Mənim Azərbaycanım – “Professor”

Mənim Azərbaycanım – “Professor”


Aydın Canıyev 

Çoxlu titullu qəhrəmanlarım, çoxlu dostlarım-tanışlarım, ölkədə əziz olanlarım var, onlara ürəklə "Ustad”, "Ağsaqqal” deyə müraciət edirəm – həm həyatda, həm də yazıda, amma iki nəfərin titulunu yazanda içimdə bu titulun halallığı məni riqqətə gətirib! Yəni bu mənim və yaxud hər hansı ayrı jurnalistin sevgisi-minnəti yox, öz halal haqlarıdır: bir, görkəmli ictimai-siyasi və dövlət xadimi İlyas İsmayılovdan yazanda mütləq "hüquq elmləri doktoru” təyinini ürəklə işlədirəm, bir də... İlham Rəhimovdan yazanda "PROFESSOR” ifadəsini: 31 yaşında SSRİ-də ən gənc hüquq elmlər namizədi (indi elmlər doktoru olmaq belə asandır) olan soydaşımıza bu təkcə jurnalist və həmvətənli rəğbəti deyil heç də...

İlham Rəhimov heç Jdanov adına Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirməsəydi də, nəinki professor, heç ölkədən heç hara çıxmasaydı da, atasının ölkədə və ölkəboyu (SSRİ miqyasında) etdiyi yaxşılıqların üstündə azı bir 100 il rahat və əziyyət çəkmədən də yaşaya bilərdi. Amma... nə atasının xətir-hörməti, nə də puluyla yox, öz zəhməti, savadı, çalışqanlığı sayəsində ayrı bir yol tutdu: "Self made man” – "çelovek sozdavşiy sam sebya” – "özü özünü kişi edən adam” olmağı.

İlham Rəhimov orta statistik azərbaycanlı düşüncəsində yalnız və yalnız PF prezidenti V.V.Putinin tələbə dostu və milyoner kimi assosiasiya edir.

... Ən böyük siyasətçisi dostunun evində xanım olanı aparıb öz evində qulluqçu-arvad edənlər, dostu daldeylərdə baqaja qoyanlar, dostu yıxıb yerinə keçənlər, dostunun qızını belə yataqdan keçirməkdən utanmayanlar, ölməyənlər, gərəkərsə öldürənlər (day "ustad” dediklərinin məşuqəsiylə "ZAQS”a gedənləri demirəm), əlbəttə ki, yaşama müddəti son nəfəsə qədər olan dostluğu həzm etməməklə, arada "acıdil” adamların ("zlıe yazıki” anlamında) LAYK(LİKE)-nı qazanmaq üçün LAYKa kimi hürürlər!

Fəqət unudulan bir şey var - biz bu dostluğa nail olma qüdrətini, əxlaqın, şərəfin, səbatın aliliyini, milli mənsubiyyət baryerini aradan qaldırmaq məharətinin məsuliyyətini-mükəlləfiyyətini anlamamaq bir yana, heç onu da nəzərə almırıq: bu dostluq Azərbaycanı və azərbaycanlıları nə qədər nələrdən qorudu, nələr olmadı, nələr olasıydı.

... Mənim əvvəllər rast gəlmədiyim, atamın isə heç vaxt tanımadığı və oxumadığı Avraam Linkolnun fikriylə təxminən üst-üstə düşən etirafını xatırlatmaq istəyirəm:
- Aydın, cavanlıqda ağlım yox idi, gücüm vardı – özümü oda-közə vururdum, indi ağlım var, gücüm yoxdu, amma bu ağlı indi neynirəm ki?
Biz bu dostluğa 30 ildən sonra dəyər verəndə atam kimi düşünmüş olarıq – kimə xeyri olar ki?

Amma heç ona da inanmıram ki, elə düşünərik: biz Leninlə, Stalinlə, Xruşşovla, Brejnevlə dost olanları zəhərləmişik, öldürmüşük, güllələmişik minbir üsulla – dişini çəkməklə, evində qayışla boğmaqla, xidməti otağında aradan götürməklə, qəzaya salmaqla...

Çox şükürlər olsun ki, bu dostluq məlum olandan sonra... ötən 20 il təhlükəsiz keçdi!

