Ordumuzun qarşısında titrəyən düşmən bu alçaqlığa da əl atdı - TƏXRİBAT

Ordumuzun qarşısında titrəyən düşmən bu alçaqlığa da əl atdı - TƏXRİBAT
Azərbaycan Ordusu erməni hərbi birləşmələrini darmadağın edir.
 
Miq.az xəbər verir ki, Ordumuzun güclü cavab atəşi nəticəsində Ermənistan ordusunda fərarilik artıb. 
 
Ermənistanın "planetaarmenia.ru” saytı yazır ki, aprelin 2-də gedən döyüşlər zamanı 300-dən çox düşmən əsgəri məhv edilib.  
 
"Hadrut (Füzuli) hospitalındakı etibarlı mənbə deyir ki, yüzlərlə yaralı gətirilib. İndiyə qədər 300-dən çox hərbi qulluqçu öldürülüb. Öldürülən arasında əsgərlərlə yanaşı, kiçik və böyük rütbəli zabitlər də var. Avtomobil, ağır zirehli texnika, həmçinin, artilleriya qurğuları da məhv edilib.  Qeyri-rəsmi məlumatlara görə, indiyə qədər 50-dən artıq hərbi texnika sıradan çıxıb. Əhali təşviş içində evlərini tərk edir. Qarabağ hökuməti (qondarma "DQR”) əhalinin evlərini tərk etməsinə maneələr yaradır. Gedənlər postlarda saxlanılır. Əsgərlər fərarilik edirlər. Hakimiyyətin və Qarabağ müharibəsi veteranlarının çağırışına baxmayaraq, gənclər orduya getmək istəmirlər. Onlar müxtəlif bəhanələrlə döyüşməkdən imtina edirlər” - deyə sayt yazıb.
 
Ermənistan hakimiyyəti itkilərinin sayını azaltsa da, bu ölkənin mediasında yayılan informasiyalar Azərbaycan Ordusunun düşməni məhv etdiyini sübut edir.
Müdafiə Nazirliyinin bu gün yaydığı rəsmi informasiyada isə qeyd olunur ki, düşmən yeni təxribatının qarşısı alınıb. Ordumuzun cavab atəşi nəticəsində 170 düşmən əsgəri məhv edilib. 
 
Ermənistan prezidentinin təcili şəkildə "güzəştə hazırıq” açıqlaması da hər şeydən xəbər verir. Ermənistan KİV-nin verdiyi məlumatda qeyd olunur ki, Serj Sarkisyan xarici ölkələrin diplomatik nümayəndəlikləri ilə keçirdiyi görüşdə səfirlərə yalvararaq, kömək diləyib.
Lakin qorxudan yalvaran düşmən və onun havadarları Azərbaycan Ordusu haqda təxribatçı informasiyalara əl ataraq, yanlış rəy formalaşdırmağa cəhdlər edirlər.
 
Rusiyanın "Lifenews” saytında yayılan informasiya da bu kontekstdə diqqət çəkir. Sayt absurd iddia irəli sürərək yazır ki, guya İŞİD üzvləri Azərbaycan tərəfindən döyüşür. 
İlk baxışdan yetərincə gülməli görünən bu informasiya əslində Azərbaycan Ordusu qarşısında aciz qalan düşmənin və onun havadarlarının riyakarlığını açıq şəkildə göstərir. 
 
Burada bir sıra məqamlar önə çıxır.
 
1. "Lifenews” saytı Azərbaycana qarşı təxribatçı informasiyalara əl atdığı ilk dəfə deyil. Bu sayt Rusiyada qatı ermənipərst mövqeyi ilə seçilir və indiyə qədər Azərbaycan haqda həqiqətə uyğun olmayan məlumatlar yaymağı ilə məşhurlaşıb. Saytın əməkdaşı Yelizaveta Xramtsovanın bu ilin yanvar ayında Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri və qondarma "DQR” haqda ağızdolusu reportaj hazırlaması da bunu sübut edir. Məlumatlara görə, bu saytın maliyyə mənbələri arasında Rusiyadakı erməni biznesmenlər də var. Bu baxımdan, belə bir saytın Azərbaycan Ordusu haqda doğru məlumat yayacağını gözləmək sadəlövhlük olardı.
 
2. Niyə İŞİD? Hesab etmək olar ki, ordumuzun qarşısında aciz qalan düşmən hazırda beynəlxalq ictimaiyyətin terror təşkilatı kimi tanıdğı İŞİD-i ortaya atmaqla öz xislətinə uyğun davranaraq, qaralama kampaniyası aparmağa cəhd edir. Azərbaycan əhalisinin 95 faizinin müsəlman olması onlara belə bir iddia irəli sürməyə "imkan yaradır”. Halbuki, Xocalı soyqırımı kimi tarixi faktlar Ermənistanın İŞİD səviyyəsində terrorist ölkə olduğunu göstərir. 
 
3. Əslində işğal etdiyi torpaqlardan çıxarılan Ermənistan ordumuzun güclü cavab atəşi qarşısında duruş gətirə bilmədiyi üçün psixoloji olaraq sarsıntı içindədir. Psixologiya elmində göstərilir ki, məğlubiyyət hissi ilə barışa bilməyənlər ən alçaq vasitələrə əl atmaqdan çəkinmir. Məğlubiyyəti həzm edə bilməyən Ermənistan və onun "Lifenews” kimi dəstəkçilərinin alçaq üsullara əl atması təəccüblü deyil.
 
Ən azı bu üç versiya düşmənin informasiya savaşında bütün vasitələrdən istifadə etdiyini təsdiqləyir. Azərbaycan isə nə alçaqlığa, nə də şərəfsizliyə əl atmayacaq. Biz haqlı mübarizəmizdə Ordurumuza inanırıq. O ordu ki, bu gün düşmən onun qarşısında tir-tir əsir.

Rövşən ATAKİŞİYEV

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az