Mütləq həqiqət varmı, YAXUD Allahı və idealları olmayan yazıçı haqqında qısa mühazirə

Mütləq həqiqət varmı, YAXUD  Allahı və idealları olmayan yazıçı haqqında qısa mühazirə
Mətləb Ağa


Dövrümüzün məşhür ingilis fiziki Stiven Houkinq "Zamanın daha qısa tarixi” adlı kitabında yazır ki, keçmişdə insanlar Yerin nəhəng tısbağa üstündə  qərarlaşması barədə qəti dünyagörüşə malikdilər, ola bilsin ki, haçansa, zaman və kainat haqqındakı çoxsaylı sualların bəzilərinin hazırki cavabları da, indi bizə planetimizin tısbağa belində dayanması fikrinin göründüyü qədər olduqca sərsəm görünsün...
Hər kəsin və hər dövrün  öz həqiqəti (həqiqətləri) var.
Mütləq, vahid həqiqət mövcud deyil və yeganə həqiqət adıyla bizə sırınan şeylər, "həqiqət budur” şüarları yalnız onu yazan və deyənlərin hansısa maraqlarının xidmətçisidir. 

Noam Çomski 1992-ci ildə bir müsahibəsində deyirdi: ”...Amerikanın kəşfi ifadəsi doğru deyil; çünki Amerika onsuz da üzərində minlərcə il öncə yerləşənlər tərəfindən kəşf edilmişdi. 500 il əvvəl (1492-ci il, Kolumbun səyahəti nəzərdə tutulur) baş verənlər Amerikanın yad bir mədəniyyət tərəfindən işğalıdır...bir insan bir yeri ancaq orada kimsə yaşamırsa kəşf edə bilər. Əgər Meksikaya gedirəmsə, hər halda, "Meksikanın kəşfi” adlı bir məqalə yazmalı deyiləm...”

Mövzumuza gələk. Fikrimcə, hansısa yazıçı da "peyğəmbər, ağılöyrədən” rolunda çıxış edə bilməz, çünki o da sənin, mənimtək adi insandır və  belə bir hüquqa sahibliyi  istisnadır.

Yəni, yazıçını digərlərindən fərqləndirən istedadı, yazmaq bacarığını kənara qoysaq, mən burada nəzərdə tuturam ki, son nəticədə, yazıçının da öz həqiqətləri və maraqları vardır, onda başqalarından fərqli xüsusiyyət yalnız yazmaqdır ki,   bu da ona bizə ağıl öyrətməyə haqq vermir.

Beləliklə, mənim nəticəm budur ki, yazıçı peyğəmbərlik etməməli, başımıza ağıl qoyub yol göstərməməlidir. Çünki, yazmaq bacarığını çıxsaq, onun bizdən nələrdəsə üstünlüyünü, daha yaxşı mənəvi keyfiyyətlərə malik olmasını söyləmək üçün əlimizdə heç bir əsasımız yoxdur. Yazıçı göz önündə olmaq fürsətindən  sui-istifadə istifadə edib nəyin yaxşı, nəyin pis olmasını israr etməməlidir,  oxucu onun əsərlərindən nəyisə (nələrisə) özü götürər, istəməzsı götürməz.
Yoxsa, "bu hökmən belədir, belə olmalıdır, həqiqət bu cürdür” mühakiməsinin yeri yoxdur, hazırkı dünyamızdasa heç yeri yoxdur.

Yaradıcılığında Henri Çınaski ad-familiyasıyla da tanıdığımız Çarlz Bukovski, diqqətimi bu aspektdən doğrudan da cəlb etdi. Məşhur ”Qadınlar” romanında yazıçı ömrünün yetkin çağlarında həyatındakı qadınlarla məcaralarından danışır və adama (oxucuya) elə gəlir ki, bu əhvalatları nəql edərkən oxucunun onun haqqında nə düşünməsi  Bukovskiyə qətiyyən maraqlı deyil. Yoxsa saysız vulqar ifadələrin kitabın səhifələrindən üstümüzə tökülməsi, əyyaşlıq, arvadbazlıq səhnələrinin davamlı bolluğu ayrı cür düşünməyə əsas vermir.

