Naxçıvan: İsti ürəkli Muxtar Respublika - Hindistanlı iş adamı yazır (FOTOLAR)

Naxçıvan: İsti ürəkli Muxtar Respublika - Hindistanlı iş adamı yazır (FOTOLAR)

Hindistanlı iş adamı Debarçan Bisvas (Debarchan Biswas) sentyabrda Azərbaycana səfər edib. 15-17 sentyabr tarixlərində Naxçıvan Muxtar Respublikasında olan iş adamı səfərini sırf turist kimi keçirib. Bir çox turistdən fərqli olaraq, Bakını yox, Naxçıvanı gəzməyi üstün tutan hindistanlı iş adamı Muxtar Respublika ilə bağlı təssüratlarını aşağıdakı kimi qələmə alıb:


Ailəmlə zaman keçirmək üçün Mumbai, Hindistana getmədən öncə, Dubayda keçirdiyim son bir ay ərzində, Qafqazda bir neçə həftə zaman keçirmək qərarına gəldim. Azərbaycana səfər planlaşdırarkən, tək bildiyim şəhər Bakı idi. Ancaq bir turistdən daha çox bir səyahətçi olaraq həmişə məni daha az gedilən yollar cəlb etmişdir və mən bir ölkənin həqiqi mədəniyyətini bu yerlərdə tapmışam. Mənim maraq dairəm son dövrlərdə muxtar bölgələr olmuşdu. Bu gizli cövhərlərə səyahət etdikcə bu bölgələrdən olan insanlara aşiq oluram. Araşdırma edərkən bir yerdə Naxçıvan Muxtar Respublikası ilə rastlaşdım - hansı ki, adətən izlədiyim səyahət bloqlarında bu adla çox nadirən rastlaşmışam. Qısa zamanım olmasına və haqqında az məlumata sahib olmağıma baxmayaraq, bu bölgəyə səyahət etməyə qərar verdim. Mənim üçün Bakıdan Naxçıvana 70 manatlıq bir AZAL reysinə bilet almaq və otel rezervasiya saytlarından biri vasitəsi ilə Təbriz oteldə yer sifariş etmək çox asan oldu. Bakıda qarşılaşdığım hər kəs məni bu bölgəyə səyahət etmək məsələsində qorxutsa da və ya həvəsdən salsa da, çox şükür ki, ürəyimin səsinə qulaq asdım və davam etdim.



Hardasa gecə saat 1-də Naxçıvanın yerli sərnişinlərlə dolu (İngilis dilində çox az bilmələrinə baxmayaraq mənim kimi yol-iz bilməyən səyahətçiyə kömək etməyə can atan insanlar) təyyarəsi ilə uçuşdan sonra Naxçıvan aeroportuna endik. Çox az ingilis dilində bilən gənc bir oğlan otelə getmək üçün taksiyə minəcəyim yeri mənə göstərdi. 15 dəqiqəlik uzaqlıqdakı şəhər mərkəzinə getmək üçün 5 manat xərclədim. Otelə çatar-çatmaz fərq etdim ki, mənim gəliş vaxtımla bağlı anlaşılmazlıq olduğuna görə qalacağım otaq təmizlənir və yalnız sonrakı gün otelə giriş edə bilərəm. Dil bilməmək mənim üçün böyük bir əngəl olsa da, qeydiyyat bölməsindəki cənab Elnur ingilis dilində danışa bilirdi və o məni əmin etdi ki, belə bir gec vaxtda digər otellər məni bir gecəlik qəbul edəcək. Eləcə də məni otelə gətirən taksi şoferi mənimlə birgə gözlədi, daha sonra məni Avtovağzal otelə apardı və otağımın açarlarını alana qədər mənə kömək etməyə çalışdı. Beləliklə, Hindistandan bu torpaqları ziyarət etmək üçün gəlmiş bir insana bu insanların göstərmiş olduqları diqqət mənə çox təsir etdi.



