiblər ki, dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllim əməyinə heç nə ilə dəyər verilə bilməz. Çünki müəllim gözlərimizi dünyaya açan, hər birimizə əsl həyat yolunu tapmağa kömək edən, həqiqəti dərk etməyə imkan yaradan şəxsiyyətdir. Müəllim bütün başqa sənət sahiblərindən fərqli olaraq şüur və düşüncəmizi saflaşdırır, ağıl və təfəkkürümüzü cilalayır. Müəllim əlimizə elə bir silah verir ki, onunla ən güclü düşməni diz çökdürmək, ən çətin vəziyyətlərdən asanlıqla çıxmaq mümkün olur. Ona görə də müəllimi güclü olan insanların həm elmi, həm də mənəviyyatı başqalarından yüksəklərdə olur. 

Bu gün cəmiyyətimiz nə qədər maddi və mənəvi çətinliklərlə qarşılaşsa da, öz peşəsinin şərəfini qoruyan, məktəbi, təlim və tərbiyəni hər şeydən uca tutan, şagirdlərini cəmiyyətin gələcəyi naminə düzgün yetişdirməyi bacaran ləyaqətli müəllimlərimiz var. Müəllimliyi həyatının müqəddəs amalına çevirən, öyrənmək və öyrətməkdən daim zövq alan belə müəllimlərdən biri də Şəki şəhər 14 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Natiq Şəhliyar oğlu Salmanov idi. Onun haqqında danışdıqca, şagirdlərinin onunla bağlı xatirələrini dinlədikcə uzun illərdən bəri yaxından tanıdığım, dərin təfəkkür tərzi, bənzərsiz mənəviyyatı ilə həmişə fəxr elədiyim əziz sirdaşım və tələbə yoldaşımın nurlu siması canlanır nəzərlərimdə. Mənə elə gəlir ki, müəllimliyi tanrı sənəti hesab eləyənlər bu fikri məhz Natiq müəllim kimi fədakar insanları, onların əvəzsiz zəhmətini nəzərdə tutaraq söyləmişlər. Onunla hər söhbətimdə dil və ədəbiyyatımızın elmi-nəzəri problemləri, müasir təhsil sisteminin gücləndirilməsi və yeni təlim innovasiyalarının tətbiqi ilə bağlı fikirləri diqqətimi cəlb eləyir, uzun illərin təcrübəsindən və obyektiv münasibətdən doğan bu fikirlərin əhəmiyyətini dərk edirdim. Bütün ruhu ilə məktəbə və müəllimliyə bağlı olan Natiq müəllimin fikirlərindən çox şeylər öyrənmək mümkün idi. 

O, öz peşəsinə yalnız hazır elmi bilikləri şagirdlərə çatdırmaq deyil, cəmiyyətin ən müxtəlif sahələrində hökm sürən ictimai bəlalardan baş çıxarmağı bacaran, saf və sağlam təfəkkür tərzinə malik şagirdlər yetişdirmək vasitəsi kimi yanaşırdı. Dil və ədəbiyyatımızın, zəngin mənəvi irsimizin özünəməxsus dəyərlərini təbliğ etməklə yanaşı, mənəvi cəhətdən təmiz, xəyanət, ikiüzlülük və riyakarlıqdan uzaq olan şəxsiyyətlər tərbiyə etmək onun ən ümdə məqsədi idi. Öz cəsarət və açıqfikirliliyi ilə daim şagirdlərinə nümunə olan Natiq müəllim bütün fəaliyyəti boyu obyektiv şəxsiyyət və vətənpərvər ziyalı kimi tanınmış, haqsızlığa və ədalətsizliyə qarşı mübarizə aparmaqdan heç zaman çəkinməmişdi. Öz həssas və səmimi münasibəti ilə şagirdlərinin sevimlisinə çevrilib, onların qəlbində dərin məhəbbət yaratmagı bacara bilmişdi. Müəllim işlədiyim uzun illər ərzində dəfələrlə şagird və tələbələrin öz müəllimlərinin itkisinə üzüldüyünü müşahidə etmişəm, lakin ilk dəfə idi ki, bir müəllimin ölümünə şagirdlərinin dəstə-dəstə toplaşaraq belə yanğı ilə ağladığının  şahidi olurdum. Məncə, bu dünyada çox şey saxta ola bilər, amma  şagirdin müəllimi üçün axıtdığı göz yaşları əsla! O şagirdlərin qəm ələnən kədərli sifətlərini gördükcə içimdə bir üsyan baş qaldırırdı sanki: Görəsən, niyə  ən dəyərli insanlar ömrünün ən gərəkli zamanında tərk edir bu dünyanı? Axı Natiq müəllim kimi insanların itkisi təkcə bir ailənin, öz doğmalarının yox, yüzlərlə insanın itkisidir. Budurmu ilahi ədalət? Budurmu həyatın əsl siması? Yəqin, çoxları deyəcək ki, yaxşı insanlar çirkaba bulaşmasın deyə Allah onları tez aparır bu dünyadan. Axı hansımız deyə bilərik ki, Natiq müəllim və onun kimi alicənab, pak və ləyaqətli insanlar yaşasaydı, yaşlarının ən müdrik çağında öz təmiz əməllərindən dönüb başqa insana çevriləcəkdilər? Sizcə, belə bir şey mümkün idimi? Məncə, qətiyyən! Natiq müəllimin ta uşaqlıqdan dünyasını dəyişdiyi 48 yaşınadək olan ömür kitabını vərəqlədikcə bir şeyə tam əmin olmamaq mümkün deyil ki, belə insanlar yer üzünə insanlığın, haqq və ədalətin təmsilçisi kimi gəliblər.

