Müstəqillik tariximiz

Müstəqillik tariximiz

Azərbaycan tarixini vərəqlədikdə tarix səhifələrimizin mühüm günlərlə zəngin olduğunun və tarixi hadisələrlə yadda qaldığının bir daha şahidi oluruq. Belə mühüm günlərdən biri də 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi günüdür.​
 
Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı.

XX əsrin sonlarında sovetlər birliyinin  dağılması nəticəsində yaranan tarixi şəraitdən Azərbaycan xalqı yüksək səviyyədə istifadə edərək XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.

Rusiyadakı demokratik qüvvələrin fəaliyyəti nəticəsində respublikalarda da mərkəzdənqaçma cəhdləri baş qaldırmış və öz müstəqilliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatmışdı.Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağrılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında  Bəyannamə” qəbul edildi.

Tarix boyu Azərbaycan xalqına yaşadılan faciələr, əhalisinə qarşı törədilən qırğınlar, millətinin başına gətirilən fəlakətlər, edilən zülmlər Azərbaycanın müstəqilliyi ideyalarına, milli demokratik qüvvələrə ağır zərbə vurmaq məqsədilə təşkil olunmuşdur. Bu da Azərbaycan xalqı arasında milli birlik və müstəqil dövlətçilik ideyasını gücləndirdi.

...70 il ərzində Azərbaycan Respublikasına qarşı əslində müstəmləkəçilik siyasəti yeridilmiş,  Azərbaycanın təbii ehtiyatları amansızcasına istismar olunmuş, milli sərvətləri çapılıb-talanmış, Azərbaycan xalqı təqiblərə və kütləvi cəza tədbirlərinə məruz qalmış, onun milli ləyaqəti tapdalanmışdır. Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı dövlət müstəqilliyi uğrunda mübarizəni davam etdirirdi.

"Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi  Bəyannamə də bu mübarizənin yekunu olmuşdur. Bunlar Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında sənəddə-Konstitusiya Aktında da öz əksini tapmışdır.

Xalqın tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il oktyabrin 18-də keçirilmiç sessiyası "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nı qəbul etdi. Bununla Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Beləliklə də Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu.

Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cumhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.
Azərbaycan Respublikasında dekabrın 29-da referendum keçirildi.  Azərbaycan xalqı yekdilliklə dövlət müstəqilliyinə tərəfdar çıxdı. SSRİ-nin dağılması və müstəqillik haqqında referendumun keçirilməsi nəticəsində Azərbaycanın dövlət müstəqilliyi tam hüquqi təsdiqini tapdı.

Konstitusiya aktında qeyd olunurdu ki, Azərbaycan dövləti müstəqil, unitar və dünyəvi dövlətdir. Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə, onun qanunlarına tabe olan bütün Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir. Siyasi hakimiyyət xalqa məxsusdur.
Respublikanın ərazisi və sərhədləri toxunulmazdır.

1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.

1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycanın Dövlət himni kimi təsdiq edildi.

Azərbaycan Respublikasının Ali Soveti 1993-cü il yanvarın 19-da qəbul etdiyi Konstitusiya Qanunu ilə 1919-1920-ci illərdə hazırlanmış Dövlət gerbi layihələrindən birini müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının Dövlət gerbi kimi təsdiq etmişdir.​​​​​​

Müstəqilliyi elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başlamışdı. Onun müstəqilliyini dünya dövlətləri tanıdı. Azərbaycan Respublikasının dövlət müstəqilliyini ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və başqa dövlətlər tanıdılar.

1993-cü ilin əvvəllərində Azərbaycanın dövlət müstəqilliyi 116  dövlət tərəfindən tanınmış, 70 xarici dövlət ilə diplomatik əlaqələr qurulmuşdu. Azərbaycan Respublikası 14 beynəlxalq təşkilata üzv qəbul edilmişdi. Azərbaycan 1991-ci ildə İslam Konfransı Təşkilatına,1992-ci ilin fevralında İqtisadi Əməkdaşlıq Təşkilatına,martın 2-də Birləşmiş Millətlər Təşkilatına (Azərbaycanın BMT-yə üzv qəbul olunması ilə onun beynəlxalq aləmdə de-fakto tanınmasına başlandı), iyulun 10-da isə Helsinki Müşavirəsinin Yekun Aktına qoşulmaqla Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsinə üzv qəbul olundu.

Hər il Azərbaycan xalqı bu  müqəddəs günü təntənəli şəkildə, dövlət səviyyəsində bayram kimi qeyd edir.

Lakin müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçılar hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı. Lakin böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu.
İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Xalqın öz dövlətçiliyi sarıdan  narahatçılığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına eyni dərəcədə diqqət verilir.
Coğrafi baxımdan Qərb ilə Şərqin kəsişməsində, zəngin neft-qaz ehtiyatlarına malik olan, dünyanın aparıcı dövlətlərinin maraqlarının kəsişdiyi bölgədə yerləşən Azərbaycan üçün xarici siyasətin düzgün seçilməsi ölkənin müstəqilliyinin qorunub saxlanmasında və möhkəmləndirilməsində başlıca amillərdən biri olaraq qalır. Azərbaycan kifayət qədər mürəkkəb, eyni zamanda strateji əhəmiyyətli bölgədə yerləşdiyinə görə xarici siyasət kursunu müəyyənləşdirərkən bir tərəfdən öz milli maraqlarını qorumaq və bölgənin aparıcı dövləti statusunu saxlamaq, digər tərəfdən bölgədə maraqları olan bütün dövlətlərlə,habelə qonşularla bərabərhüquqlu tərəfdaşlıq münasibətlərini saxlamaq kriteriyalarından çıxış edir. Azərbaycan istər regional və  qlobal təhlükəsizliyin təmin edilməsində, istərsə də enerji təhlükəsizliyinə nail olunmasında etibarlı, stabil tərəfdaş kimi qəbul olunur. Azərbaycanın xarici siyasətinin uğurlu olması ona şərait yaradır ki, bir çox xarici ölkələrə irihəcmli investisiyalarını yatırsın, beləliklə də söz sahibinə çevrilsin və öz nüfuzunu daha da gücləndirsin.​​​​​​​​​​​                                                                                                                               
Hazırladı:
Gülanə SƏDA,
tarixçi



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az