Növbəti tender müəmması: yayın cırhacırında "bahar satınalması"...

Növbəti tender müəmması: yayın cırhacırında

Azərbaycanda keçirilən dövlət satınalmaları mütəmadi olaraq ictimaiyyətdə müzakirə  və mübahisə mövzusuna çevrilir. Bu, tenderləri udan şirkətlərdən tutmuş satınalmaların məbləğinədək bir çox səbəbdən qaynaqlanır. 

Qaynarinfo-nun məlumatına görə isə bir neçə gün əvvəl ölkəmizdə daha bir maraqlı satınalma baş tutub. 

Belə ki, Dənizkənarı Bulvar İdarəsinin Dövlət Bayrağı Muzeyi "Bulvara bahar gəlir, yaz gəlir" adlı tədbirin təşkili üçün tender elan edib. Avqustun 21-də baş tutan satınalmanın qalibi isə Əziz Fatehoviç Əzizov ad-soyadlı fərdi sahibkar olub. 

Düzdür, tenderin məbləği ölkədəki digər diqqətçəkən satınalmalarla müqayisədə kifayət qədər cüzi görünür – cəmi 10 min 420 manat.  
Ancaq bu tenderi maraqlı edən "bulvara baharın gəlişi" ilə bağlı nəzərdə tutulmuş tədbirin satınalmasının ilin-hünün bu vaxtı – yayın qızmar çağında, avqust ayında keçirilməsidir. 
Üstəlik, "nəzərdə tutulmuş" ifadəsi də "havada qalır"; çünki dəqiq məlum olmur ki, həmin satınalma ötən baharda keçirilən tədbirin satınalmasıdır, yoxsa növbəti baharda keçiriləcək tədbirin? 

Hər bir halda sual yaranır: artıq keçirilmiş tədbir üçün satınalma niyə aylar sonra baş tutur, ya da hələ  7 ay sonra keçiriləcək sıradan bir bahar bayramı tədbiri üçün indidən tenderə nə gərək var?!

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az