Bukovski kitabda öz doğrularını təsvir edir və hesab edirəm ki, oxucunun (insanların) özü barəsində nə fikirləşməsi  yazıçının heç vecinə də deyil. Ayrı  səbəb də ola bilər, əlbəttə, yazıçı bizi qəsdən bilərəkdən qıcıqlandırır, kitaba cəlb edir, özünü söymək bahasına da olsa oxucunun diqqət mərkəzinə can atır.
Çünki, hər halda, bir çox başqa yazıçılar belə yazmır, bəlkə özləri sahib olmasalar da belə, yüksək mənəvi keyfiyyətləri tərənnüm edirlər. Çarlz Bukovskisə fərqlidir, yəni, Maqsud İbrahimbəyovun "Ondan yaxşı qardaş yox idi” əsərindəki Cəlil müəllim olmağa çalışmır, öz həqiqətlərini oxucuya sırımır. ("Başqa yazıçılara nə lazım olduğunu bilmirdim; bu heç mənim vecimə də deyildi, onsuz da onların yazdıqlarını oxuya bilmirdim. Mən öz vərdişlərimin, öz zehniyyətimin əsiri idim. Səfeh olmaq elə də pis şey deyil, əgər nadanlıq tamamilə sənə məxsusdursa.”)

Bukovskinin öz mütləq həqiqətləri yoxdur və digərləritək bunlardan israrla danışmır,  ən azından "Qadınlar” romanında, onun öz doğruları,  öz həyatı var və o, məhz bu həyatı bizim üçün canlandırır, kitabda vərəqdən vərəqə əyyaşlıq, pozğunuq təsvirlərini durmadan artırsa da, o, məhz belə yazıb bundan ləzzət alır, cəsarətlə "mən beləyəm” deməkdən çəkinmir,  barəsində "əxlaq qarovulçularının” nə qışqıracağlarınısa,  görünür ki, heç vecinə də almır.
Fikrimcə, Bukovski oxucularıyla da bir növ ironiyayla davranır, oxucuların arasında saysız-hesabsız Cəlil müəllimlərin olması ona uzun illərin həyat təcrübəsindən yəqin ki, çoxdan agahdır, nə rəngdə olduğu bilinməyən, ağ-qara fonda itib batan ətrafın tənəsinin qorxusundan yalançıəxlaq qılafına bürünmüş potensial əyyaşları, qumarbazları, oğruları, şərəfsizləri hər addımda tapa biləcəyi barədəÇinaski yaxşı məlumatlıdır.
Yazıçı öz həyatını mühakimə etmir, davranışlarının pis olduğu düşüncəsini   özünə yaxın buraxmır, ancaq etdiklərinin mütləqliliyini, başqalarının da məhz belə etməli olduğunu oxucunun "gözünə soxmur”, Mixail Bulqakov kimi, "arxamca oxucu, yalnız mənim arxamca” deyib, bizi israrla öz həqiqətinin ardınca çağırıb doğrunun yalnız öz dediklərində olduğunu dayanmadan təkid etmir.

Bulqakov oxucusunu "həqiqi, möhkəm, əbədi məhəbbətin” varlığına inandırmağa çalışırsa, Bukovski öz "arvadbaz” ampulasına sadiq qalıb, ironiyasıyla "həqiqi  məhəbbət” terminologiyasını lağ hədəfinə çevirir.

Müxtəlif vaxtlarda ”Həqiqətən verəcək sevgim var, amma buna layiq olan heç kimim yoxdur” və ya "təbii ki, bir insanı sevə bilərsiniz, əgər onu kifayət qədər tanımırsınızsa” yazmış Bukovski, bizdə Bulqakovun  sevgi dünyasına şübhə yaradır. 
Lakin dediyim kimi, Bukovski "Qadınlar”da heç nəyi  bizə mütləq kimi  sırımır,  heç nədə israr etmir, bizi nəyəsə inandırmağa can atmır,  sadəcə, danışdıqlarının Çinaskyə görə belə olduğunu və məhz elə belə də olmalı olacağını deyir,  lağ-lağı təhkiyəsiylə bizim bütləşmiş mütləq  həqiqətlərimizə gülür. ("mənim Allahım, siyasətim, ideyalarım və ideallarım yox idi.”)
Gəlin baxaq, Çarlz Bukovskinin "Qadınlar” dakı Henri Çinaskisindən, nümunəvi yazıçı deyə biləcəyimiz, müqəddəslik arzulayan Yasunari Kavabatanın "Qarlı diyar” povestindəki  Simamura çoxmu fərqlənir?
Həm fərqlənmir, həm də... çox fərqlənir.
Henri Çinaski, necə istəyirsə, elə yaşayır, nəyi həqiqət sayırsa, onun arxasınca gedir, özgələrinin rəyini nəzərə almır, çünki fikrincə, o, başqalarını yaxşı tanıyır, onların bu cür  düşünüb ayrı cür göründüklərini bilir,  baxmayaraq ki, Simamura da özünü insan sərrafı  sayır,  hər şeyi, bütün addımlarını ölçüb-biçir, bu ölçüb-biçmələrin onu bir gün öz mütləq həqiqətinə yetişdirəcəyinə, ürəyi istəyən kimi yaşayacağına inanır və sonda bu ümidlər heçəçıxıb gedir. 
Yeri gəlmişkən, həyatın istehzasına baxın ki, "kim həyatını intiharla bitirirsə, müqəddəslikdən uzaqdır” söyləmiş Kavabata, 72 yaşında özünü öldürür və deməli, ömrü boyu uğrunda mücadilə etdiyi müqəddəsliyin "açarını”  itirir...