Yadıma onu tanımayan iş yoldaşlarımdan birinin şəkillərinə baxarkən söylədiyi sözlər düşür: " Üz-gözündən ziyalılıq yağır". Natiq müəllim həqiqi mənada əsl ziyalı, mərdlik, mübarizlik və həqiqət mücəssəməsi idi. Onun üçün həyatda düzlük və doğruluqdan daha önəmli heç nə yox idi. Yaxşı deyiblər ki, müəllim aynadır.Şagird ona baxıb özünü düzəldir və həmişə müəllimini öyrənir. Natiq müəllim şagirdlərini də özü kimi həyata,insanlığa məhəbbət ruhunda tərbiyə edir, həmişə haqqı müdafiə etməyə çağırırdı.Onun üçün pis şagird anlayışı yox idi. "Hər bir şagird sehrli mücrü kimidir. Əsl müəllim ən zəif şagirdinin də gizli qabiliyyətlərini üzə çıxarmağı, müsbət tərəflərini inkişaf etdirməyi bacarmalıdır"-deyirdi.

Yadımdadır ki, tələbə vaxtı ona belə bir sual vermişdilər: "Gələcəkdə müəllim olmaq istəyirsənmi?"
 
O vaxt hələ ikinci kursda oxuyan, lakin ciddi və tələbkar görkəmi ilə əsl müəllimi xatırladan Natiq müəllim qətiyyətlə belə cavab vermişdi: "Başqalarını bilmirəm, amma mən bura məhz müəllim olmaq üçün gəlmişəm. Bu çətin və şərəfli ada layiq ola bilmək üçün var gücümlə çalışacağam". Elə bu məqsədlə də bir universitetdə oxumaqla kifayətlənməmiş, eyni vaxtda dil və ədəbiyyat ixtisası üzrə ikinci universitetdə təhsil almağı da zəruri hesab etmişdi.

Natiq müəllim təkcə tədris etdiyi fənləri deyil, tarix, cofrafiya, fizika, kimya, riyaziyyat kimi fənləri də dərindən bilir, internet səhifələrində qoşulduğu qruplarda həmin fənlər üzrə ixtisas müəllimləri ilə apardığı elmi mübahisələrdən də həmişə qalib çıxırdı. Öz ölçüyəgəlməz savadını, bilik və bacarığını daim zənginləşdirən, hər zaman da özünütəbliğdən uzaq olan Natiq müəllim kitablarla işləməkdən, elmi axtarışlardan zövq alırdı. İstənilən elmi mübahisələrə  özünəməxsus dəqiq, obyektiv və tutarlı cavabları var idi. Qalaq-qalaq topladığı saysız-hesabsız kitablarını vərəqləyib, səhifələrin kənarlarına əlavə etdiyi qeydləri gözdən keçirdikcə təəssüflənməmək mümkün deyil. İstər klassik, istərsə də müasir ədəbiyyatımızın, dil tarixi və müasir dilçiliyimizin elə bir sahəsi yox idi ki, Natiq müəllim onunla maraqlanmamış olsun. Məsələlərə əsl tədqiqatçı təfəkkürü ilə yanaşar, faktların elmi əsaslarını və tarixi köklərini üzə çıxarmağı bacarardı.
    
Bu gün onun yoxluğu ləyaqətli ziyalı, bacarıqlı müəllim, ən əsası isə həssas qəlbli əvəzsiz  bir insan kimi ürəyimizi hədsiz dərəcədə yandırır. Çünki Natiq müəllim bütün fərdi keyfiyyət və qabiliyyətləri ilə özünü sevdirməyi, gərəkliliyini sübut etməyi bacaran şəxsiyyət idi. İndi onun məzarı da özü kimi sirdaşımız, təsəlli yerimizdir.Yüksəldiyi mənəvi zirvəni köçdüyü əbədi mənzilində davam etdirən Natiq müəllim dağların zirvəsindən çalışdığı məktəbi seyr etməkdən, öz doğma şagirdlərinə xeyir-dua diləməkdən yorulmur. Qoy ömrünün 49-c u qışını tamamladığı,  məkanı cənnət olan bu əbədi mənzilində ruhu rahatlığa qovuşsun!
 
Allah rəhmət eləsin! Amin!

 Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az