Növbəti gün səhər, oyanıb Naxçıvan qaymağı (hansı ki Hindistana qayıtdıqdan sonra belə ondan ötrü darıxıram), yerli çörək, cem və pendirlə səhər yeməyi yedim və Heydər Əliyev Prospekti ilə Təbriz otelinə getdim ki, oteldə qalmaq üçün qeydiyyatdan keçim. Təbriz oteldə (məncə Naxçıvanda ən yaxşı oteldir) məni Cənab Elnur gülümsəyərək salamladı. Rahatladıqdan sonra və Naxçıvana gəliş səbəblərimi açıqladıqdan sonra, o məni növbəti günlər ərzində mənim üçün bir qardaş kimi olacaq Kamal Yahyalı ilə tanış etdi. Motivasiyası yüksək və çox intellektual bir gənc olan Kamal mənimlə bir saat ərzində görüşdü və biz növbəti günlərdə hara gedəcəyimizlə bağlı planlama etdik. Biz qərara gəldik ki, öz gölləri və bal istehsalı ilə məşhur olan Batabat regionuna gedək. Yol ərzində Kamal Naxçıvanın yeni nəslinin necə düşündüyü ilə bağlı qısa və dəyərli məlumatlar verdi. Qaydasız döyüş üzrə müəllim olan Kamalın müxtəlif dinlər həmçinin Hinduizm və dünya siyasəti ilə bağlı dərin məlumatlı olması məni heyrətləndirdi. Biz Bhagvat Qita və Quranı müzakirə edərək, eyni zamanda bir yerdə Batabatın füsunkar gözəlliyini seyr etdik.



Yollar bəzən bir boyalı şəkil kimi, bəzən də qıvrılmış ilana bənzəyir. Burdakı göllər insan əli dəyməmiş, saf və təmizdir. Bəzən ətrafınızda heç kəsin olmadığı yerlərə getmək insana çox hüzur verir. Ola bilsin ki burdakı insanlara xoşbəxtlik və hüzur verən elə budur. Bəzən Sovet dövründən qalma yük maşınları görünür və bu sizə zamanda geriyə səyahət etdiyiniz hissi verir. Biz Ermənistanla sərhədə çox yaxın olan və əsgərlərin ayaq səslərinin eşidildiyi Batabat gölünə gəldik. Bizi saxladıqları zaman Kamal onlara nələrsə izah etdi və onlar mənim "Hindistan”dan olduğumu eşidərək gülümsəyərək bizə yolumuza davam etməyə icazə verdilər (Ola bilsin ki, biz ölkəmizə "Hindistan” demişik bir zamanlar). Göl çox gözəl idi və orda üzən bir ada var idi. Naxçıvanın məşhur, saf və təbii balını satan yaşlı bir kişi də var idi. Çox təəssüf ki, uçuşda qadağa olduğuna görə evə bu baldan apara bilmədim.



Ordan biz daha çox gözəllikləri görmək üçün Ermənistan sərhədinə daha yaxın olan yerlərə getməyə cəhd etdik amma yerli ordu komandiri buna icazə olmadığını bildirdi və bizə bir neçə xoş söz dedikdən sonra biz şəhərə günorta yeməyi üçün geri döndük. İndi mən hiss edirəm ki, Azərbaycan dili ilə məndə xüsusi bir bağlılıq var. Azərbaycan dili və Fars köklərinə görə Hind dilinin çox ortaq sözləri var və mən yol boyunca Kamalı bu ortaq sözlərlə heyrətləndirdim. Geri dönərkən biz sizin hərbi sursatlara və vertolyotlara toxuna biləcəyiniz hərbi muzeyi gəzmək üçün dayandıq. Biz eyni zamanda sizin kitab oxuyarkən dadlı sandviçlər və meyvə suları dadacağınız Kitab kafedə oturduq. Növbəti dayanacağımız Sovet dövründən qalma duz mədənlərinin olduğu və indi çox baxımlı bir otelə və müalicə mərkəzinə çevrilən Duzdağ idi. Aşkarlanmışdır ki, bura bronxit və astma xəstəliyi üçün ciddi müalicəvi effektə malikdir. Mənə elə gəlir ki, burda qalmaq turistlər üçün bənzərsiz bir şeydir. Mənim üçünsə bu növbəti səfərdə edəcəyim bir şeydir.