Simamura hansısa mütləq həqiqətlərə inanır və onu Henri Çınaski olmağa qoymayan da elə bu yalançı doğrulardır. Simamuranun həyatı, Cəlil müəllimin güzaranının eynidir,  yalançı, inanmaq istədiyi mütləq həqiqətlərə hesablanıb,  Simamura  özü də ürəyinin dərinliyində anlayır ki,  hər şey ayrı cür ola bilərdi və rahat nəfəs almaq istəyirsə, öz bütlərindən əl çəkib ürəyinin səsinə qulaq asmalıdır. 
Simamuranın şəxsi və iş həyatı baş aldatmalardan ibarətdir, evdə arvadı, qarlı diyardakı geyşa Komakoyla münasibətləri  yalanlardan yoğrulub, digər tərəfdən, Yokoya da xoş hisslər bəsləyir, lakin dilinə gətirə bilmir.
Çinask isə öz istəklərini hər şeydən uca tutur, Simamuranın yerində olsaydı, o, çoxdan öz arvadından ayrılıb arzuladığı qədər Komakoyla əylənər, sonrasa Yoko üzündən  onunla da üzülüşərdi...
Bukovski elə məhz bu yöndən maraqlıdır. Onu biryolluq pozğun və əyyaş damğasıyla rədd eləmək, lənətləmək, oxumamaq məsələnin çox bəsit həllidir...Çünki axı, hər şey göründüyü qədər sadə deyil...
O, özünəməxsusluğuyla, "mən beləyəm” deyib gözümüzün içinə dik baxmaqdan çəkinmir. Bu lap İsa peyğəmbərin "kimin günahı yoxdursa qoy o, birinci daş atsın" müdrikliyinə bənzəyir, Bukovski da bizim kim olduğumuzu çox yaxşı bilir, "mən qumarbaz, arvadbaz və əyyaşam, bütün bunları yazmaqdan çəkinmirəm və utanmıram” deyir, "sizin də belə bir cəsarətiniz varmı, düşüncələrinizi, gizli işlərinizi etiraf etməyə cəsarətiniz çatarmı, bunu edə bilərsinizmi ?” soruşur. "Yox, çatmır vəçatmaz..” Cavab budur...
Amma, bəlkə də, Bukovski yazı üslubunda bir az şitini çıxarır,  ancaq eybi yox,  neylədiyini yəqin ki, özü yaxşı bilir...
Başqa sözlə, Bukovskinin həqiqəti özünə məxsusdur, amma o, ədalətsiz deyil, budur, Çinaski öz ürəyincə, ancaq namusla yaşayır, kimdənsə oğurlamır, özününkü olmayan qaba əl uzatmır, ləyaqətsizlik etmir...
Buna görə də, Çarlz Bukovskini deyə bilmərəm, tanımıram, Henri Çinaski məndən ötrü əsl insandır, yaxşı adamdır, hər tində üzünə irişən riyakar insancıq  və "qılaflı adam”lardan (A.Çexov) yerdən-göyə qədər fərqlidir: "Qapını açdım və artırmaya çıxdım. Orada yad bir pişik oturmuşdu...Deyəsən, məndən heç qorxmurdu. Mırıldayaraq mənə yaxınlaşdı və özünü ayaqlarıma sürtdü. Mən yaxşı adam idim. Görünür, o da bunu bilirdi. Heyvanlar belə şeyləri asanlıqla hiss edə bilirlər.” 
Ədalətli olmaq məsələsisə fərqli şeydir, ədalət mütləqdir, o,  həqiqətlə tamam başqa-başqa anlayışlardır.
Aristotelin "ədalət bərabərlikdir, ancaq hamı üçün yox, yalnız bərabərlər üçün bərabərlikdir” müdrikliyini  bəlkə də bu yerdə heç yada salmamalıydım...Çünki, Aristotel eramızdan əvvəl IV əsrdə yaşayıb. O vaxtdan çox sular axıb, çox şeylər öz yerini tapıb və dəyişib. Bu, kimsənin mübahisələndirə bilməyəcəyi adi bir faktdır...
Fakt və həqiqətsə fərqli-fərqli  şeylərdir...Lap ədalət və həqiqət kimi...
..."Zamanın daha qısa tarixi”ni yazmış fizik Stiven Houkinqəsə, mənim heç bir etirazım yoxdur...
 
Miq.Az
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az