Mübariz Mənsimovun həyat yoldaşından Mehriban xanım Əliyevaya MÜRACİƏT: "Sizdən kömək istəyirik!"

Mübariz Mənsimovun həyat yoldaşından Mehriban xanım Əliyevaya MÜRACİƏT:

 "Palmali Şirkətlər Qrupu”nun prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimovun həyat yoldaşı Tamara Mənsimova Gurbanoğlu Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb: 

Miq.Az-a daxil olmuş müraciətdə yazılır: 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,
Azərbaycan Respublikasının Birinci xanımı,
Heydər Əliyev Fondunun Prezidenti,
UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya
                                                           
                                                            MÜRACİƏT

Hörmətli Mehriban xanım!
             
Əvvəla sizi, ailənizi və bütün xalqımızı Yeni 2021-ci ilin gəlməsi münasibəti ilə öz adımdan, övladlarımın və ailəmin başçısı, hal-hazırda əsassız ittihamlarla həbsdə yatan, hər zaman dövlətinə, bayrağına və Prezidentinə sadiq olan xeyirxah iş adamı Mübariz Mənsimovun adından ürəkdən təbrik edir, Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevinin başçılığı ilə qazanılmış Qələbə sevincindən məmnunluğumuzu bildirirəm! 

Hörmətli Mehriban xanım! Geridə qoyduğumuz 2020-ci il dünya üçün pandemiya, koronovirusun tüğyan etdiyi il olsa da Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan əsgərinin şücaəti sayəsində əzəli və əbədi torpaqlarımızın alınması kimi böyük hadisə Azərbaycan üçün qələbə Zəfər ilinə çevrildi.  
   
Sizin Dünya Azərbaycanlılarının həmrəylik günündə və eləcə də 18 mart 2020-ci ildə Azərbaycan xalqına koronavirus infeksiyası ilə bağlı ünvanladığınız müraciətləri təkrar-təkrar oxuduqca, hər dəfə eyni qənaətə gəlirəm: oradakı sözlərin, hər bir nöqtənin, xalqımıza xitabınızın səmimiliyini, bir Azərbaycan Xanımı, anası, bacısı, nəhayət, bir Azərbaycan Qadını olaraq qəlbinizin əhatə olunmaz miqyasını dərk etmək üçün müraciətin sonundakı imzanızı oxumaq kifayətdir. 

"Hər birinizə dualar və sevgi ilə, Sizin MEHRİBAN”.

Bu sözlər məni təsəvvür edə bilməyəcəyim dərəcədə ruhlandırdı, mənə ən sərt buzları belə əridən MEHRİBAN istiliklə, ən zülmət qaranlıqları nuru ilə əridən MEHRİBAN işıqla dolu ümid verdi. Dəyərli Mehriban xanım, bu, sizə yazdığım ikinci məktubdur. 

Sizdən çox ağır duruma düşmüş bir həyat yoldaşı, ana və qadın olaraq kömək və dəstək istəyirəm. 18 mart müraciətinizdən bir gün əvvəl, 17 mart tarixində Türkiyə məhkəməsinin qərarı ilə həyat yoldaşım, "Palmali Şirkətlər Qrupu”nun prezidenti, azərbaycanlı iş adamı, xeyriyyəçi Mübariz Qurban oğlu Mənsimov həbs edildi. Bu qərarın uydurma ittihamlara əsaslandığı, həbsin sifarişli olduğu sübut edilsə də və iki dəfə məhkəmə baş tutsa da hakimlər yalandan vaxtı uzatmaqla məşğuldurlar. Nəticədə isə bildiyiniz kimi artıq 9 aydan artıqdır  ki, M.Mənsimov Silivri cəzaçəkmə müəssəsində saxlanılır. 84 yaşlı qoca atası və 82 yaşlı qoca anası ağır vəziyyətdədirlər. Ailəmiz, uşaqlarımız onun yolunu gözləyirlər. Dişimiz dırnağımız ilə yaratdığımız Palmali holdinqində vəziyyət isə  daha ağırdır. İşçilər maaş almır, ərzaq və yanacaq çatışmır. Gəmilər iflic vəziyyətdədir, bütün müqavilələr pozulub.  Həyat yoldaşım Mübariz Mənsimov bütün bunları haqq etməyib. Mübariz bəy, Azərbaycan-Türkiyə qardaşlığının daim möhkəmlənməsi, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin daim yaşadılması məqsədilə saysız-hesabsız işlər görüb. O, hər zaman "Heydər Əliyevin əsgəriyəm” deyib və həmişə bu kəlməsinə riayət edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi Mübariz Qurbanoğlu gənclərimizə vətənpərvərlik, rəşadət, dövlətçilik nümunəsi kimi göstərib. Sizin milli xeyirxahlıq, əxlaqi, ailə dəyərlərimizin qorunması və təbliği sahəsində fəaliyyətiniz isə, Mübariz üçün hər zaman bir yol olub və o, bu yoldan heç vaxt dönməyib.

18 mart müraciətinizdə vurğuladığınız kimi, dünya çox təhlükəli koronavirus infeksiyasının pandemiyasını yaşayır. Belə bir şəraitdə mənim həyat yoldaşım həbsdə saxlanılır. Uydurma ittihamlara etiraz olaraq əvvəl  keçirdiyi aclıq aksiyası onu taqətdən salmışdı və Mübariz Mənsimov artıq ayağa durmaqda belə çətinlik çəkirdi. Mənə həyat yoldaşımla görüşməyə icazə verilmirdi bu məlumatları onun vəkillərindən öyrənmişəm. Hər günün ağırlığını, keçirdiyim hisslərin iztirablarını yaşamaq dözülməzdir. Mübarizin səhhətinin getdikcə pisləşməsi haqqında hər söz çiyinlərimə qaldırılması mümkün olmayan bir yük kimi düşürdü. Yuxarıda da bildirdiyim kimi, Mübarizin ahıl ata və anasının oğulları, 8 yaşlı uşağının atası haqda verdikləri fasiləsiz suallar məni həm üzür, həm də çıxılmaz vəziyyətə salır. Onların heç biri Mübarizin həbsdə olduğunu bilmir və günlər keçdikcə, onların suallarına inandırıcı cavab vermək çox çətin olur. Sizin mənim yaşadıqlarımı təsəvvür etməyinizi rica edərdim.

Hörmətli Mehriban xanım!  

Sizdən kömək istəyirəm. Bir oğulun, bir atanın, bir həyat yoldaşının haqqsız olaraq həbsdə saxlanılmasına son qoyulması, Mübariz Mənsimovun həbsdən azad olunması, həyat yoldaşımın öz ailəsinə yenidən qovuşması üçün dəstək və yardımınıza böyük ehtiyacım var. Əminəm və bilirəm ki, Sizin bu problemlə maraqlanmağınız bütün ədalətsizliklərə son qoya bilər.
Sizdən xahiş edirəm ki, Türkiyənin İstanbul şəhərində həbsdə saxlanılan Mübariz Mənsimovun azadlığa buraxılması işində Ali Nüfuzunuzdan istifadə edərək dəstək və köməyinizi əsirgəməyəsiniz. Sizə ünvanladığım bu müraciəti eyni zamanda Mübarizin valideynlərinin və onun azyaşlı oğlunun  müraciəti kimi qəbul edin.

Dərin Hörmətlə,
Tamara Mənsimova Gurbanoğlu




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az