Sakitləşdirici duz mədənlərinin olduğu tüneldə gəzdikdən sonra, biz UNESCO-nun mədəni irs siyahısında olan Qarabağlar türbəsinin yerləşdiyi Qarabağlar kəndinə getməyə qərar verdik. Türbə naxışların yerləşdiyi müxtəlif rənglərdən ibarət xalçalarla örtülmüş üzə malik möhtəşəm bir memarlıq nümunəsidir. Firuzəyi şirli və sadə kərpicdən ibarət olan kombinasiya şəbəkəsi, Qurani-Kərimin təkrarlanan yazıları ilə dolu bir küncdə qoyulmuş bir kitabəni doldurur. Mavzoleyin gözəlliyini seyr etdikdən sonra, biz şəhərə qayıtdıq və Kamal məni şəhərin tarixi və qədim dünyanın cazibəsi ilə baş-başa qoydu. Gözəl hökumət binalarından Mömünə xatun mavzoleyinə (hansı ki milli türbə hesab edilir), Naxçıvanqaladan Nuhun möhtəşəm türbəsinə, Sovetlər dövründən qalan binalardan sizin çay içə və dostlarınızla söhbət edə biləcəyiniz yerli hamamlara.. Naxçıvanın küçələri genişdir və təmirlidir, beləliklə şəhərdə gəzmək elə özü zövqlü bir şeydir. Bu zaman bizim yemək üçün iştahımız artmışdı və mən Naxış Nərgiz adlı yerli bir restorana getdim. Biz içalat, lülə və tikə kabablar yedik, və təzə bitkilərdən bişirilmiş qutab yedik. Burda yemək demək olar ki, Azərbaycanın digər yerlərindən dörd dəfə ucuzdur və uyğundur. 



Otelə yeriyərək döndükdən sonra, artıq gecə idi. Növbəti gün biz Azərbaycanın Macchu Pichusu olaraq bilinən Əlincə Qalasına çıxmalıydıq. Erkən yola düşmək lazım idi və beləliklə günəş çıxmazdan əvvəl 1600 addım yuxarı çıxıla bilərdi. Qalanın üzərindəki mənzərə hər bir çətinliyə dəyər və biz qarşımızdakı İlandağın möhtəşəm görüntüsünü seyr edərək söhbət etdik. Əlincədən İran sərhədində olan Culfaya doğru hərəkət etdik. Biz çəhrayı daşdan tikilmiş Gülüstan türbəsinin yerləşdiyi Gülüstan kəndini ziyarət etdik. Siz buradan İranı görə bilərsiniz. Səmimi və gülümsəyərkən qızıl dişləri görünən, yaşlı nəslin nümayəndəsi olan türbənin gözətçisi ilə bir az söhbət etdik. Geri dönərkən biz İrandan gələn qatarın dayandığı qədim qatar stansiyasında dayandıq. Burada mən həyatımda yediyim ən dadlı şaftalıları daddım. Naxçıvanın təbii olaraq yetişdirilən - xüsusilə meyvələr - böyük kənd təsərrüfatı istehsalı var. Biz burdan Ordubada doğru getməyə başladıq və günorta yeməyi üçün yolumuzun üstündəki bir yerli evdə dayandıq. Mənə dedilər ki, mən burda yemək üçün dayanan ilk turistəm. Mənə qarşı çox isti münasibətləri var idi və qonaqpərvər idilər. Orda, qısaca desək, təzə meyvə tərəvəz, pendir və turşu yedim, ancaq mənim üçün çox dəyərli olan isə orda yediyim Maça və Bozpört adlanan və çox dadlı olan ekzotik yeməklər idi.



Kamalın ailəsi məni Azadkənddəki evlərinə dəvət etdilər. Onlar mənə qarşı çox diqqət göstərdilər, hansı ki mənə Naxçıvanlı ailələrin qonaqpərvərliyini və mədəniyyətini, ənənələrini hiss elətdirdi. Onlar mənə dadlı dolma ikram etdilər və biz eyi zamanda Bolivud haqqında bir xeyli söhbət etdik. Belə görünür ki Naxçıvanlılar Bolivudu çox sevir. Kənddə bir az gəzib təmiz hava aldıqdan sonra biz Darıdağ müalicə mərkəzinə getdik. Darıdağ dünyada çox nadir yerlərdən biridir ki, burda arsenli isti su ilə bir çox xəstəliklər müalicə edilir. Mən gecə şəhərə qayıtmazdan əvvəl 15 dəqiqə bu şəfalı suda islandım. Mən Naxçıvanın həm bu qədər toxunulmaz qaldığına, eyni zamanda belə modern görünüşünə görə çox heyrətləndim. Blokadada olub, eyni zamanda çox istiqanlı olmaq. İnsanlar çox səmimi və sevgi ilə doludur, dost qazanmaq bir gülümsəmə kimidir. Mən bura bir paranoyak səyahətçi kimi gəldim, amma çox gözəl xatirələr və ürəyimdə sevgi ilə döndüm. Mən qısa zamanda Naxçıvana geri dönməyi və Naxçıvanı möhtəşəm insanların yaşadığı diyar olaraq öz potensialı ilə dünyaya tanıtmağa kömək etməyi düşünürəm.









Debarchan Biswas
Naxçıvan, 2019 sentyabr
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az