Mister Frenk, Qospodin Elkaponi, cənab Məmmədov...belə OLMAZ! - Aydın Canıyev YAZIR

Mister Frenk, Qospodin Elkaponi, cənab Məmmədov...belə OLMAZ! - Aydın Canıyev YAZIR
 
Aydın Canıyev
 
 
- Füzuli Məmmədovun özünə və çıxışına bir sərf-nəzər -

Moskvadan, Bakıdan və dünyanın hər yerindən baxanda Moskvanın, Bakının və dünyanın hər yerindən görünməsə də, hər yerdə görünmək üçün var olan hörmətli Füzuli Məmmədov Rusiyadakı Azərbaycan diasporasıyla bağlı çıxış edib düzənlədiyi tədbirdə! Və bu çıxış məni - Azərbaycan diasporasının son 25 ildəki bütün təfərrüatlarını, hər bir kəsin, ilk növbədə isə Füzuli Məmmədovun hər bir addımını gözəl bilən Aydın Canıyevi çox pis duruma salmışdır, hətta sarsıtmışdır!

Odur ki, mən birbaşa özünə müraciətlə, amma həm də oxucuya, o tədbirdə çıxışı dinləyənlərə eşitdirərək yazıram. Bu çıxışa cavab yazmamaq namərdlik olar – birinci elə Füzuli Məmmədovun özünə qarşı, Azərbaycan və azərbaycanlı adına, diaspora düzəninə.
Niyə?
Əzizim Füzuli Məmmədov – 1997-ci ilin sentyabrın 28-dən Frenk Elkaponi kimi tanıdığım, dostlaşdığım, qəzetinin baş redaktoru olduğum soydaşım, vətənpərvər azərbaycanlım, Siz fərqindəsinizmi, Sizi dəstəkləyənləri, Sizin üçün gülləyə gedənləri, Sizi deyib Sizdən yardım, dəstək alanları, qapınızda Sizinlə birgə olanları ÇOOX PİS VƏZİYYƏTDƏ qoyubsunuz? Bunu Sizi sevənlər Sizə demədilərmi? Bunu Sizin o tədbirdəki çıxışınızı səs yazısı kimi qruplara atanlar Sizə demədilərmi?
2001-ci ildə də belə elədilər, demədilər Sizi sevənlər və Sizi "sevənlər”, yanınızda olanlar!
Onda da mən yanınızda deyildim, amma Sizinləydim! Mən Sizə xəbər göndərdim, çatdırmadılar və həbsdə olanda səsləri çıxmadı, həbsdən çıxanda yenə də onlar oldu yanınızda! Mən yenə də yanınızda deyildim, amma Sizinləydim! Dünən də Sizinləydim, bu gün də Sizinləyəm, amma və lakin...

Siz yenə də özünüzü 2001-ci ildəki uçuruma aparmağa yuvarlanırsınız, yenə də Sizinlə və yanınızda olanlar Sizə heç nə demir, amma dediklərinizi həmən də çatdırırlar kimə lazımdır! Və yenə də arı çiçəyə şirə üçün qonduğu kimi, pulunuza gəlirlər, yığışırlar, (guya da) dinləyirlər, (həqiqətən də) yayırlar... əleyhinizə olanları!

Son 21 ildə Sizinlə 21 dəfə görüşməsəm də, 21 dəfə Sizdən yazmışam – haqqınızda böhtan atanlardan tutmuş, əleyhinizə kampaniya aparan "jurnalyuqa”lardan ta akademikə qədər! Sizə görə isə ilk döyüşdüyüm... AZƏRBAYCANIN Rusiyadaki səfiri Ramiz Rizayev olub, Sizə görə əleyhinizə yazan qəzeti - doğma və əziz "Azadlıq”ımı topa tutmuşam! Hələ "faza”ların "nol”larını demirəm.

