Min bir gecə

Min bir gecə
TOMRİS ƏSGƏRLİ


Əfsus ki yarım gecə gəldi, gecə getdi,
Heç bilmədim ömrüm necə gəldi, necə getdi.

Şəhrizad bu yerdə sabahın açılmasını görüb şeiri yarımçıq saxlayır, gündüzün günorta vaxtı olduğundan keçir ictimai-siyasi lirikaya. Saçından bir tel ayırıb basır sinəsinə və Fikrət Qocadan olduqca böyük tərbiyəvi əhəmiyyəti olan bu misraları söyləyir:

Yenə işıqlar yanmır,
Hamilə qadın liftdədi.

Baxmayaraq ki, bəzi cüvəllağılar qoca şairin bu şeirini bir az gülüş mənbəyinə çevirmişdilər, "liftdədi” sözündəki "l” hərfini "m” ilə, "i” hərfini "ü” ilə əvəz etmişdilər. Şəhrizad bunun üstündən keçib şeirin ictimai-siyasi əhəmiyyətindən xeyli danışır. Axşam düşür və Şəhrizad keçir sarı simə:

Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi,
Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi.

Tər axıb gül yanağından, bulud örtmüşdü ayı,
Onu düşmənmi qovub, könlü qubar gəlmiş idi?

Ona mən göz yetirib xəlvəti baxdım-baxdım,
Ovçunun ovlağına körpə şikar gəlmiş idi.

Uyuyub hər ikimiz rahət olub bir yatdıq,
Bəxtimin baxçasına güllü bahar gəlmiş idi.

Dedi: "Getmək dəmidir, söylə, nə istəyirsən yar?"
Bir öpüş istədim ondan...Yeri var gəlmiş idi.

Xülasə, Şəhrizad düz səhərə qədər poeziyamızın belə incilərindən söyləyir, elə ki səhərin açıldığını görür, tez "atır zadnıya”, yəni keçir yenə tərbiyəvi əhəmiyyəti olan nümunələrə və yaddaşını qurdalayıb Zərdüşt Əlizadənin gəncliyində yazdığı bu şeiri tapır. Tərəfindən ərz eləyək, xoşbəxt olun.

Dedim, ay qız, ağlama, ağlama,
Ürəyimi dağlama, dağlama,
O qız elə ağladı, ağladı,
Ürəyimi dağladı, dağladı,
Bir də dedim ağlama, ağlama,
Ürəyimi dağlama, dağlama...
O qız elə ağladı, ağladı, 
Ürəyimi dağladı, dağladı...

Nəsə bu şeir "bir də dedim”, "yenə dedim” və s. şəklində acı bağırsaq kimi axşam düşənə kimi uzanır. Elə ki gecə düşür, iki gündü yatmayan  Şəhrizadı əvvəl əsnəmək tutur, sonra yuxu aparır və başlayır yuxuda sayıqlamağa:

Sevgilim dağ başında inək sağır,
Əgər o yar məni sevmirsə,
Inək niyə mənə baxır?!

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az