Müşavir Ramiz Mehdiyevə cavab verdi: “Əlimdə bir neçə mühüm əsas var”

Müşavir Ramiz Mehdiyevə cavab verdi: “Əlimdə bir neçə mühüm əsas var”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müşaviri, akademik Möhsün Nağısoylu Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətində "hörümçək” sözünün yer almaması ilə bağlı AMEA prezidenti Ramiz Mehdiyevin ötən gün Rəyasət Heyətinin iclasında səsləndirdiyi fikirlərə münasibət bildirib.

Bu barədə "Report”a danışan M.Nağısoylu R.Mehdiyevə izahat verməyə hazır olduğunu deyib.

Onun sözlərinə görə, lüğətin çapa gedən kompüter variantında, yəni siqnal nüsxədə "hörümçək” sözü olub: "Ola bilər ki, lüğət bir kompüterdən digərinə köçürüləndə o söz çıxıb. Bunu qəsdən çıxarmağımız mümkünsüzdür. Bunun təxribat olmasına da inanmıram, bu, sırf texniki məsələdir. Əgər bizim məqsədimiz o sözü çıxarmaq olsaydı, onda niyə eyniköklü digər sözləri saxlayırdıq? Axı orada hörümçəkkimilər, hörümçəyə oxşar, hörümçəyəbənzər sözləri var”.

"Bizim əlimizdə bir neçə mühüm əsas var: Birincisi, bu söz bizim kompüterimizdə, yəni nəşrə gedən sonuncu variantda var. İkincisi, kitab şəklində bizə təqdim olunan siqnal variantında var. Üçüncüsü, lüğətdə bu sözlə eyniköklü olan ifadələr var. Dördüncüsü, "spayder" sözünün "hörümçək" deyil, məhz başqa məna daşıması ilə bağlı əsas mənbə var - bu da 2016-da çap olunub, internetdə də mövcuddur. Bir daha demək istəyirəm ki, yeni lüğətdəki "spayder” sözü isə hörümçək sözünün tərcüməsi anlamında verilməyib və bu sözün texniki termin kimi mənası mövcuddur. Bütün bunları izahat kimi Ramiz Mehdiyevə deyə bilərəm”, - akademik M.Nağısoylu bildirib.

Qeyd edək ki, Ramiz Mehdiyev ötən gün AMEA Rəyasət Heyətinin iclasında Dilçilik İnstitutunun nəşr etdirdiyi Orfoqrafiya lüğəti ilə bağlı mətbuatda yazılanlara münasibət bildirib. O deyib ki, lüğətin nəşrinə məsuliyyət daşıyan şəxslərin verdikləri izahatlarla razı deyil. R.Mehdiyev onlardan daha ciddi və əsaslı izahatlar gözlədiyini söyləyib.

Xatırladaq ki, hazırda qalmaqala çevrilən lüğətin elmi redaktoru həmin vaxt Dilçilik İnstitutunun direktoru vəzifəsində çalışan akademik Möhsün Nağısoylu olub.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az