Bu 21 ildə həmişə əsasım olub... Sizi müdafiə etməyə, arqumentlərim olub üstünüzə gələnləri "qətl” etməyə! Baxmayaraq ki, kifayət qədər yanlış addımlarınızın üstündə kəmfürsətlik ediblər, bəzi məqamlarda haqlı olublar, bir çox məsələlərdə doğru olaraq hücuma keçiblər! Amma çəkinmədən "killerlik” etmişəm!
Siz də, ətrafınızdakılar da bilir ki, bu, təmənnasız olub! Arxasında üstünüzə qısqırdılanlar kimi, böyük pullar üstündə Sizi "sevməmişəm!” – sözsüz ki, demək artıq olar ki, Sizin mənə yaxşılıqlarınız, hədiyyələriniz, yardımlarınız olub hər zaman, özünüz də bilirsiniz ki, bunlar yazılara görə yox, uyğun situasiyalarda Sizin hər bir azərbaycanlıya, o cümlədən də azərbaycanlı olaraq mənə dəstək qismində olub! Xırdaçılığa varmayaq! Həqiqətən də Rusiyada böyük və ali dəyərlərimizə qarşı yaranan təhlükəyə nəzər salaq! Çünki bilirsiniz: Sizdən ilk və ən böyük təmənnam qorunmağınız və millət adına, vətənpərvərlik adına adınıza söz deyilməməsi olub! Demirəm aparıcı simayam, amma qaranquş misalı dimdiyimdə bir damcı su daşımaq qədərincə də olsa varam və özümü haqlı, həm də borclu sayıram!
Nəticəni bilməsəydim, yazmazdım – Siz onsuz da hər zaman belə çıxışlar edirsiniz! Həm öz həyatınızı təhlükəyə atırsınız, həm də ətrafınızdakıların – fərqi yoxdur, onlar Sizi doğrudan sevir, ya yox!
Sözü uzatmayım, keçim mətləbə: səs yazınız yayılıb. Ağ yuyub qara sərmisiniz birbaşa diaspora təmsilçilərini, dolayısıyla, ətrafınız istisna olmaqla, bütün AZƏRBAYCANLILARI! Fuad Abbasovluq Sizə yaraşarmı? Fuad Abbasov "vəfat” etməmişdən, sakitcə "qətlinə” fərman verilməmişdən deyirdim də, yazırdım da, çıxışımda bildirirdim də ki, bu populizm və psevdopatriotizm Azərbaycan diasporasını 50 il geri atır və ağır zərbə vurur bu hərəkata! İndi eyni missiyaya Siz başlamısınız! Nədən?

Qaragüruhun və kütlənin Sizi dinləyən hissəsi "obıvatel”cəsinə düşünəcək: Aha, Füzuli Məmmədov özü "Azerros”a rəhbər gəlmək istəyir və bir az da haqlı olacaqlar. Çünki dəfələrlə vurğulayırsınız – "Mən sizin dəstəyiniz, təklifiniz olmadan ora qoşulmaram! Nədir və hardandır bu "Heydər Əliyevlik maniyası!”? "Məni xalq çağırıb” hikkəsinimi yedirtmək istəyirsiniz!? Hərçənd Sizə heç kim deməyib, deməyəcək də! Ki... cənab Məmmədov, Sizin "Azerros”a rəhbər gəlmək, ağsaqqallıq etməyiniz üçün hüquqi prosedurlar var! Siz o hüquqi prosedurlardan kənardasınız, Sizin iddia etməyiniz üçünbu təşkilatla əlaqələriniz olmalıydı, işbirliyi yapmalıydınız, təsisçilər sırasında olmasanız da, üzvlər arasında olmalıydınız!

Nə olub? Var olduğu 20 il müddətində hərləmədiyiniz, hesablaşmadığınız, Ümumrusiya Azərbaycanlılar Konqresi dövründə saymadığınız, məclislərinizə dəvət etmədiyiniz "Azerros” nədən birdən-birə gülməşəkər oldu? Söyün Sadıqov, Əfrand Daşdəmirov və başqaları burada papağı günə verəndə, birtəhər-bircür təşkilatı rəsmi səviyyədə yaşadıb bu günə çatdıranda hamınız eyforiyadaydınız, hərənizin əli bir yerə çatırdı!

Diasporanın simasını Heydər Əliyevin dəstəklədiyi ÜAK-ın sonunu reket və bacyığan təşkilat kimi gətirən adamlara "gözünüz üstə qaşınız var” demədiniz – alverçilərinin ikisi Bakıda Prezident Aparatında yüksək mənsəbdə, Azərbaycan adına olan obyektləri erməni əlinə verib bizdən edənin biri Moskvada bəy kefində!

Abbas Abbasov sıradan çıxarılmış ÜAK-ın əvəzinə (dəqiq bilirdi ÜAK niyə sıradan çıxarılıb, məqsəd nədir, proseslər hara yönləndirilir), artıq "Azerros”la heç bir iş yapa bilməyən Söyün Sadıqovdan müflisləşmiş vəziyyətdə təhvil alanda da səsiniz gəlmədi! Adamlar diriltdilər, nüfuz qazandırdılar, siyasi arenaya yüksək səviyyədə çıxartdılar, o dərəcəyəcən ki, RF Prezidenti yanında məşvətəçi nümayəndə yeri aldılar!

Hardaydınız?

