Müharibə yenidən alovlanır : Əsədə qarşı 30 minlik ordu: - Şərh

Müharibə yenidən alovlanır : Əsədə qarşı 30 minlik ordu: - Şərh

Suriyada çox ciddi hadisələr baş verir. Bəşər Əsəd tabeçiliyində olan ordunu gücləndirir, Rusiya və İrandan dəstək almağa çalışır. Bunun qarşılığına Suriya rejiminə müxalifətdə olan qruplar inteqrasiyaya gedir, güclü birləşmə prosesləri müşahidə olunur. Artıq Suriya Azadlıq Ordusunun təşəbbüsü ilə müxtəlif qüvvələr "Qurtuluş Cəbhəsi” adı altında birləşir və 30 minlik şəxsi heyəti olan ordu formalaşdırır. Bu qüvvə Bəşər Əsədi hakimiyyətdən devirməyi, Suriyada yeni hakimiyyət qurmağı qarşısına məqsəd qoyub.

Bu fikirləri Teleqraf.com-a sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Suriyada baş verən son hadisələri şərh edərkən deyib.

Qabil Hüseynli əlavə edib ki, Suriyada bu vəziyyət Bəşər Əsədin neçə vaxtdır müxalifət qüvvələrinə qarşı həyata keçirdiyi hücumlarla bağlıdır:

"Onu da qeyd edək ki, Səudiyyə Ərəbistanı əl altından məkrli planlar həyata keçirir. Müsəlman İttifaqı deyilən qruplaşmalara fərqli göstərişlər verir. Bu da Suriyada hadisələrin qızışmasına müəyyən təsir göstərir. Üstəlik, Bəşər Əsəd rejimi həm repressiyaları, həm də müxalifət qüvvələrinə qarşı mübarizəni gücləndirir”.

Qabil Hüseynlinin sözlərinə görə, Rusiya Suriyada baş verən son proseslərdən kənarda qalmayacaq: "Rusiya Suriyadakı Xmeymim hərbi bazasında xüsusi təyinatlıları, hava hücumundan müdafiə qüvvələrini və qırıcı təyyarələrini hazır vəziyyətə gətirib. Ruslar ABŞ-ı Xmeymim bazası ətrafında vəziyyəti gərginləşdirmək, yerli əhalini "Ruslar rədd olsun” kampaniyası adı altında aksiyalar keçirməyə sövq etməkdə ittiham edir.

Eləcə də ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyada aktiv iş aparır. Bir sözlə, Suriyada hadisələrin yenidən qızışması, müharibənin yenidən alovlanması ehtimalı güclüdür.

Bu prosesə İsrailin də müəyyən müdaxilələrini nəzərə almaq lazımdır. İsrail hazırda Suriya ərazisində İranla ciddi qarşıdurmalara gedir və hər dəfə İranın buradakı bazalarını zərərsizləşdirir. Belə bir şəraitdə müxtəlif dövlətlərin Suriyaya müdaxiləsi, Bəşər Əsədin hakimiyyətini genişləndirmək uğrunda fəaliyyəti əslində ölkədə hadisələri orbitindən çıxarır və yeni müharibə həddinə doğru aparır. ABŞ Dövlət Departamentinin son açıqlamalarına da bu fonda yanaşmaq lazımdır”.

Xatırladaq ki, dünən axşam saatlarında ABŞ Dövlət Departamenti Suriya rejiminin müxaliflərin nəzarətindəki Dera bölgəsinə genişmiqyaslı hücuma hazırlaşdığı barədə bəyanat yayıb. Bəyanatda ABŞ tərəfinin bundan ciddi narahatlıq keçirdiyi və rejim hücuma keçəcəyi halda konkret tədbirlər görüləcəyi bildirilib.

Dünən hökumət qüvvələrinin gələcək əməliyyatı barədə Dera sakinlərinə təyyarədən xəbərdarlıq vərəqələri atılıb.

Qeyd edək ki, Dera İsrail və İordaniya sərhədinin kəsişməsində yerləşir. Əsədin bu hücum hazırlığına qarşı artıq 3 böyük hərbi koalisiya və 20-yə yaxın hərbi qruplaşmanın birgə "Qurtuluş ordusu” yaratdığı bildirilir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az