Paşinyan-kilsə savaşı pik həddə: Rus mediası sirləri açdı

Paşinyan-kilsə savaşı pik həddə: Rus mediası sirləri açdı

Ermənistan hökumətinin ölkədə fövqəladə vəziyyət rejimini daha 30 gün uzatmasına rəğmən ermənilər Pasxa bayramı zamanı buna əməl etməkdən imtina edib.

Miq.Az xəbər verir ki, bu məlumat "Lenta.ru” saytının İrəvandan hazırladığı reportajda yer alıb. Məlumata görə, Pasxa bayramı zamanı kilsələrin bağlı olması belə özünütəcridlə bağlı qaydaların pozulmasının qarşısını almağa kifayət etməyib.

Sayt əhalinin belə hərəkətinin təkcə mentalitetlə bağlı yox, həm də koronavirusdan öz maraqları üçün istifadə etməyə çalışan kilsə və dövlətin addımlarıyla əlaqədar olduğunu bildirib. Belə ki, ölkədə bir sıra qurum və hətta sahibkarların belə koronavirusla əlaqədar məsuliyyətli davranmağına baxmayaraq, kilsənin baş verənləri görməzdən gələrək, hələ də kütləvi nikah mərasimlərinin keçirilməsinə izn verdiyi vurğulanıb:

"89% erməni özünü inanclı sayır, amma yalnız 10% şəxs həftədə bir dəfə kilsəni ziyarət edir. Digər tərəfdən, Ermənistanda infeksiyanın əsas ocağı ölkənin dini paytaxtı sayılan Eçmiədzin oldu. Məhz burada bütün ermənilərin katalikosu II Qareginin əsas iqamətgahı yerləşir. Bu şəhərdə 8 martda bir müddət öncə İtaliyadan qayıdan, öz simptomlarını gizlədən qadın nişan mərasimi zamanı qonaqları yoluxdurdu. Kilsə təkcə hakimiyyətin çağırışlarını nümayişkaranə şəkildə rədd etmədi, həm də dünyəvi hakimiyyətin dini hakimiyyət üçün əmr verə bilməyəcəyinə eyham vurdu”.

Qareginin hökumətin çağırışlarına cavab olaraq kilsələri bağlamaq yerinə özünün adamları vasitəsilə ona qarşı kəskin hücumlara başladığı vurğulanıb. Belə ki, kilsə hətta bir zamanlar Feysbukda "Allahsızlar” səhifəsinin koordinatoru olan Səhiyyə naziri Arsen Torosyanı hədəf alıb və onun kilsəni ləkələmək üçün koronavirusdan bəhanə kimi istifadə etdiyi qeyd edilib.

Torosyan isə ittihamlara səssiz qalmayıb və kilsəyə bir sıra ölkələrdə koronavirusun məhz dini rituallar ucbatından yayıldığına dair eyham vurub. Hökumət bundan sonra da kilsə ilə məxfi danışıqlar aparsa da, heç bir uğur əldə edə bilməyib.

Vəziyyətin nəzarətdən çıxmasından sonra Ermənistan Baş naziri Paşinyan sərt hərəkət edərək, ölkədə fövqəladə vəziyyət tətbiq edib və bütün toplantı yerlərinin, o cümlədən kilsələrin fəaliyyətinin tam dayandırılıb. Buna rəğmən kilsə hələ də təslim olmayıb və fəaliyyətini əvvəllər günah hesab edilən onlayn rejimə keçirib.

"Lenta.ru” əslində hökumətlə kilsə arasında yaşananların dinlə əlaqəsinin olmadığını bildirib. Belə ki, Paşinyanın hakimiyyətə gəlməsindən sonra hökumət kilsənin zənginliyinin səbəblərini araşdırmağa başlayıb, məktəblərdən dini yığışdırıb və ateistlər üçün dövlət vəzifələrini açıq elan edib. Hətta Eçmiədzinə belə ateist qadın rəhbər gətirilib ki, bu da kilsəni qəzəbləndirib:

"Koronavirus kilsəyə revanş üçün yaxşı bəhanə olub. Bütün dünyada həkimlər, virusoloqlar koronavirus tapmacası üzərində baş sındırdığı zaman Ermənistanda dindarların səyləri ilə buna "çarə” dərhal tapılıb. İnsanları virusun həddən artıq təhlükəli olmadığına, ondan iki kliklə (tıklama) azad olmağın mümkün olduğuna inandıra biliblər. Məsələn, erməni kilsələrindən birinin Feysbuk səhifəsində buxur tüstüsünün mikrobların havada, suda və orqanizmində artmasının qarşısını aldığı və bütün virusları məhv etdiyinə dair saxta elmi dezinformasiya paylaşılıb. Bunun mənasının nə olduğu aydındır. Erməni Apostol Kilsəsinin Ararat Yeparxiyasının rəsmi saytında buxurun təkcə kilsədən alınmasına dair tapşırıq var”.

Fövqəladə hal ölkədə kilsənin təbliğatını artırıb. Hətta vəziyyət o həddə çatıb ki, keşişlər koronavirusun ya psixoloji hal olduğunu, ya da Tanrının cəzası olduğunu təbliğ etməyə başlayıblar. Təbliğat o qədər yüksəlib ki, hətta sosial şəbəkələrdəki az baxışa sahib olan dini səhifələr də bir neçə dəfə yüksəlib. Bununla əlaqədar olaraq ölkədə dini xurafat həddən artıq artıb.

Məqalədə, həmçinin hökumətin də öz maraqları üçün koronavirusa ilk gündən əhəmiyyət vermədiyi bildirilir. Hətta Paşinyan əsl koronavirusun dövlət orqanizmini zəhərləyənlər olduğunu deyərək, öz hakimiyyətini gücləndirmək üçün israrla referendum təşviqatını aparıb. Fevralın 26-da Səhiyyə naziri Arsen Torosyan belə koronavirusun ciddi bir şey olmadığını söyləyib. Amma epidemiya özünü çox gözlətməyib və bir neçə gün sonra koronavirusa qeyri-ciddi yanaşan hakimiyyət mövqeyini 180 dərəcə dəyişməyə məcbur olub.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az