İndiyə qədər hansı təşkilatı qeydiyyatdan keçiribsiniz, Azərbaycan əleyhinə işləyən hansı erməni təşkilatının qabağına çıxmısınız? Üç-beş bəyanatlamı? Onda niyə Sizinlə eyni vaxtdan tanıdığım, Sizdən və Sizin pulunuzdan heç də bu Vətənin şəhidlərinə, əlillərinə, qazilərinə, sıravi vətəndaşlarına az xidmət etməyən adamları aşağılayırsınız? Bu nə "Heydər Əliyevlik təpkisi”dir? Yığırsınız camaatı, dadamm, birbaşa adamları güllə qabağına atırsınız, ağır ittihamlarla böhtan atırsınız!? Siz Heydər Əliyevdən bunumu öyrəndiniz? Amma mən elə bilirdim azərbaycanlılar Heydər Əliyevdən heç nə öyrənməyib. Sən demə, Siz Heydər Əliyevdən... "xalq məni tələb edir” və "bu xalq üçün çalışanların sırasında yalnız mənim adım olmalıdır” iddiasını öyrənibsinizmiş!
 
Olmaz belə, Mister Frenk, Qospodin Elkaponi, cənab Məmmədov!

Haqqında aşağılayıcı tonda danışdığınız Mehriban Sadıqova RF prezidenti yanında bu millətin təmsilçisi olub! Əgər istəmirsinizsə, hüquqi yolla, nə onu, nə xalqın adına olan diaspora təşkilatını aşağılamadan, bihörmət etmədən bunu edin! Mehriban Sadıqova qadındır, azərbaycanlıdır və xalq adına təmsilçidir! Vaxtında qabağa çıxmamısınız, körpünü selə vermisiniz, sizdən güclü, pullu oğlanın qabağında "zadnı”ya atmısınız, it də gedib, ip də gedib, ortada qalan tək bir təşkilat var, qəhbə qaxıncına döndəribsiniz!

Bir azərbaycanlı qadını haqqında necə belə aşağılayıcı ifadələri işlədə bilirsiniz – Fuad Abbasovsunuz Siz?

Bəli, kiminsə arvadına qəhbə, kiminsə ərinə peysər demək olar, lazımdır və vacibdir – millət arınsın, amma millət adına ortada olanı o adla aşağılayıb uzaqlaşdırmaq olmaz! Bunu heç kimə bağışlamaq lazım deyil! Üstümdəmilyardlıq haqqınız ola, bu Sözü Sizə mən deyəsiyəm, dedim də - başqaları dediklərinizi tulapayına təsdiq edib millət üçün yalandan patriotluq etsə də!
Çıxışınızda məni dəhşətə gətirən ikinci bir məqam budur: "adını çəkmək istəmirəm, iki qoyun qurban kəsib, adını hacı qoyub”... falan-filan, hələ bu azmış kimi, adamı Rusiyada bölücülükdə, separatizmdə ittiham edirsiniz! Siz haçan, harda, kimdən öyrəndiniz  "regionçuluq priyomu”nu?
Axı Siz heç bir azərbaycanlıya haralı olması fərqini qoymurdunuz! "Azerros”u ələ keçirmək, bu təşkilata yiyələnmək bu qədərmi Sizə hətta öz prinsiplərinizə tüpürməyə vadar etdi!?
Axı Siz bu gün əleyhinə danışdığınız, aşağıladığınız hacı Tahir Hacıyevi dünən israrla, elçilər salaraq bir masa arxasına dəvət edirdiniz!
Axı hacı Tahir Hacıyev haçan, harda, hansı kanalda reklam edib iki qoyun kəsməyini və hacı titulunu?
Sizə kim deyib hacı Tahir Hacıyev regionçudur? And içirəm Ata ocağınızda kəsdiyimiz çörəyə ki, hacı Tahir Hacıyevin yanında, əhatəsində Sizin yanınızda olduğundan daha çox ordubadlı var, Sizin yardım etdiyiniz ordubadlılardan, lənkəranlılardan, şəkililərdən, bakılılardan, göyçaylılardan, Gürcüstan azərbaycanlılarından, Ermənistan azərbaycanlılarından, gəncəlilərdən, ismayıllılardan daha çox var!

Tanıdığım 20 ildə hələ bir dəfə də olsun, Azərbaycanın və Azərbaycan diasporasının imicinə kölgə salacaq bir ifadəsi olmayıb! Rusiya Dövləti yanında Azərbaycan Milli Mədəni Muxtariyyatına verdiyi töhfələri sadalamağa ömür çatmaz! Bir dəfə də bir jurnalistə imkan verməyib ki, etdiyi yaxşılıqları qələmə alsın: "mən Allahım və xalqım üçün edirəm”, - deyən adamı Siz necə o cür ittihama qalxırsınız? "Sağ əlin verdiyini sol əl bilməməlidir” prinsipiylə yaşayıb 65-ə çatmış soydaşınıza bu nə vətənpərəvərlik "hədiyyəsidir”?

