Paşinyan Qarabağdakı erməniləri “sülhə” çağırdı

Paşinyan Qarabağdakı erməniləri “sülhə” çağırdı
Dağlıq Qarabağdakı separatçı rejim liderlərinin İrəvandan yardım istəməsi öz nəticəsini verib. Ermənistanın baş naziri Nikol Paşinyanın çağırışı ilə Xankəndindəki etiraz aksiyaları müvəqqəti dayandırılıb. 
 
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, Nikol Paşinyan "Facebook" səhifəsində canlı yayıma çıxaraq, Qarabağdakı ermənilərə müraciət edib, aksiyaları dayandırmağı və separatçıların lideri Bako Saakyana əldə olunmuş razılaşmaları yerinə yetirmək üçün vaxt verməyi tapşırıb. 

Həmçinin vurğulayıb ki, Qarabağda baş verənləri diqqətlə izləyir və Bako Saakyanla mütəmadi əlaqə saxlayır. 

"Şübhə yoxdur ki, xüsusi xidmət orqanları nümayəndələrinin davranışı narahatlıq doğurur. Bu vəziyyətin konkret həlli olmalı və müvafiq nəticələr əldə edilməlidir. İndi elə mərhələdir ki, etirazçılar Saakyana əldə olunmuş razılaşamaları yerinə yetirməyə imkan verməlidilər. Amma hazırda mitinqlər buna mane olur. İndi topu Qarabağ "hakimiyyətinin” meydanında saxlamaq düzgün olardı, əgər məsələ əldə olunmuş razılıqlar çərçivəsində həll edilməsə, siz topu yenidən öz meydanınıza keçirə bilərsiniz... Mənim sizə qardaş çağırışım budur - aksiyalara son qoyun və ya onları dayandırın ki, "hakimiyyət” etirazçılarla əldə olunmuş razılıqları reallaşdıra bilsin” - deyə Paşinyan Xankəndindəki etirazçılara mesaj yollayıb. 

Nəticədə Xankəndində mitinqlərin koordinasiya komitəsi bəyanat yayaraq, Bako Saakyanla əldə olunan razılaşmaları və Ermənistanın baş naziri Nikol Paşinyanın çağırışını nəzərə alaraq etiraz aksiyalarını müvəqqəti dayandırdıqlarını bəyan ediblər. 



Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərlə MTX əməkdaşları arasında qarşıdurma yaşanıb. Xankəndində məişət zəminində baş verən insident böyüyərək kütləvi hal alıb. 

MTX əməkdaşları yerli ermənilərə çoxsaylı xəsarətlər yetiriblər. Yaralılar xəstəxanaya yerləşdirilib. Separatçı rejimin qanunsuz polisi isə baş verənlərə göz yumaraq heç bir müdaxilə etməyib və əksinə, döyülən yerli erməniləri həbs ediblər. Hadisə nəticəsində ümumilikdə 15 nəfər saxlanılıb. Bundan qəzəblənən ermənilər Xankəndi avtovağzalının yaxınlığındakı meydana toplaşaraq MTX əməkdaşlarının cəzalandırılmasını, bu xidmətin ümumiyyətlə ləğv edilməsini tələb ediblər. Aksiyaçıların fikrincə, Qarabağdakı erməni xüsusi təyinatlıları özbaşınalıqla, reketlə məşğuldurlar, qondarma rejimin cəza aparatı kimi fəaliyyət göstərirlər. Onlar yolu bağlayaraq saatlarla nəqliyyatın hərəkətini dayandırıblar. 

Vəziyyətin getdikcə gərginləşdiyini görərən separatçı rejimin nümayəndələri etirazçıları əmin etməyə çalışıblar ki, Bako Saakyan günahkarları cəzalandıracaq.Lakin aksiyaçılar dağılışmayıblar. İyunun 2-də separatçı rejimin başçısı Bako Saakyan etirazlarla əlaqədar təhlükəsizlik şurasının iclasını keçirib. Daha sonra isə o, etirazçıların nümayəndələrini qəbul edərək, onlara hadisənin araşdırılacağı və günahkarların cəzalandırılacağına söz verib. 
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az