Paşinyan “Havalandı”, yoxsa məğlubiyyətimizin SON NİDASI?

Paşinyan “Havalandı”, yoxsa məğlubiyyətimizin SON NİDASI?

Diplomatiyanın missiyası bir çox hallarda sülhə deyil, müharibəyə xidmət etməkdir ki, bunun təsdiqini Paşinyan göstərdi. Onun alovlu çıxışına Facebook statusları kükrədi. Milli məclisdə oturmaqdan kürsüsü surtulmuş vəkillərmiz bu gecə səhərə kimi yatmayaraq azərbaycan- dili lüğətinin siyasi terminlər bölümündən kəsərli söz axtarmağa başladılar. Paşinayanla indi hansı sözü güləşdirəcəklər bilmirəm. Eşitməyə belə təhəmmül etmədiyim "lazım”, "təmkin” sözlərinin məndə ikrah və allergiya yaratdığını önyarğım kimi qəbul edərdim. Amma… Etiraf edək ki, o "yüksək potensiallı, irəligörüşlü” taktiki ifadələrə rəğmən elə o tatamidə bir daha nakauta düşdük. 1992-ci ildən bu yana istər söz, istər siyasi meydanda məğlubiyyətmizin son nidası Paşinyandan gəldi. "Ermənistan özü belə Qarabağı tanımadığını”- bayraq etdiyiniz bir istinad nöqtəmizin (.) üstünə Paşinyan bir dayaq (!) sancıb, "bizim olanı niyə tanımalıyam ki?!" (!) nidasını qoydu. 

Bu günün yeni ifadəsi tolerantlıq olsun! Bu da adını kotan çəkməyən siyasi şərhçilərdən gəlsin.

Mən siyasətdən uzaq biriyəm, atam-qardaşlarım, anam-bacılarım! 

Siyasətdən uzaq görüşlərimlə Paşinyan Şuşada "Yallı” gedəndə bu tolerantlıqla itirdiklərimizin geri dönmə şansının yarısının onun ayağı altında əzildiyini dərk etmişdim.

Çeynəyib-çeynəyib söz çürütməyə xidmət edən zaman kəsiyində düşmən deməyə qorxub tolerant davrandığımız "qonşularımız” məsələni birbaşa çürütdülər. "Hələ cavab verəcəyik, hələ alacağıq, hələ orada 3 miyondan 1,5 milyonu qalmayıb” xülyasındasınızsa, Stepanakertdə (məni vətənpərvərsizlikdə qınayın Xankəndi yazmadığıma görə, amma mənim yazmamağımla bir şey dəyişəcəksə-müəll. T.V.) baş nazir Paşinyanın "Qarabağ-Ermənistandır, vəssalam” - dediyini laxlayan taxtını, aşağı düşən reytinqini qorumaq üçün işlətdiyi növbətçi ifadə sayırsınızsa, sayın! Qarabağdan Azərbaycan sərhədlərinə qədər çəkilən yollar şəhidlərə məzar olmuş dağlardan keçib lap ağzımıza dirənəndə də, özümüzü bunun əksinə inandıracaq acı gerçəkliyin üstünü basırıb bizi toxtatmağa yetəcəksə, yetsin! Amma bütün bunlar mənim anlamam və qəbullanmam üçün yetərsizdir! 

Anladığım Paşinyana torpağımızda o ifadəni işlətmək cəsarətini verməyimizdir! 

"Qarabağ dərdindən oxuma belə, ayrılığa gedən yoldu, Qarabağ”- naləsiylə ağlamaq da, "Bizimdir, Bizimdir, Qarabağ da bizimdir” havasıyla oynamaqla düşmənin havasını ala bilməyəndə...

Havam çatmır yazmağa daha. Durum dərd əlindən hansı dağa çıxım…

Tünzalə Vəliqızı, 
Moskva
07.08.2019




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az