Siz 54 yaşa bu təfəkkürləmi çatdınız, durub 33 yaşlı gənc haqqında "malçik” ifadəsi işlədəsiniz? Niyə yadınızdan çıxdı axı elə Siz 35 yaşa çatmamış mən Aydın Canıyev rəsmi dövlət qəzetlərində- "Azərbaycan”da, "Bakinski raboçi”də, müstəqil "Panorama” qəzetində palaz-palaz yazılar yazdım! "Biznes kralı, vətənpərvər, xeyriyyəçi” və s... Təbliğatınızda fədakarcasına çalışdım. Bütün qəzetlərdə haqqınızda yazılar yazdım. Həbs olunanda da həmçinin. Azadlığa çıxan kimi gəlib Sizi təbrik etdim və bir də Sizi özüm həbsdən çıxandan sonra gördüm. Onda Siz Rusiyada Azərbaycan əsilli varlıların içində ən kasıbıydınız! Araz Ağalarovun, Vahid Ələkbərovun, İlham Rəhimovun, Telman İsmayılovun, Məşkur Qasımovun vizit kartları 23 ildir evimdə durur! Mən onlara bəy tərifi yazıb pul qazanmağı yox, Sizə dəstək olub, Sizin yanınızda ona görə oldum ki, Siz CAVANSINIZ. Siz onda Şamil Tağıyevin indiki yaşındaydınız! Sizdən yazdığım yazıları oxuyan Sizin indiki yaşda olanların heç biri demirdi "kto eto "malçik?””. Şamil Tağıyevlə fəxr etməli deyilikmi 33 yaşı var, 15 ildi diaspora işində təmənnasız çalışır!?
Bir də deyim: necə yaraşdırdınız özünüzə, dolayısıyla həm də Eynulla Fətullayevə "povod” verərək, yanınıza yığdığınız o boyda adamların içində "platye geyinsinlər” deməyi soydaşlarınızla? Bir kişi tapılmadı orda ayağa dursun, ayaqlarını yerə çırpsın, qışqırsın desin:
- Mister, Qospodin, Cənab... belə olmaz! Ağ edirsən!

TAPILMADI?

Əzizim Füzuli Məmmədov – Mister Frenk Elkaponi, Siz siyasətlə məşğul olmaq istəyirsinizsə, siyasətə gəlirsinizsə, ya da hesab edirsinizsə ki, siyasətdə varsınız, bu davranış, bu danışıq siyasi cəhətdən nəinki etik deyil, siyasi rüsvayçılıq və iflasdır! Yox, əgər Siz xeyriyyəçi kimi meydanda olub, etdiklərinizin üstündə ağsaqqallıq, "xaç atası” iddiasındasınızsa, onda oyy, oyy, daha böyük yanlış edirsiniz! Çünki yazdığım kimi: Siz Moskvadakı Azərbaycanəsilli varlılar arasında ən kasıbısınız! Sizi bankrota salmaq iki vur ikidir! Elə bu danışıqla!

Əzizim Füzuli Məmmədov, Siz elə danışmısınız, əsəbi və psixoloji gərgin vəziyyətdə, Sizi qınamıram – Siz də bu Vətən üçün belə narahatsınız, sevginizi belə ifadə edirsiniz, xeyriyyəçiliyiniz bəs qədər olsa da, siyasi yetkinliyiniz kifayət deyil, adamlar da bundan yararlanıb. Paylaşıblar.. vulqar, latayır danışığınızı. Onlar nəinki Sizə dəstək olublar, Sizə "siyasi ölüm hökmü” çıxarıblar! Bəlkə də ona görə dinməyiblər ki, fikirləşiblər süfrə başındayıq, durub deyərik, Füzuli Məmmədov bizi də "poslat” edəcək – bir halda ki bu qədər nüfuzlu adamlar haqqında belə ədəbsiz danışır, biz də bihörmət olarıq! Abırlarına qısılıblar!
Üstəlik də nəzərə alın, cənab Məmmədov, Heydər Əliyevlik keçirsə könlünüzdən, insanların hamısı ilə dost görüntüsü yaradın – O da elə dost deyildi HAMISIYLA, amma o görüntünü yaradırdı... "do porı do vremeni”. Bu, məğlubiyyətinizi bir az da uzadacaq. Hərçənd Siz siyasətçi kimi... nəticə əldə edə bilmirsiniz: nəinki hacı Tahir Hacıyev qədər, heç Mehriban Sadıqova kimi də! Onlar 20 ildən artıqdır ki, Rusya Dövləti tərəfindən Azərbaycan adına etiraf olunur. Siz isə gah İtaliyadasınız, gah Bakıda, gah Moskvada. Hər yerdə olmaq hər yerdən görünmək deyil, hər yerdə görünməkdir. Fərq çox böyükdür!
 
 
Redaksiyadan QEYD: Məqalə müəllifin şəxsi MÖVQEYİDİR! 
 
Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az