Mənəvi dəyərlərimizi qoruyaq!

Mənəvi dəyərlərimizi qoruyaq!
 Arif PƏNAHLI,
Müharibə veteranı,
ehtiyatda olan polkovnik-leytenant

​Bu yaxınlarda sosial şəbəkəni izləyən zaman aprel şəhidimiz Raquf Orucovun həyat yoldaşı Sevinc xanımın Azərbaycanın media qurumlarının rəhbərlərinə ünvanladığı müraciəti oxudum. Əvvəla bu şəhid xanımı ölkəmizin ictimai həyatında yetərincə fəallığı ilə seçilən, ömür-gün yoldaşının adına layiq vətənpərvər, savadlı övladlar tərbiyə edən bir ziyalı kimi tanıyıram. Sevinc xanım müraciətində bu günümüz üçün aktual olan çox vacib bir mövzuya – millətimizi ölkələr arasında ucaldan mənəvi dəyərlərimizin qorunmasına toxunub. Əziz bacım, tamamilə haqlısınız, biz öz dəyərlərimizi qoruyub inkişaf etdirməsək onsuz da hər addımda aşınmaya məruz qalan mənəvi ucalığımızı itirə bilərik. Tarixən millətimiz özünəxas dəyərləri, əxlaqi keyfiyyətləri, nəcib adət-ənənələri ilə seçilib. Cəmiyyətimizdə böyük-kiçik sayğısı olub, abrımızı, ismətimizi hər şeydən üstün tutmuşuq. Böyük yazıçılarımızdan birinin əsərində deyildiyi kimi, itə ataram, yada satmaram devizi ilə yaşamışıq. "Böyük dayaq” filminə baxmaqdan doymuram, çünki bu əsərin baş qəhrəmanı olan Rüstəm obrazında o qədər mənəvi ucalıq var ki. Qaraş şəhərdən sevib seçdiyi qızı ata evinə gətirib çıxaranda Rüstəm dayı əvvəlcə xeyli əsəbiləşir. Amma qızın yetim olduğunu, ata-anasını müharibədə itirdiyini biləndə yaman kövrəlir. Düşüncələri onu uzaq keçmişə, qanlı-qadalı müharibə dövrünə aparır, döyüşlərdə şəhid olan insanları xatırlayır.

​Sözün açığı, əvvəlki dövrlərlə müqayisədə şəhdlərimizin, müharibə qazilərinin geniş təbliğ edilməsi, gənc nəslə tanıdılması sahəsində görülən işlər məni də  müharibə veteranı olaraq ürəkdən sevindirir. Mən deyərdim ki, bir çox saytlar bu sahədə nümunədir, vətənpərvərliyi təbliğ edirlər, şəhidlərin ad günlərində onların barəsində geniş həcmdə yazılar verirlər. Tez-tez müharibə qazilərindən müsahibələr dərc edirlər. Çox təəssüf ki, bu təqdirəlayiq addımları çoxlarına şamil etmək olmaz. Xüsusən də geniş tamaşaçı auditoriyasına malik olan telekanallarımızda vətənpərvərlik əvəzinə, şou əhlinin təbliğinə geniş yer verilməsi adamda ikrah doğurmaya bilməz. Zaur Kamalın aparıcısı olduğu "5-də 5” verilişində bəzən açıq-saçıq geyimli müğənnilərin xalqa tanıdılması haqlı olaraq geniş əhali kütləsində hiddət doğurur. Bilirsiniz, müharibə şəraitindəyik, düşmən torpaqlarımızın iyirmi faizini işğal edib, bir milyondan artıq didərginimiz var, bəs belə bir zamanda təbliğatımız nəyə xidmət etməlidir? Əlbəttə, gənc nəsil vətənpərvərlik ruhunda, millətinə, dövlətinə məhəbbətlə tərbiyə edilməlidir. Bu sahədə tək ailə və məktəb kollektivləri, müəllimlər məsuliyyət daşımır, ictimaiyyət də öz sözünü deməlidir. Mətbuatın isə rolu daha böyükdür, həmçinin uşaqdan ahıla qədər hamının izlədiyi sosial şəbəkələr az əhəmiyyət kəsb etmir.