Və bu 20 il özündən əvvəlki 30 ilin də üstünə gəlib millətə, dövlətə faydalı oldu: ən azından Rusiya-Türkiyə münasibətlərinin Menderesdən üzübəri pozulması nəticəsində yaranan soyuqluğun aradan qaldırılması və azərbaycanlıları Rusiyada incidən Ruşaylonun daxili işlər naziri postindan uzaqlaşdırılması! Hələ minimum 50-60 min azərbaycanlının təkcə Moskvada məhz İlham Rəhimovun qanadı altına sığınmaqla TƏHLÜKƏSİZ şəkildə çörək qazanması bir yana qalsın!

İlham Rəhimov bir neçə punkt üzrə sevimlidi – mənim üçün də, dəyərini bilən iqtidarlı-müxalifətli digər ziyalılar üçün də, amma mən alayı iki özəlliyini deyəcəm bu gün:
... Vladimir Vladimiroviç Putin prezident seçilən kimi aparat rəhbəri İlham Rəhimovu dəvət edir və diqqətinə çatdırır: Rusiya vətəndaşlığını qəbul edirsiniz və həmən də ədliyyə nazirinin müavini təyin olunursunuz! Bu, son təyinat deyil. Sizin haqqınızda fikir çox yüksəkdir!

İlham Rəhimov Azərbaycan vətəndaşlığından... imtina etmir və vəzifəni qəbul etmir! Halbuki... istər çar Rusiyası və mahiyyəti imperializmdən fərqlənməyən Sovet Rusiyasından sonra, müstəqil Rusiya Federasiyasında vəzifəyə getmiş olsaydı, Azərbaycan xanlıqları, müttəfiq və müstəqil respublika tarixində İLK AZƏRBAYCANLI olardı ki, imperialist Rusiyanın əsgəri yox, xidmətkar, ləbbeyk deyən mütisi yox, müstəqil Rusiyanın müstəqil azərbaycanlısı kimi DÖVLƏT XADİMİ olardı!
Bu şərəfi AZƏRBAYCANLILIĞA dəyişmədiyinə görə mənə ən əziz doğmamdan və ən əziz azərbaycanlıdan da əzizdir cənab Professor!
SÖZARASI:
1993-cü ildə bölgə müxbiri olanda kommunist kadrlardan birinin atası haqqında bir cümlə yazmışdım, təkzibi üçün kəndimizin icra nümayəndəsi rəhmətlik Muxtar Qurbanovun evində üç gün üç milyon rubl pulu qaldı: "QAZ-31” almaq olardı! Hüquq elmləri doktoru İlyas İsmayılov demişkən, pul qapımdan ağladı getdi, baxmayaraq ki, mən bu günə qədər də pulsuzluqdan əziyyət çəkirəm! Ancaq qətiyyətlə və qürurla deyə bilirəm: insanda imtina etmək cəsarəti olmalıdır!
Mənə Moskvada çoxları danışır: ay məni filan yerə deyirdilər getmədim, ay bəhmən yerdə iş vardı, boş verdim! Gözlərinin içinəcən yalan deyirlər! Kişi odur ki, ortada real olandan imtina etməyə gücü çatsın, nəfsinə hakim olsun, nəfsindən də öncə ölkəsini, milliliyini düşünsün! Hər kəs öz səviyyəsaində! Rusiyada ƏN YÜKSƏK SƏVİYYƏDƏ vəzifədən imtina edən tək, ilk və yeganə azərbaycanlı İlham Rəhimovdur! Ondan əvvəl də olmayıb, yoxdur, olmayacaq da!
Azərbaycanlı olmaq, Azərbaycan olmaq budur!