​Sovet dövrünün mətbuatında çox dəyərli bir ənənə vardı, insanların fərdi problemləri, ailə-məişət mövzusu müzakirə obyekti sayılmazdı. Amma indi tam əksinədir, kim ailəsindən ayrılıb, kim kiminlə eşq macərası yaşayırsa, hamısı sosial şəbəkələrin, saytların dövriyyəsinə buraxılır. Bəlkə də buna görədir ki, keçmiş dövrlərdə boşananlar barmaqla sayılırdısa, indi belələrinin sayı-hesabı bilinmir. Bu yaxınlarda Ailə və Qadın Problemləri üzrə Dövlət Komitəsinin bir rəsmisi mətbuata etiraf etmişdi ki, Azərbaycanda  boşanmaların sayına görə əvvəlki illərlə müqayisədə xeyli artım var. Bu millətimiz üçün ağrılı problemdir, milli dəyərlərimizi kölgədə qoyan mövzudur. Vaxtında təsirli addımlar atılmalı, ailələrin dağılmasının qarşısı alınmalıdır. Sovet mətbuatı təbliğ edirdi ki, uşaqların, gənc nəslin təlim-tərbiyəsində yabançı ünsürlərin təsirinə yol vermək olmaz. O dövrün cəmiyyətində vahid bir ideologiya vardı ki, dövlətin möhkəmlənməsində əhəmiyyət kəsb edən ailələrin düzgün formalaşmasına ciddi fikir verilməlidir. Amma indiki cəmiyyətimizdə fikir azadlığı pərdəsi ilə hər cür yanlış meyllər gənc nəslə aşılanır və buna görə də gənclərin şüuru millətimizin dini-əxlaqi dəyərlərinə yad  tərzdə inkişaf edir.

​Sevinc xanım öz müraciətində haqlı olaraq bildirir ki, şəhidlik müqəddəslik rəmzidir. Bəli, bir şəhid ailəsinin məişətində nəsə baş veribsə, onu ictimailəşdirmək qəti yolverilməzdir. Sosial şəbəkəni milyonlar izləyir, düşmənlərimiz oxuyur, görür, əgər belədirsə, niyə milli dəyərlərimizin aşınmasına yol verməliyik. Əksinə şəhidlik daim təbliğ olunmalı,  mənəviyyatımızın ən uca zirvəsi kimi gənclərə nümunə göstərilməlidir. Dövlət tədbirlərinin birində Prezidentimizin hamıya örnək olan addımını o qədər fərəhlə izlədim ki. Yadımdadır, şəhid ailələrinin bir qrupuna dövlət tərəfindən ayrılan birdəfəlik müavinətin  təqdim olunması mərasimində ahıl yaşlarında olan bir şəhid anası ayağa qalxanda Prezident dərhal salona gəlib həmin qadınla səmimi görüşdü, hal-əhval tutdu, qayğılarını soruşdu. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın şəhid ailələrinə, müharibə qazilərinə göstərdiyi qayğı, diqqət bütün dövlət məmurlarına nümunədir. Mehriban xanımın göstərişi ilə nə qədər şəhid ailəsi Bakıda, Sumqayıtda mənzillərlə, həmçinin bölgələrdə fərdi evlərlə təmin olunub. Bəzən isə mənzilə ehtiyacı olmayan bir şəhid ailəsinin sadəcə mənəvi qayğıya ehtiyacı vardır, yəni şəhid valideynləri, doğmaları arzusundadır ki, bayramlarda qapıları döyülsün və onlar da cəmiyyətdə yad edilsin. Əslində təbliğatımız belə xeyirxah məqsədlərə xidmət etməlidir, gərək heç bir şəhid ailəsi diqqətsiz qalmasın. Vətənimizin, torpaqlarımızın qorunması yolunda canlarını fəda etmiş hər kəs cəmiyyətimizdə böyük hörmətlə xatırlanmalı, müqəddəs amallarımız bağçadan tutmuş məktəbli partasına qədər hər yaşda vətəndaşımıza geniş təbliğ edilməlidir.

​Bu gün ordumuz sürətlə inkişaf edir, yeni müasir silah və texnikalar alınır. Ən başlıcası hərbi qulluqçularımız dövlət qayğısı ilə əhatə olunaraq ürəklə, həvəslə xidmət edirlər. Azərbaycan əsgərinin aprel döyüşlərində öz təsdiqini tapan döyüş ruhu bizə bir inam aşılayır ki, tezliklə torpaqlarımız yağı tapdağından azad ediləcək. Orduda son illər görülən işlərin təsiridir ki, bu gün gənclərimiz toy-bayramla hərbi xidmətə gedirlər. Soyuq səngərlərdə döyüş növbətçiliyi keçirən mərd oğullarımız saytlarımızın, tele-kanallarımızın aparıcı mövzusu olmalıdır. "Ordun varsa, yurdun var!” deyimini əldə rəhbər tutaraq əsgərlərimizi düşünək, ordumuzun uğurlarını təbliğ edək. Hər bir zabitimizin, əsgərimizin uğuruna sevinək, üçrəngli bayrağımıza bükülən şəhidlərimizin məzarını daim ziyarət edək. Bir sözlə, müqəddəs dəyərlərimizi göz bəbəyimiz kimi qoruyaq!
 
​​​​​​​​Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az