İKİNCİSİ: 2013-cü il yarıdan keçmişdi. Atam ağır vəziyyətdə, qızlarımın ikisi də tələbə, özüm azadlığa çıxdığım ötən 6-7 ayda güc-bəla həyata adaptasiya oluram, ağız açdığım sayt, qəzet, mediaholdinq rəhbərləri qonorarla yazmağıma belə "yox” deyirlər (baxmayaraq ki, indi – reabilitasiyadan sonra yenidən öz zirvəmə qayıtdıqda, bir cümlə yazan kimi xətirlərinə dəyir), artıq Əli Həziquliyevin, Vəli Əkbərin yazılarımı bəhanə edib verdikləri yardımları qəbul etməkdən utanıram, Azərbaycandan, insanlıqdan adam-adam, küçə-küçə, oba-oba incidiyim, hər yerdən, hər şeydən imtina etmək həddindəykən, dostlardan biri iş təklifi etdi: geyindirdilər, göndərdilər redaksiyaya. Adamlar allah-bəndə tanımır, imam Hüseyndən tutmuş Əli Kərimliyə qədər hamını söyməyi vəzifə və insanlıq borcu bilirlər. Üç günə işin mahiyyətinə əmin olandan sonra qapandım evə: "ya Rəbbim, mənə çörəyi Əli Kərimlini söyməyə görə imam Hüseyni söyənin əliylə verəcəksənsə, mən bu evdən bir də çölə çıxmaram!”
Allahdan və Allahın məni yaşamaq üçün dünyaya gətirdiyi məmləkətdən küsüb köç ərəfəsindəydim – tam bir həftə ünvan axtardım!
Zəng gəldi: "Professor səni soruşdu. Vaxtın olanda gəl!”
Professor – "İslamda hüquq” adlı yeni elmi əsər üzərində işləyən İlham Rəhimov durumuma hali olandan sonra qətiliklə mənə... nə Azərbaycanı tərk etməyimə, nə də Azərbaycana sevginin yetim qalmasına imkan vermədi!
İlham Rəhimov mənə münasibətdə təmənnasız olduğu kimi (dəfələrlə olub ki, əleyhinə yazanlara cavab yazacağımı bilib əvvəlcədən xəbərdarlıq edib, tapşırıb ki, boş versin – şahidlər var!), mənim Azərbaycan sevgim də təmənnasızdır! Amma bir orası da var axı...
YƏHDUİ LƏTİFƏSİ:
- Avram, Vətən üçün ölərsənmi?
- Yox!
- Niyə?
- Mən ölsəm, vətəni kim sevəcək?
... İlham Rəhimov bu vətəni sevənləri - Ramil Səfərovdan Aydın Canıyevə qədər minlərlə övladı, - ölməyə qoymadığı üçün alayı sevgiyə layiqdir!
... Professor! Mən İlham Rəhimovun elm sevgisini bilirəm. Düşüncə və təfəkkür tərzinə bələdəm – hər dəfə bir kitabında qlobal düşüncə və açıq təfəkkür tərzinin zəhmətdən, çalışqanlıqdan keçən barını oxuduqca, gördükcə, əmin oluram: bu ölkənin tarixi boyu İlham Rəhimovu çox olmayıb, olanlarını qiymətləndirməyiblər, içimdən sidq-ürəkdən keçir Allahdan arzulamaq: Ya Rəbbim, dəymə "mənim Azərbaycanım”a... Çox deyilsə də, heç olmasa, çox yaşat!
... Qəmlo ilə Kərbəlayi Türkiyədə mühacirlər məhəlləsində yaşayırlar. Günlərin bir günü Qəmlo Kərbəlayiyə deyir ki, mən qayıdıram. Kərbəlayi xəbərdar edir ki, öldürərlər. Qəmlo:
- Kərbəlayi, biz bu uçuq-sökük məhəllədə ölsək, kimsə bizi tanımaz, "bir mühacir öldü” deyərlər, amma vətəndə mən Qəmloyam!
Mən indi Lənkərana xəstə atamın üstünə gedəndə də, Moskvaya qızımın problemlərini həll etmək üçün yanına uçanda da sanki hər yerdə Azərbaycanın mənə qayğısını görürəm: o Azərbaycan adlı qayğı İlham Rəhimovdur!
7 il tam sərasər... "Ağsaqqal”, "Ustad”, "əziz...” dediklərimdən məni inciməyə, onları itirməyə, məni onlardan ayrı düşməyə qoymayan Professor – elmin və insanlığın!
Bəzən adamlar təkcə özləri üçün və özləri yaşamır: onlar bu həyatda var olduqca, minlərlə insan yaşayır – sınmır, əyilmir, ölkəyə, cəmiyyətə, dövlətə, vətənə faydalı olurlar.
Bunu mən öz payıma etiraf etdim!
Ad gününüz mübarək, cənab Professor!

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az